Arbitraj nədir?
Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biri Arbitrajdır. Mübahisələrin alternativ həlli üsulu dedikdə mübahisələrin məhkəməyə qədər həlli üçün digər vasitələrdən istifadə edilməsi başa düşülür. Mübahisələrin alternativ həllinin (Alternative Dispute Resolution – ADR) əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilib. Bəzən arbitraj məhkəmə sisteminin bir hissəsi və ya bir instansiyası kimi yanlış başa düşülə bilər, lakin belə deyil. Mübahisələrinin arbitrajda həll edilməsinə qərar verən tərəflər istənilən məhkəmə sistemindən kənar işə baxılmasına dair qərar verirlər.
Arbitraj nədir?
Müqavilə tərəfləri qanunvericilik çərçivəsində onların arasında mübahisə yarandığı təqdirdə həmin mübahisənin hansı üsulla həll edilməsini razılaşdıra bilərlər. Arbitraj üsulu da, adətən, bu yolla seçilir.
Müasir dünyada, xüsusən, beynəlxalq investisiya və kommersiya münasibətlərinin genişlənməsi səbəbindən arbitrajın əhəmiyyəti artıq . Beynəlxalq arbitrajın əsas elementləri aşağıdakılardır:
- Mübahisəyə arbitrajda baxılmasına dair razılaşma;
- Mübahisə səbəbi;
- Arbitrajın başlanğıcı;
- Arbitraj prosesləri;
- Arbitraj qərarı;
- Qərarın icrası.
Arbitraj nə üçün lazımdır?
Arbitrajın mübahisənin həlli üsulu kimi seçilməsinin öz səbəbləri var:
• Bir tərəf digər tərəfin aid olduğu dövlətin yurisdiksiyasının subyekti olmaq istəmir. Hər bir tərəf çəkinə bilər ki, mübahisənin hər hansı tərəfin ölkəsində baxılması həmin tərəf üçün üstünlük yaradar. Bir sözlə arbitraj işə daha neytral baxılmasına şərait yaradır.
• Arbitrajda tərəflərin mübahisələndirdiyi işə daha qısa zaman ərzində baxılır. Arbitrajda yalnız mübahisələndirilən işə baxıldıdığı üçün sanki bir instansiyalı məhkəmə kimi nəzərdən keçirilə bilər. Arbitrajın cəlbedici tərəflərindən biri kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər üçün də mübahisəyə qısa zaman kəsiyində baxılması və qərar çıxarılmasıdır. Çünki zaman kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər üçün iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Beləliklə, biznes fəalliyyəti ilə məşğul olan şəxslər mübahisələrini qısa zaman ərzində həll etdikdən sonra öz fəaliyyətlərini operativ şəkildə davam etdirirlər.
• Arbitrajın qərarlarının icrası məcburidir. Tərəflər əvvəlcədən qərarların icrasının məcburi xarakter daşıması ilə bağlı öz üzərilərinə öhdəlik götürürlər. Həmçinin burada dövlətin məcburedici qüvvəsi də özünü göstərir. Bu baxımdan Xarici Arbitraj Qərarlarının İcrası və Tanınması haqqında Nyu-York Konvensiyasının rolu böyükdür. Bunu da qeyd etmək lazımdır ki, mübahisəyə arbitrajda baxılmasına dair razılaşmanı tərəflər özləri müəyyən etdiyindən həmin qərarın icra edilməməsi tərəflərin işgüzar nüfuzuna zərər vura bilər. Arbitraj qərarlarının dövlət məhkəmələrində mübahisələndirilməsinə nadir hallarda rast gəlinir.
• Arbitraj razılıq əsasında formalaşır və hər hansı dövlətin prosessual qanunvericiliyində müəyyən edilən formallıqlar, adətən, arbitrajda tətbiq edilmir. Yəni bu o, deməkdir ki, işə hansı şərtlər və hansı aspektdən yanaşılmasını tərəflər öz iradə ifadələrinə əsasən müəyyənləşdirirlər.
Arbitrajın qərarları mübahisəlidirmi?
Adətən, arbitrajın qərarı mübahisəli olmur . Arbitraj qərarının məhkəmədə mübahisələndirilməsinə arbitrlar tərəfindən faktlarda və ya hüququn tətbiqində səhvə yol verildiyi hallarda mümkündür. Bu hallar olmadıqda, qərar məhkəmə tərəfindən qüvvədə saxlanılır. Həmçinin , arbitrların səlahiyyəti də məhz tərəflərin razılaşmasında qeyd olunmuş şərtlərlə məhdudlaşır. Hətta əgər müqavilədə arbitajla bağlı müddəa yoxdursa, mübahisə qaldırıldıqdan sonra bu barədə yeni saziş də bağlaya bilərlər.
Ümumiyyətlə, mübahisəyə arbitrajda baxılması barədə tərəflər arasında razılaşmanın iki forması vardır:
• gələcəkdə tərəflər arasında mübahisə yaranması halında mübahisənin arbitrajda həlli ilə bağlı tərəflər arasında bağlanmış müqavilədəki müvafiq müddəa ilə (bu, arbitration clause adlanır);
• mübahisə qaldırıldıqdan sonra tərəflər arasındakı müqavilədə müvafiq müddəa yoxdursa, mübahisəyə arbitrajda baxılması ilə bağlı xüsusi razılaşma (bu, submission agreement adlanır).
Beləliklə də, arbitraj tərəflərin razılaşması əsasında yaranırsa, onların arbitrların çıxardığı qərarı mübahisələndirməkdə nə qədər haqlı olması ritorik sual doğurur.