Konsentrasiya nedir
Konsentrasiya nədir deyildikdə, bu sözün qısaca açıqlamasını “fokuslanmaq” kimi demək olar. İnsan bir iş görərkən fikri-zikri başqa yerlərdə deyil, həmin gördüyü işdə olur. Bu konsentrasiyadır. Daha dəqiq desək, konsentrasiya, zehnin özünü daxili və xarici stimullara qarşı söndürmə qabiliyyəti və hazırkı nişanına cəmləşməsi və bu diqqəti davam etdirməsidir.
Konsentrasiya – diqqətin lazım olmayan şeylərdən daha lazımlı şeylərə yönləndirilməsi deməkdir.
Müəyyən illərdə insanlarda bu kimi problemlər daha az müşahidə edilirdi. Çünki beyin daha aydın, daha səlist çalışa bilirdi. Ancaq texnologiyanın inkişaf etməsi nəticəsində insanlar robotlaşmağa doğru addımladı. Bütün günü beyin lazımsız məlumatlarilə dolduruldu. Telefon və planşetlərdə, noutbuk və kompüterlərdə hər gün saysız-hesabsız məlumatlar oxuyuruq. Rəqəmsal dünya sayəsində ağılın xarici stimullara qapanması getdikcə çətinləşir və nəticədə uşaqlar və ya böyüklərdə konsentrasiyanın pozulmasına gətirib çıxarır. Gün ərzində saatlarca sosial şəbəkələrdə və platformalarda vaxt keçirmək bunun başlıca səbəbidir.
Diqqətimizi ən güclü və ən narahatedici şəkildə paylayan beynimizdir. Hər hansı bir işi görərkən düşüncələrimizin başqa istiqamətlərə sürüşməsi, bəlkə ağlımıza çox əhəmiyyətli fikirlərin gəlməsi qaçınılmazdır. Demək olar ki, bunu əksər insanlar gün ərzində yaşayır. Adi kitab oxumaqdan tut, yemək bişirdiyimizdə də.
Konsentrasiyanın pozulması insanlarda yorğunluğa, əsəbiliyə səbəb olur. Çünki bir işi gördüyümüz zaman beynimiz başqa işləri həll etdiyindən eyni anda 2 və daha artıq iş görmüş kimi oluruq. Nəticədə görülən işdən həzz almırıq, anda qala bilmirik və beynimizə güc düşür ki, bu da bizi yorur. Çox insandan yəqin ki, “heç nə etməsəm də yoruluram” ifadəsini eşidirik. Bunun əsas səbəbi konsentrasiyanın pozulmasıdır.
Konsentrasiya pozğunluğu nədir?
Konsentrasiya pozğunluğu şüurun stimullara davamlı reaksiya verməsi və o an üzərində cəmləşə bilməməsidir. Fokus pozğunluğu uşaqlar, gənclər və yaşlı insanlar kimi demək olar ki, hər yaş qrupundakı şəxslərdə baş verə bilər.
Konsentrasiyası pozulmuş insanlar aşağıdakı simptomlarla qarşılaşırlar:
- Oxumaqda çətinlik çəkmək,
- Unutqanlıq,
- Məsuliyyətini yerinə yetirərkən daima başqa şeylər haqqında düşünmək,
- Sosial vəziyyətlərdə detallara və fəaliyyətlərə əhəmiyyət verməmək yaxud uzun fasilələr vermək,
- Başqalarının sözünü kəsmək,
- Təlimatlara əməl etməmək və işlərini bitirə bilməmək, gecikdirmək,
- Düşüncələri toplaya bilməmək,
- Hər zaman özünə inamsızlıq və narahatlıq hiss edirəm
- İşindən tez bezmək.
Konsentrasiyanın pozulmasına hansı hallar səbəb olur
Fokus pozğunluğu haqqında yəqin ki, bir qədər məlumat əldə etmiş oldunuz. Bəs bu pozluğun yaranmasına hansı halların səbəb olduğunu bilmək istərdinizmi? Bunlara psixoloji, ekoloji və fiziki səbəbləri misal gətirmək olar.
Psixoloji səbəblər:
- Daimi qıcıqlanma, əsəbilik
- Depressiya
- Obsesiyalar
- Stress
Fiziki səbəblər:
- Əvvəlki dövrlərdə keçmiş xəstəliklər
- Qidalanma
- Vitamin və mineral çatışmazlığı
- Hipertoniya və diabet
- Bəzi dərmanların yan təsirləri
- Xroniki xəstəliklər
- Kifayət qədər su istehlak etmirəm
- Yuxu pozğunluğu
Ekoloji səbəblər:
- Xarici dünyadakı çətinliklər
- Siqaret çəkmək və ya tüstüyə məruz qalmaq
- Sosial münasibətlər pozğunluğu
- Çirkli hava
- Alkoqolun tez-tez istifadə edilməsi
Təlaşlanmağa ehtiyac yoxdur. Əgər sizdə bu problem varsa, bildirmək istəyirik ki, konsentrasiyanın pozulmasını müalicə etməyin bir çox yolu vardır. Əgər problem ciddirsə, o zaman dərmanla müalicə üsuluna keçirilir.