Təhsil Xəbərləri

Bilik gunune aid seirler📚

Bilik Günü Azərbaycanda yeni dərs günün başlandığı tarixdə qeyd olunur. 2004-cü ilə qədər bu gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmışdır. Bundan sonra isə 15 sentyabr Bilik Günü elan edilmişdir.

Azərbaycanın xalq şairləri tərəfindən təhsilə, kitablara aid çox sayda şeirlər yazılmışdır. Hər il Bilik Günündə bu şeirlər şagirdlər tərəfindən məktəb tədbirlərində söylənilir.

Əzizi şagirdlər, sizi yeni dərs ilinin başlaması, Bilik Günü münasibətilə ürəkdən təbrik edirik! Uğurlarınız olsun!

Kitab şeiri (Bəxtiyar Vahabzadə)

Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar.

Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir.
Ata kimi sənə bəzən
Kitab doğru yol göstərir.

Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına
Nur çiləyir bu kitablar.

Məktəbə çağırış


Mənim bağım, baharım
Fikri işıqlı oğlum!
Məktəb zamanı gəldi ,
Dur, yaraşıqlı oğlum!
36
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım !
Gün çıxdı,sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
(nəqərat)
Oğul,oğul, amandır,
Çox yuxlamaq yamandır,
Çox yuxlamaq -şeytandan,
Tez durmaq -Allahdandır.
(nəqərat)
Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.
(nəqərat)
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
(nəqərat)
Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur ,məktəbə get ,oğlum,
Dəftər sənin rəfiqin.
(nəqərat)
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
37
Məktəbinin dəvamın.
(nəqərat)
Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrini bil elmü fəzlin,
Elmin yolunda can ver.
(nəqərat)

Kitabların anası şeiri (Zahid Xəlil)

Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.

Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.

Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.

Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.

Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.

A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.

Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.

Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!

Rafiq Yusifoğlu. Müəllim
Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.

O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.

Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.

Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…

Məktəbə get, dərs oxu şeiri (Abdulla Şaiq)

Ağıllı oğlum, oyan!
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu.
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.

Məktəb


Məktəbə ilk dəfə qədəm qoyanda,
“Ana” kəlməsini gətirdik dilə.
O bircə saniyə, o bircə anda,
Bir anda çevrildi düz 11 ilə.
Nə günlər keçirdik, nələr yaşadıq.
Əlimizdə olsa, heç ayrılmazdıq.
O məktəb bizlərə olmuşdu ana.
Biz də o ananın övladlarıydıq.
Son zəng çalınacaq, səda salacaq.
Sevincin yerini qüssə alacaq.
Hər bir kəs dağılıb getdikdən sonra.
Bir insan bir şəxsə həsrət qalacaq.
Qəlbimdə nə qədər sözüm var mənim,
O qədər sevincim, qəmim var mənim,
Bu sözü deməyi bacarmır dilim,
“Əlvida”, “əlvida”, orta məktəbim!
Bu da son cümlədir, bu da son sətir,
Məktəb macəramız sonamı, yetir?
Nə olar əl saxla, vurma bu zəngi,
Bu gün çox qəmlidi onun ahəngi.

Birinci dərsdə


Birinci sinif üçün,
Birinci dərsdi bu gün.
Gülərüzlü uşaqlar,
Baxırdı sevinc ilə.
Elə bil ki, burada
Qarışmışdı gül-gülə.
Müəllim uşaqları,
Süzüb dedi: -Balalar,
Birinci dərs günündə
Belə bir qaydamız var.
Əvvəl tanış oluruq,
Şagirdlər ilə bir-bir,
Kimsə, mahnı oxuyur,
Kimsə də, şeir deyir.
Müəllim də tanıyır
Uşaqları bu gündən.
Utanmayın, indisə,
Sizi dinləyirəm mən.
Müəllim susan kimi,
Sakitlik oldu bir az.
Sonra qalxıb yerindən,
Şeir söylədi Gülyaz.
Qız, oğlan növbə ilə
Bir-bir ayağa durdu.
Coşdu körpə ürəklər,
Min bir sevinclə vurdu.
Arxadakı partaya,
Elə ki, çatdı növbə,
Bantına əl gəzdirib.
32
Qalxdı balaca Töhfə.
O, “Kukla” mahnısını,
Oxudu incə səslə.
Hamı susub bu qıza,
Qulaq asdı həvəslə.
Bu anda ön cərgədən
Gəldi ağlamaq səsi.
Dondu dodaqlarında
Qızcığazın nəğməsi.
Hamı boylanıb baxdı.
Gülərin partasına,
Pıçıldaşdı uşaqlar:
Görən nə olmuş ona?
Qıvrımsaçlı bu qızın
Başına çəkib əlin.
Onu bir ata kimi,
Oxşadı gənc müəllim.
O, mehriban-mehriban
Soruşdu: – Qəşəng qızım,
Hamı danışıb, gülür
Ağlamaq nəyə lazım?
Gülərin gözyaşları,
Yanağına sürüşdü…
Dedi: – Nə edim axı,
Kuklam yadıma düşdü.

