Koroglu haqqinda melumat saytımızda təqdim olunur. Ta uşaqlıqdan bu zamana qədər bizlərə xalq qəhrəmanı olan Koroğlu haqqıda çox sayda nağıllar, dastanlar danışılıb, bu qəhrəmana təriflər yağdırılıb. Hətta uşaqlıqdan bir çoxları Çənbelə getmək, onun kimi güclü olmaq xəyalına düşmüşdür. Bəs bizlər Koroğlunu tam olaraq tanıyırıqmı? Tehsil.com.az-da geniş şəkildə Koroglu haqqinda melumat verilir.
Koroğlu adlı qəhrəman türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir. Onun haqqında qoşulan rəvayətlər saysız-gesabsızdır. Bu rəvayətlərdən birində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır.
Koroğlu adının verilməsi də təsadüfi deyildir. Bu ad haqqında da müxtəlif fərziyyələr vardı. Belə ki, korluq anlayışı yalnız görməməyə deyil, görülməmələri də ehtiva edir. Qəhrəmanlar qorunmaq üçün görünməz olurlar. Korluq müdrikliyi işarəliyər. Müxtəlif bölgələrdə bəzən fərqli adlarla xatırlanan atası Alı (İslamdan sonra Əli) kişi olduğu deyilir. Bəzi mənbələrdə korluq tanrısı kimi də qeyd olunur. Kor sözü işıq demək olduğu kimi yer altı, dağ, torpaq kimi mənaları da mövcuddur. Bütün bunlar bir yerdə baxdıqda Koroğlu adı üç fərqli mənanı ifadə edilir.
- Gözləri kor olan (gözə ehtiyacı olmayan) adamın oğlu.
- Torpağın, dağın (məcazi məzarın, yəni, ölümün) oğlu.
- Korun, yəni, atəşin (müqəddəs gücün) oğlu
Koroğlu dastanında Koroğlu igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardandır. Koroğlunun yaşadığı yer Çənlibel qalasıdır. Müxtəıif yerlərdə Çənlibel qalaları vardır və XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı da çəkilir.
A.Təbrizlinin “Tarixlər kitabı” əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlu vuruşmalarındakı mərdlik və şücaətinə, kasıbların dostu, zülmkarların düşməni olduğundan xalq qəhrəmanına çevirmişdir. Təbii ki, Azərbaycanda belə qəhrəmanların sayı daha çoxdur. Cavanşir, Nəbi, Babək və s kimi xalq qəhrəmanlarımızı hər birimiz tanıyırıq.
Aşıq-şair Koroğlunun çoxlu şeirləri Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda qorunub saxlanır. Onlardan ən çox məşhur olanlarını təqdim edirik:
Çənlibeldə eli olan
Düşkün Koroğlu mənəm, mən.
Başında min dəli olan,
Düşkün Koroğlu mənəm, mən.
Mərdlik işlədib bir zaman,
Namərdə çəkdirdim aman,
İndi əlif qəddi kaman,
Düşkün Koroğlu mənəm, mən.
Laçın tək bərədə yatan,
Əmud vuran, şeşpər atan,
Yüz iyit qol-qola çatan,
Düşkün Koroğlu mənəm, mən.
Könlünün səməndin yoran,
Müxənnət boynunu vuran,
Mərdlər ilə dostluq quran,
Düşkün Koroğlu mənəm, mən.
Qoç Koroğlu görünməz şən,
Eyvazından ayrı düşən,
Qürbət eldə bağrı bişən,
Düşkün Koroğlu mənəm, mən.
Koroğlu kimdir, harada anadan olub?
Koroğlu dastanını çox güman ki, ölkəmizdə bilməyən yoxdur. Orta məktəb dərsliklərində qısa da olsa bu dastan haqqında məlumatlar verilir. Dastanda Koroğlunun kim olduğundan,onun etdiyi mübarizələrdən bəhs edilir.Koroğlunu atası Alı kişidir. Onun gözləri Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində olsa da qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırır. Dastanda Koroğlunun əsl adının Rövşən olması deyilir. Atası ölmədən əvvəl ona “Koroğlu” adını qoyur. Beəliklə Rövşən daha sonra bu adla çağrılmağa başlayır. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir.Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur. NigarKoroğlunun həyat yoldaşıdır. Koroğlu Nigar xanımı Türkiyənin şəhəri İstanbuldan qaçıraraq evlənmişdir. Lakin dastanda deyilənə görə onların övladları olmur. Koroğlu da Eyvazı övladlığa götürür. Beləliklə Eyvaz Koroğlu ilə Nigar xanımın oğlu olur. Koroğlu dastanı 17 qoldan ibarətdir. Bu arada tədqiqatçılar Koroğlunun tarixi şəxsiyyət olduğunu bildirirlər. Koroğlu Osmanlı imperiyasına qarşı mübarizə aparan Cəlalilər hərəkatının fəal üzvlərindən biri olmuşdur.
