Gerb haqqinda melumat
Gerb haqqinda melumat ilə sizləri tanış edək. Hər birimiz bilirk ki, bir dövlətin tanınmasında onun atributlarının rolu çox vacib amillərdəndir. Bayraq, gerb, himn kimi atributlar dövlətin rəmzləri hesab olunur. Müstəqil Respublika olan Azərbaycanımızın hər 3 atributu mövcuddur. Onlardan biri olan gerb haqqinda melumat ilə sizləri tanış edək.
Azərbaycan Respublikasının müasir Dövlət gerbinin yaranması Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin də qəbul edilməsi üçün müsabiqə elan olunması ilə bağlı qərar qəbul edildi.
1991-ci il 5 fevral tarixli qərara görə Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edildi. Müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilməsinə qərar verildi.
Dövlət gerbindəki simvolların məna və funksiyaları
Azərbaycan Respublikasının gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə etmişdir. Qalxan qəhrəmanlıq simvoludur. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş simvolu ağ rənglidir. Bu rəngin mənası isə «əmin-amanlıq, sülhsevərlik, barış» deməkdir. Günəşin mərkəzində alov təsviri “Odlar Yurdu”nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (“Novruz” bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır. Sünbül isə “bolluq”, “bərəkətlik” rəmzi hesab olunur.
“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.
Dövlət gerbindən istifadə qaydaları isə “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli 516 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” ilə tənzimlənir. Həmin «Əsasnamə»yə 2 İyul 2002-ci il, 24 Dekabr 2004-cü il və 3 Mart 2006-cı il tarixlərində müəyyən əlavələr və dəyişikliklər edilmişdir.