Təhsil Xəbərləri

Natiq Qasımov haqqında məlumatlar

Natiq Qasımov öz adını Azərbaycan ilə yanaşı bütün dünyaya tanıtmağı bacarmış qəhrəmandır. Bəzi şəxsiyyətlər vardır ki, onlar qəhrəman olaraq doğulurlar. Natiq də onlardan biridir.

Azərbaycan saysız-hesabsız qəhrəmanların beşiyi, məskənidir. Ana yurdumuzun başı hər zaman bəlalı olub. Əvvəl ərəblər, sonra ruslar, daha sonra isə ermənilər bağrımızdan zorla bu torpaqdan qarış-qarış çəkib alıblar. Yaxın keçmişdə müsibət yaşayan ölkəmiz, həm də ağlasığmaz qəhrəmanlıqlar gördü. Bu qəhrəmanları tanımaq, tanıtmaq hər birimizin boynumuzun borcudur. Təhsil.com.az komandası olaraq misilsiz şücaət göstərmiş igidimiz Natiq Qasımovu gəlin birlikdə tanıyaq.

Natiq Qasımov… Bu ad cəsarətin, qorxmazlığın, məğrurluğun bir bədəndə toplanmış halıdır. Əsir götürüldüyü halda belə düşmənə bayrağı verməyən bu igid bircə foto ilə məşhurlaşdı. Kaş ki, Natiq sağ olaydı… Amma qarşımızdakı düşmən insanlıq hisslərindən məhrum vəhşi məxluqlar olduğundan bu cür igid oğulu ələ keçirdiyi halda sağ qoyardımı? Hər birimizin düşündüyü kimi qoymazdı, qoymadı da …

Natiq Qasımov kimdir?

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndindən anadan olub. Daha sonra ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçərək burada yaşayıb. O, Krasnoyarskda hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana yenidən geri qayıdıb. Həmin illərdə artıq I Qarabağ müharibəsi başlamışdı və Xocalı Soyqırımı törədilmişdi. Natiq televiziyada Xocalı ilə bağlı olanları eşidir, görür. O, məktub yazaraq ailəsindən gizli döyüş bölgəsinə yollanır. Vətəninə dərin könüldən bağlı olan bu gənc “Qarabağ Şahinləri” adlanan batalyona qoşuluraq torpaq uğrunda mübarizəsinin ilk addımlarını atır. O, Ağdam-Xankəndi istiqamətində döyüşlərdə iştirak edir, milsiz hünər göstərir.

“Qarabağ Şahinləri” batalyonunda 31 nəfər iştirak edirdi. 1992-ci ilin martın əvvəlində Ağdamın Xramort kəndindəki bir yüksəkliyi azad etmək batalyona tapşırılır. “Qaraba Şahinləri” tapşırığı yerinə yetirərək yüksəkliyi azad edir. Onlar qədim alban kilsəsində məskunlaşırlar. Lakin azğın ermənilər yenidən yüksəkliyi ələ keçirmək üçün hücuma keçir. Qanlı döyüşdə komandir və bir neçə nəfər şəhid olur. Kilsədə Natiq və 6 nəfər döyüş yoldaşı qalır. Döyüş zamanı 6 nəfər şəhid olsa da, Natiq sağ qalır. Lakin o təslim olmur. Var gücü ilə döyüşməyə davam edir. O, 5 gün müddətində ermənilərlə təkbaşına vuruşur. Qarı düşmən elə zənn edir ki, kilsədə bir böyük batalyon var. Məhz buna görə də qorxularından kilsəyə girmirlər. Onların içində döyüşə başçılıq edən Vitali Balasanyan əsir götürülən dil-ədəbiyyat müəllimi, məktəb direktoru olan Cəfər Cəfərovu tapıb kilsəyə yollayır ki, batalyon təslim olsun, əks halda əsir götürülən 22 nəfər güllələnəcək. Cəfər Cəfərov ağ bayrağı əlinə alaraq kilsəyə yollanır. O, Natiqlə söhbət etməyi bacarır və ona ermənilərin tələbini deyir.

