İnşalarKimdir?

Cavansir haqqinda melumat

Cavansir haqqinda melumat saytımızda təqdim olunur. Bilindiyi kimi Albaniyalı Cavanşir və yaxud Varaz Qriqor oğlu Cavanşir  Qafqaz Albaniyasının hökmdarlarından biridir. O, həm də Mehranilər sülaləsinin ən parlaq nümayəndəsi olmuşdur. Cavanşirin hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.

VII əsrdə Qafqaz Albaniyası öz ağır günlərini yaşayırdı. Çünki Cənubdan Sasani İranı, xristianlığı qəbul etmiş Qafqaz Albaniyasında zərdüştiliyi yenidən bərpa etmək istəyir, Qərbdən Bizans təzyiq göstərərək, Alban kilsəsini öz nəzarətinə almağa çalışır, şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atır, cənubdan isə ərəblər yürüş edirdilər. Göründüyü kimi Albaniyanın bu çətin dönəmində bir xilaskara ehtiyac vardı. Həmin xilaskar Cavanşir idi. Ərəblərlə son döyüşlərdə gənc alban şahzadəsi Mehrani Qriqor Varazın oğlu Cavanşir Sasanilərlə birgə döyüşə girir.

Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi.

628-ci ildə İranla Bizans arasında imzalanan sülh müqaviləsinə əsasən Ermənistan Bizansın, Albaniya isə yenə Sasanilərin tərkibində qaldı və Gürcüstan müstəqillik qazandı. İmperator İrakli öz qoşunu ilə Girdmana gəlir və Varaz Qriqora xristianlığı qəbul etdirdikdən sonra bütün ölkədə kilsələrin tikintisinə şərait yaradır. Gürcü xronikalarında bildirilir ki, imperator İrakli Varaza və “onun xalqına” xristianlığı qəbul etdirmişdi. İlk olaraq Mehranilər arasında Varaz bütün Albaniyanın knyazı tituluna layiq görülmüşdür.

Bizansla müharibə etdikdən sonra zəifləyən Sasanilər ərəblərin hücumu qarşısında çətinliklə dayanır. Ərəb işğalçıları ilə müharibədə Varaz Qriqorun oğlu Cavanşirin rəhbərliyi ilə Mehranilərin qoşunları da iştirak edir. Alban tarixçisi Moisey Kalankatlı verdiyi məlumata əsasən, Cavanşir ərəblərə qarşı 7 il öz dəstəsi ilə mübarizə aparmış, cəsur sərkədə olaraq ordunu idarə etmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtı Mədain yaxınlığında farslarla ərəblər arasında baş verən döyüş ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlik Sasani ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Kiçik fars ordusu bu döyüşdə məğlubiyyətə uğrayır, və beləliklə Cavanşirin dəstəsi ayrılıb Atropatenaya doğru çəkilir.

Tarixi salnamələr əldə etdiyimiz məlumatlara əsasən Cavanşirin bu döyüşdən sonra da bir neçə parlaq qələbə qazanır. İran şahənşahı Yezdəgerd Cavanşirin xüsusi xidmətlərini nəzərə alaraq, ona dəstəsinin önündə aparmaq üçün bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl suyuna çəkilmiş qalxanlar verir. Şahənşah Cavanşiri bütün qoşun başçılarından əziz tutur. Onu qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla mükafatlandırır. Cavanşir daha bir neçə döyüşdə iştirak edəndən sonra anlayır ki, Sasanilərin hökmranlığına çox qalmır və elə həmin il vətəninə qayıdır. Düz yeddi il Cavanşir bu ağır döyüşlərdə iştirak edir. İki ağır yara alandan sonra onlarla vidalaşır”. Bir müddət sonra isə əvvəlki Alban çarlarının müstəqil dövlətlərini yada salaraq, o öz ölkəsini heç kəsə tabe etdirməmək fikrinə düşür.

Sasani qoşunları 639-cu ildə ərəblər tərəfindən məğlub edildikdən sonra onun ölkəsinə girmək istəyəndə Cavanşir gürcülər və Sünik (Zəngəzur) vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə girir. Tarixdə onun bu döyüşdə göstərdiyi igidlik belə qeyd edilir: “O məşhur qoşun başçısı Qeqmazini şəxsən məğlub etdi, özü və qoşunu əllərində qılınc farslarda dəhşətli bir vahimə doğurdular. Onlardan xeyli əsir, at, qatır başqa qənimətlər aldılar. Dağlarda qarşılaşdıqda da qələbə yenə ona qismət oldu”. Onlar hiylə işlədib, Cavanşirin qohumlarını əsir alır və yenə Albaniyanın hüdudlarına soxulurlar. Sonunda, Cavanşir onlar üzərindəqəti qələbə çaldı. Daha sonra Cavanşir Sünik knyazının qızı ilə evlənir, amma Albaniyanın müstəqilliyini uzun müddət əldə saxlamaq Cavanşirə nəsib olmadı.