Müəllim


Müəllim, qayğınla böyüyür insan,
Sən əqlə, kamala qanad verirsən.
Ana dilimizin gur bulağından,
Körpə balalara su içirirsən,
Daşda naxış açan memara bir bax,
Bu sənət heç kəsə gəlməsin asan.
Gör sənin sənətin necə çətindir.
Canlı beyinlərdə naxış açırsan.
Alim kəşf eyləyir, yazır, müttəsil,
Sənin də bunlarda var alın tərin.
Sən də yaradansan, kitablar deyil,
Alimin özüdür sənin əsərin.

Görüşünə gəlmişəm


İlk ustadım- müəllimim!
Yenə sənin görüşünə gəlmişəm mən,
Gəlmişəm ki, yenə sənin
Qabağında şagird olum, boynu bükük,
Gəlmişəm ki, yenə səndən xəbər alım
Şeir nədir! Şair kimdir!
Deyəsən ki, niyə şair müqəddəsdir,
Niyə şeir bir tilsimdir.
Gəlmişəm ki, o müqəddəs
İlkinliyə uyum bir də.
Uzaq illər arxasından gözəlliyin
Gül ətrini duyum bir də.
Gözüm yazı lövhəsində,
Könlüm şeir həvəsində
Mən xəyala dalım yenə.
O uşaqlıq günlərindən
Bu ahıllıq illərinə
Bir cığır da salım yenə.
Gəlmişəm ki,
Təbaşirli əllərindən
Toz ələnən saçlarına
Baxım bir də.
“Qığılcımdan alov doğar!”- dedikcə sən
Zülmətlərin ağuşunda
Şimşək olub çaxım bir də.
Yadımdadır pəncərəsi
Günə baxan bapbalaca sinifimiz…
O sinifdən başlamışıq
Bu dünyanı sevməyə biz.

Həqiqətdən danışdıqca
Həqiqətin şöləsinə
Bənzəyirdin sən özün də,
Yüz günəşin nuru vardı hər sözündə.
Danışardın haqqın yolu
Niyə belə çətin olur.
Haq-həqiqət əsgərləri
Dönməz olur, mətin olur!
Öyrət mənə!
Öyrət yenə!
Həqiqətə gedən yolun hər sirrini!..
Bütün dünya şairləri bundan yazır
İlk şeirini son şeirini.
Öyrət mənə! Qoy ilhamım
Məni heç vaxt xar etməsin el yanında.
Həqiqətdən söz düşəndə
Haq sözümü deyim mən də
Bu aşkarlıq zamanında.

İlk müəllimim


Hara getsəm mənim ilk müəllimim,
Əziz adın bir an düşməz dilimdəm.
“Ana”, “Vətən” – kəlməsini ilk dəfə
Yazdırmısan sən tutaraq əlimdən.
Nəqərat:
Dərs deyərək, çəkmisən
Zəhmətimi bahar, qış.
O gümüşü saçların
Bəlkə ondan ağarmış?!.
35
Xəyalımdan çıxmaz bir an nəzərin,
Üstümdədir sanki yenə gözlərin.
Geniş həyat yollarında hər dəfə
Qollarıma qüvvət vermiş sözlərin.
Nəqərat:
Neçə məktəb qurtarsam da əgər mən,
İlk müəllim – yenə sənsən, yenə sən!
Mən hörmətlə çəkəcəyəm adını,
Yaşım ötsə, saçıma da düşsə dən…
Musiqisi Rəşid Şəfəqin, sözləri Aslan Aslanovundur


4.8/5 - (82 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button