Eposun meydana gəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B. A. Karrıyevdir. Onun gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, Eliyas Muşeq, İvan Şopen, A. Xodzko, S. S. Penn,Övliya Çələbi, İ. Petruşevski, Arakel Təbrizi, H. Samuelyanın və başqalarının Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi sitatlar sonralar dərsliklərdə qeyd edilmişdir.
“Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. Azərbaycan və türkmən variantlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdi”. H. Samuelyanın bu qənaətlərinin Arakel Təbrizinin və Eliyas Muşeqin (XVIII əsr) şahidliyinə əsasən irəli sürüldüyünü bildirən alimə görə, bunlar eposun meydanagəlmə səbəblərini və yerini müəyyənləşdirən yeganə mənbələrdir. Arakel Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs açmış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğunu bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mahnıların çoxunun da Koroğlu tərəfindən qoşulduğunu vurğulayırdı. Arakel Təbrizi söyləyirdi ki, üsyankarlar özlərini “cəlalilər” (ərəb sözü “cəlal” – məşhur, şöhrətli, ölən yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və tərəfdarlarına qarşı amansızcasına vuruşurdular. O yazırdı: “Cəlalilər monarxa bütünlüklə tabe olmurdular; onların heç yerdə daimi yaşayış məskənləri yox idi, qabaqlarına nə çıxırdı, hamısını dağıdırdılar, haralara onlar haqqında heç bir məlumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır və yerdə qalan hər şeyi oda atırdılar”.
İlk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı “Tarix” kitabında Koroğlunun şəxsiyyəti haqqında məlumat vermişdir. Şəhərlərin kasıb əhalisinin və kənd camaatının üsyan qaldırmasından bəhs açarkən o göstərmişdir ki, üsyan başçılarının birinin adı Koroğludur. Övliya Çələbinin XVII yüzilliyə aid “Səyahətnamə”sində də Koroğlu cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri olduğu qeyd edilmişdir. Eləcə də, Cənubi Azərbaycanda yaşayan tacir Eliyas Muşeqin də məlumatları böyük maraq doğurur. Onun “Nəğmələr” adlı dəftəri bu haqda məlumat verir. Laink dəftər İran şahı tərəfindən əlindən alınmışdı. Bu topluda Koroğlu barədə 1721-ci ildə erməni əlifbası ilə yazıya alınmış 13 qəhrəmanlıq nəğməsi var. Həmin şerlər 1954-cü ildə İrəvanda , 1969-cu ildə Bakıda işıq üzü görmüşdü.
Onun qeydlərindən məlum olur ki, Koroğlu Osmanlı ölkəsinin dağ və meşələrində yaşamış qəhrəmandır. Başına topladığı çoxsaylı qaçaq atlılarla yollarda ağalıq etmiş, hərdən ötüb-keçən tacirləri basqınla soymuş, hərdən də özlərinin razılığı ilə onların pullarını əllərindən almışdır. Həmin götürülən pullar isə yoxsullara, ehtiyaclılara paylanıldığı deylir. Bu hadisələr iranlı şah Abbasın və türk sultanı Muradın hakimiyyətdə olduğu çağlarda baş vermişdir. Digər maraqlı tərəfi isə Eliyas Muşeq nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdilərək qısa, izahatedici mətnlərdə bildirir. Burada şeirlər də vardır.
Dastanın nüsxələri📓
Koroğlu dastanının bir neçə nüsxəsi vardır ki, onlar müxtəlif ölkələrin kitabxanalarında saxlanılır və mühafizə edilir.
- Cənub nüsxəsi
- Tiflis nüsxəsi
- Paris nüsxəsi
Cənub nüsxəsi. Tanınmış polyak şərqşünası, şair və dilmancı Aleksandr Xodzko Cənubi Azərbaycandan Avropaya apardığı “Koroğlu” dastanının əlyazmasını Hacı Mirzə İsgəndərin təşəbbüsü ilə ingilis dilinə çevirmiş və Londonda dərc etdirməklə (1842) eposun tarixində silinməz bir iz qoymuşdur.
Tiflis nüsxəsi. Gürcü L. G. Çlaidze Tiflisdəki Əlyazmalar İnstitutunda “Koroğlu” dastanının unikal nüsxəsini 1967ci ildə tapır. Tiflis nüsxəsi dastan nüsxələri içində ən qədimidir: nüsxədə su işarələri vardır ki, bu da əlyazmanın 1856-cı ildə yazılıdığına işarə edir. Mətnin quruluşu, stili və dilin özəlliklərinə əsasən isə 80–100 il əvvəl yazıldığını və 1856-ci ildə günümüzə gəlib çatmayan əlyazmadan köçürüldüyünü demək olar.
Paris nüsxəsi. Bu nüsxənin adı Aleksandr Xodzkonun adı ilə bağlıdır. A.Xodsko bu nüsxəni Cənubi Azərbaycandan Avropaya aparmış və dastanın 13 qolunu1842-ci ildə ingilis dilinə tərcümə etdirərək çap etdirmişdir.