654-cü ildə ərəblər xəlifə Osmanın sərkərdəsi Salmai ibi-Rəbiənin başçılığı ilə Albaniyaya soxulurlar. Onların bəzi dəstələri hətta Qəbələ, Şəki və Dərbəndə qədər irəliləyir. Dərbənddə xəzərlər onların yolunu kəsirlər. Ərəblər Dərbəndin hüdudlarından çıxarkən yerli əhali şəhərin darvazalarını bağlayır xəzər xaqanı isə onları öz süvari dəstələri ilə qarşılayır. Beləliklə, dörd min ərəb döyüşçüsü öldürülür.

Ərəblərlə mübarizədə Bizansın zəifləməsi Cavanşirə tabelidən çıxmağa imkan verirdi. Beləliklə, 667-ci ildə Cavanşir xilafətin paytaxtına danışıqlara yola düşdüyü zaman Xəlifə onu adına layiq bir tərzdə təntənə ilə qarşılayır. Hətta rəsmənonu Albaniya knyazı kimi qəbul edir. Cavanşirin diplomatik bacarığı və şəxsi keyfiyyətləri onun tezliklə xəlifə ilə dostluq münasibətləri yaratmasına səbəb olur. Üç il sonra Cavanşir xəlifədən onun Bizans imperatoru ilə danışıqlarında vasitəçisi sifətilə Dəməşqə getmək təklifi alır və bu işin öhdəsindən uğurla gəlir. Xəlifə bu uğurdan sonra Cavanşirin Albaniyaya qoyulmuş vergilərin üçdə birini ixtisar etmək təklifinə razılıq verir. Eyni zamanda Sünik vilayətini Cavanşirin tabeçiliyinə verilir və xəlifə ondan Atropatenanın idarəsini də öz əlinə almağı xahiş edir. lakin Cavanşir sonuncu təklifə razı olmur. Cavanşirə ənənəvi sayılan silah və geyim ilə yanaşı fil və dənizin o tayından gətirilmiş danışan tutuquşular da hədiyə edilmişdi.

Azərbaycanın islamlaşması baxımından mühüm rol oynayan hadisələrdən biri də Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması oldu. Elə xristian meylli feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bununla bağlı idi.

Cavanşir həmin qəsd iştirakçılarından birinin ona vurması ilə ağır yaralanır və 681-ci ildə vəfat edir.

Cavanşir Azərbaycan tarixinə olduqca çətin şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş sərkərdə və dövlət xadimidir və ərəblər, xəzərlər, bizanslılarla qarşılıqlı münasibətlərində ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə yoluna qoymuş diplomat kimi daxil olub.

Cavanşir xüsusən özünün Xilafət və Bizansla münasibətləri sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görmüşdür. Güman edilir ki, Alban tarixçisi Moisey Kalankatlı “Alban tarixi” əsərini məhz Cavanşirin göstərişi ilə yazmışdır. Moisey Kalankatlı burada özündən əvvəlki tarixçilərin əsərlərindən başqa, ixtiyarına verilmiş saray arxivinin materiallarından da bol-bol istifadə etmişdir. Bu sənədlərə misal olaraq, Vaçaqanın yepiskoplara, Cavanşirin Bizans imperatoru Konstantinə, Konstantinin Cavanşirə məktublarını və saray şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ağını da göstərmək mümkündür. Dəvdək mərsiyəsinin sonunda deyir: “O, bizim üçün həqiqət dünyasının işığı idi. İlhamverici, sükançı idi — coşqun dalğaları ram edərdi — cəsur Cavanşir, düşmənin qaraküruhunu zəbun edən!”. Moisey Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və ölkənin çox şəhərlərində saray və məbədlər tikdirmişdi.

Cavanşirin ölümündən bir müddət sonra Qafqaz Albaniyası ərəblər tərəfindən ram olunur və onun əhalisinin əksəri İslamı qəbul edir. İslamlaşma prosesi dağlıq yerlərdə bir qədər uzun çəkir, Qarabağın dağlıq hissəsində xristianlığı qoruyub saxlamış əhali isə kilsə dili kimi erməni dilini mənimsəyir və zaman keçdikcə qismən erməniləşirlər.

3.3/5 - (56 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button