Cəfər Cəfərov: “Dünən gecə ermənilər burada yox idi, niyə tərk etmədin, çıxıb getmədin oğul?

Natiq isə cavabında: “Komandir hər nə olur olsun, mövqeyimizi tərk etməməyimizi tapşırıb, ona söz vermişəm. Həm mən necə bu bayrağı burada qoyum gedib?” deyə ürək dağlayan cavabı verir.

Natiq 22 nəfər Xocalı sakinini azad etmək bahasına 5 günlük mübarizəsini heçə sayaraq təslim olur. Amma o, təslim olmadan qabaq kilsəyə sancılmış bayrağı da özü ilə götürür. Ermənilər kilsədən əlində bayraqla tək Natiqin çıxdığını gördükdə təəccüblənirlər. 5 gün boyunca tək bir insana qarşı vuruşduqlarına inanmaq istəmirlər. Bir neçə erməni kilsəyə daxil olur və axtarışa başlasa da, sonda Natiqlə vuruşduqlarını qəbul edərək məyus hala geri dönürlər. Bu orada döyüşən hər kəs üçün utancverici idi ki, günlərlə bir neçə batalyon tək bir nəfərə qalib gələ bilməmişdi. Bəli, Azərbaycan belə oğulların vətənidir. Bizim bir igidimiz minlərlə ermənidən üstündür.

Natiqin əsir götürülməsi ilə bağlı faktlar

Natiq əsir götürülən zaman Rusiyanın məşhur “Oqonyok”  jurnalının müxbiri Konstantin Smirnov və fotomüxbir Enriko Sarzini hadise yerinde olublar. Enriko Natiq əsir götürülən zaman onun şəklini çəkir. Daha sonra isə Natiqin dindirilməsində iştirak edərək orada da fotolar çəkməcəyi bacarır.

“Oqonyok”un 1992-ci il Aprel nömrəsində Natiqin əlində bayraq ilə  əsir götürüldüyü şəkli yayımlanır. Lakin bu fotodan sonra ondan bir xəbər alına bilmir. Çünki ermənilər Natiqi əsir götürdüklərini danır və beynəlxalq təşkilatlardan gizlədirlər.

2021-ci ildə Britaniyalı rejissor Karan Sinqh Natiqin ermənilərə əsir düşməsi ilə bağlı “Oğul” adlı sənədli film çəkir. O, 3 il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya, Rusiya kimi ölkələrdə olmuş, şahidlərlə tanış olaraq onlardan müsahibə götürmüşdür.

Sənədli film zamanı məlum olunmuşdur ki, Natiqin qatili Vitali Balasanyandır. Lakin müsahibə zamanı Vitali Natiqi tanımadığını, onun haqqında məlumatının olmadığını bildirir. Eyni zamanda ona təqdim olunan fotolarda özünü gördüyü halda, orada olmasını danır. Ancaq digər şahid ermənilər şəkillərdəki şəxsin Vitali olduğunu bildirirlər. Onların etirafları əsasında və fotoşəkillərdən məlum olur ki, Vitali Balasanyan şəxsən özü Natiqin dindirilməsində iştirak etmiş və onun ölüm əmrini özü vermişdir. Müsahibə götürülən şəxslərdən biri olan erməni əsgəri isə Natiqin doğranıldığını bildirmişdir.

Natiqin haqqında Cəfərov Cəfər müəllimin dedikləri:

“Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi”.

Natiq Qasımov haqqında çəkilmiş “Oğul” adlı sənədli filmini bu https://www.youtube.com/watch?v=zf7W_pztqzM linkdən izləyə bilərsiniz.

Natiq Qasımovun əsir götürülməsinə dair faktlar, şəkillər.

5/5 - (1 vote)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button