Təhsil Xəbərləri

18 Oktyabra aid şeirlər

18 Oktyabra aid şeirlər saytımızda sizlər üçün təqdim olunur.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

MÜSTƏQİLLİK BAYRAMI


Müəllif: Solmaz Şirin

Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!
Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!
Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!
Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!
Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!

Odlar ölkəsi şeiri


Müəllif: Abdulla Şaiq.

Qəlbini ucaltmış göyə məşəl tək,
Bakıdır köksündə döyünən ürək.
Gülür gözlərində böyük gələcək.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi

Dostluğun eşqilə ucalırıq biz,
Gül açır, bar verir diləklərimiz.
Bir vurur hər zamanürəklərimiz
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi

Sevinclə ötüşür onun hər anı,
Dillərdə dolaşır şöhrəti, şanı
Zəfərlər ucaldır Azərbaycanı.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.

Azərbaycan şeiri


Müəllif: Səməd Vurğun.

Çox keçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan
Eşitmişəm uzaqlardan
Sakit axan arazları
Sınamışam dostu,yarı.

El bilir ki sən mənimsən
Yurdum yuvam məskənimsən
Anam,doğma vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan,Aərbaycan!

Dağlarının başı qardır
Ağ örpəyin buludlardır
Böyük bir keçmişin vardır
Bilinməyir yaşın sənin
Nələr çəkmiş başın sənin.

Bir tərəfin bəhri Xəzər
Yaşılbaş sonalar gəzər
Xəyalım dolanar gəzər
Gah muğanı gah eldarı
Mənzil uzaq ömür yarı.

Lənkəranın gülü rəng rəng
Yurdumuzun qızlarıtək
Dəmlə çayı tök ver görək,
Anamın dilbər gəlini
Yadlara açma əlini.

Min Qazaxda köhlən ata
Yalmanına yata yata
At qan tərə bata bata
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan göy gölə bax.

Könlüm keçir Q a r a b a ğ d a n
Gah bu dağdan, gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın xanın səsi
Q a r a b a ğ ı n şikəstəsi…

Gözəl vətən! Mənan dərin
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin
Sən günəşin qucağısan
Şeir sənət ocağısan.

Bir dön bizim Bakıya bax
Sahilləri çıraq çıraq
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə
İşıqlanır hər dağ dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək
Bizim Bakı, bizim ürək
İşıqdadır qüvvət sözü
Səhərlərin ülkər gözü.

Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən
Gülür torpaq gülür insan
Qoca şərqin qapısısan.

Dinlə məni,gözəl vətən!
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman,
Azərbaycan,Azərbaycan!!!

AZƏRBAYCAN YAŞAYIR


Müəllif:  Rafiq Yusifoğlu.

Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.
Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.
Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.
Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.

Azərbaycan deyəndə şeiri


Müəllif: Tofiq Bayram.

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şeir-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!

Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!

Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

YAŞA, VAR OL HƏR ZAMAN,
AZƏRBAYCANIM!


Müəllif: Mehti Kamiloğlu

Nəhayət, xilas oldun zülmət səmadan,
Ulu Öndər qurtardı səni bəladan,
Əmanətsən bugünə Heydər babadan
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Yaşayır o şərəfli, müdrik siyasət,
Pozulmayıb vətənə, xalqa sədaqət,
İnamlı əllərdəsən, güclüsən əlbət
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Göz dağıdır düşmənə Ramil tək igid,
Dastanıdır dillərin Mübariz, Fərid,
Uğrunda candan keçib, oldular şəhid
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Abadlaşır günbəgün sənin hər yerin,
Bəzəyidir hüsnünün mavi Xəzərin,
Gözəllikdə taysızdır paytaxt şəhərin
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Parlaq inkişafdadır incəsənətin,
Artırıbdır dünyada muğam şöhrətin,
Nüfuzlu yarışmalar olur qismətin
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Açılmış idmanınçün geniş bir cığır,
Zəfər sənə məxsusdur, sənindir uğur,
Yüksələndə bayrağın duyulur qürur
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Yaxınlaşmasın sənə qüssə, qəm – kədər,
Cavan müstəqilliyin görməsin zərər,
Gəlməsin ona heç vaxt kimsədən xətər
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Mənim bəxtiyar yurdum, şən diyarımsan,
Qəlbimin döyüntüsü, şah damarımsan,
Sən doğma məskənimsən, iftixarımsan
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Azərbaycanım şeiri


Müəllif: Mirvarid Dilbazi.

Torpağı-türbət
Suları-şərbət,
Günəşi məlhəm
Ayrılığı- qəm Azərbaycanım!

Aranı,dağı,
Tərlan oylağı,
Könlüm çırağı,
Qızılgül bağı Azərbaycanım!

Ana nəfəslim,
Qaranquş səslim,
Ellim, obalım,
Dağlar havalım Azərbaycanım!

Qızları dilbər,
Oğulları ər,
Odum,ocağım,
Ana qucağım
Qalsam həyatım,
Ölsəm torpağım Azərbaycanım!

“VƏTƏN MARŞI”


Müəllif:  Bəxtiyar Vahabzadə.

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.

Sən bu gül bayrağın altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.

Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni.

Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”

Azərbaycanım şeiri


Müəllif: Süleyman Rüstəm.

Qanımdır, canımdır Azərbaycanım,
Adımdır, sanımdır Azərbaycanım!
Uğrunda canından keçənlər olub,
Əcəl şərbətini içənlər olub,
Gözəl dünyamızdan köçənlər olub.
Oğullar itirib Azərbaycanım,
İgidlər yetirib Azərbaycanım!
Sonsuz məhəbbəti ürəyimdədir,
Qüvvəti dizimdə, biləyimdədir,
Torpağının ətri çörəyimdədir,
Belə bir dünyadır Azərbaycanım,
Həmişə bahardır Azərbaycanım!
Vicdanı bir ləkə götürməz onun,
Bağçası bir qanqal bitirməz onun.
Övladı dostluğu itirməz onun,
Həyat nəfəslidir Azərbaycanım,
İnqilab səslidir Azərbaycanım!
Hüsnünü qoruyan gözüm var mənim,
Dağında, daşında izim var mənim,
Zəfər kitabında sözüm var mənim,
Bütün varlığımdır Azərbaycanım,
Bəxtiyarlığımdır Azərbaycanım.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button