Cümhuriyyət sözünün mənası nədir?
Söhbət əsnasında, kitabda və ya televiziyada əvvəllər eşitmədikləri sözlə qarşılaşanlar həmin sözün mənasını öyrənmək üçün axtarış sisteminə baş çəkirlər. Cümhuriyyət sözünün mənası da bu kontekstdə araşdırılanlar sırasındadır. Bəs cümhuriyyət sözünün mənşəyi nədir, cümhuriyyət sözünün neçə mənası var?
Cümhuriyyət sözünün mənası nədir
Dilimizə ərəb dilindən keçən cümhuriyyət sözünün kökü olan “cumhur” sözünün mənası “xalq”dır. Kəlmə, “Kamusi-Türki”də “xalq”, “cəmiyyət” və siyasi idarəetmə şəkli olaraq üç mənada açıqlanıb. Cümhuriyyət termininin yaranmasında ərəbcə “cumhur-xalq” əsas alınsa da, kəlmə fransızca republique qarşılığında türkcə “lıq/lik/lük” şəkilçisinın ərəbcə forması olan “iyyət” birləşməsindən yaranmışdır. Belə olan halda, kəlmənin dilimizdəki tam açıqlaması “xalqa aid, xalqla bağlı və xalqa məxsus” olub, XIX əsrdən əvvəl nadir hallarda Osmanlı rəsmi sənədlərində keçir.
Osmanlıca əsərlərdə termin Böyük Fransız inqilabından sonra daha geniş işlədilməyə başlandı. XIX əsrin ortalarından etibarən kəlmə türk dilinə xas bəzi ifadə formaları qazanaraq bəzi yeni terminlərin yaranmasına səbəb oldu. Belə terminlərdən biri də “cümhuriyyətçilik” idi. Osmanlı siyasi-fikir tarixində “cümhuriyyət” terminin və anlayışının memarları isə Namiq Kəmal və Əli Suavi qəbul edilir.
Yeni Osmanlıcılıq cərəyanının qabaqcılları olan bu iki maarifçi Şərq düşüncə sistemində “cümhuriyyət” üçün uzun və geniş hüquqi-tarixi təməllər axtarıblar. Osmanlıca və onun təsiri ilə Azərbaycan dilində görünən bu terminin latınca “res publica” sözündən yarandığı gizlədilmir. Bunu diqqətə alan müasir tədqiqatçılar cümhuriyyət üçün kökləri Platona qədər uzanan geniş bir fikir şəcərəsi yaradırlar. Halbuki, Qərb düşüncə sistemində, günümüzdə işlədildiyi şəkli ilə terminin banisi Palazzodur.
1606-ci ildə Palazzo tərəfindən qələmə alınan, 1611-ci ildə fransızcaya tərcümə olunan “İdarə və həqiqi dövlət ağlı haqqında nitq” əsərində “cümhuriyyət” anlayışı “dövlət ağlı”nın (ratio status) ən mükəmməl idarəetmə forması olaraq şərh edilib.