Təhsil Xəbərləri

Osmanlı imperiyası

Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu yarandı. İmperatorluğun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdu. (1299)

 Osman dövləti yaratdıqdan sonra sülaləyə, dövlətə, millətə, dilə öz adını verdi. Osman Qazinin əsas planlarından biri Bizansı tutmaq idi. İlk olaraq 1314-cü ildə Bursa qalasını mühasirəyə aldı. Qala 12 ildən sonra 1326-cı ildə təslim oldu. Onun mühasirəsində Osmanın oğlu Orxan daha fəallıq göstərmişdi. 1329-cu ildə  Osmanlı dövlətinin paytaxtı Bursa oldu. Bu qələbədən sonra Osmanlılar Mərmərə dənizinin Anadolu hissəsində həmişəlik möhkəmləndilər. Osmandan sonra hakimiyyətə gələn Orxan Qazi (1329 -1359) daha çox dövlət quruculuğu ilə məşğul oldu. Ölkənin ərazisini vilayət dairələrə böldü.

XIV əsrin 30-cu illərində Bizansın daxilində çəkişmələr başlandı. Bizans imperatoru kömək üçün Osmanlılara müraciət etdi.Bu zaman  Şahzadə Süleyman 20 min qoşunla serbləri məğlub etdi. Süleyman paşa 1354-cü ildə Gelibolunu və ətraf əraziləri ələ keçirdi. Beləliklə, Osmanlılar bu qələbədən sonra Balkanlarda əlverişli strateji mövqe qazandı.

       Osmanlı imperiyasının yaranması :

Hakimiyyətə Murad (1359-1389)  gələndən sonra dövləti xeyli möhkəmləndirdi. O, Osmanlı tarixində ilk dəfə «sultan» titulunu qəbul etdi. Murad Balkanlarda fəthləri davam etdirərək, 1361-ci ildə Ədirnəni, Şərqi Frakiyanın qonşu ərazilərini, Plovdiv, Sofiya, Şumen, Nis və digər şəhərləri ələ keçirdi. Ədirnə abadlaşdırıldı və paytaxt edildi. Bu zaman Balkanlarda üç böyük dövlətdən biri Bizans tamamilə zəifləmişdi, onun ərazisində ticarəti tamamilə ələ keçirmiş venesiyalılar və genuyalılar ağalıq edirdilər. 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan osmanlıların asılılığını qəbul etdi.

    Osmanlı imperatorluğunun daha da genişlənməsi:

1402 – ci il Ankara döyüşündə sultan İldırım Bəyazidlə Teymur arasında baş vermiş döyüşdə İldırım Bəyazid məğlub olur,iki oğlu i əsir düşür. Əmir Teymur onun oğullarını azad etdi. Bayazid isə əsirlikdə öldü. Osmanlı ərazisi Bayazidin dörd oğlu arasında bölüşdürüldü. Onlar arasında çəkişmələr başladı. 11 il davam edən bu dövr «səltənət fasiləsi» adlanırdı. Ankara döyüşü osmanlıları zəiflətdi, Avropanı təhlükədən qurtardı.

Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə osmanlıların əvvəlki qüdrəti bərpa edildi. Əmir Teymurun yürüşü zamanı Bizans tərəfindən tutulmuş Salonik 1430-cu ildə geri qaytarıldı. 1431-ci ildə Varna tutuldu. 1444-cü ildə sultan 14-yaşlı oğlu Mehmetin xeyrinə taxtadan əl çəkdi. Bundan istifadə edən Avropanın xristian dövlətləri osmanlılara qarşı 5-ci səlib yürüşünü təşkil etdilər.

Mehmet və saray adamlarının təkidi ilə III Murad yenidən qoşuna başçılıq etdi. 1444-cü ildə Varna yaxınlığında Yanos Hunyadinin başçılığı altında birləşmiş macar-çex qoşunları məğlub edildi. 1448-ci ildə ikinci Kosova döyüşündə də Yanos Hunyadinin səlibçiləri məğlubiyyətə uğradıldı.

II Muraddan sonra hakimiyyətə (1451-1481) keçən II Mehmet 1453-cü ilin yazında Konstantinopolu mühasirəyə aldı. Bu zaman tamamilə zəifləmiş Bizansda tez-tez saray çevrilişləri baş verir, ara müharibələri onu taqətdən salırdı. Artıq Bizans imperiyasının ərazisi yalnız Konstantinopolun ətraf torpaqlarından ibarət idi. Qalan torpaqlar türklərin əlində idi. Türk gəmiləri Qızıl buynuz limanına keçməli idi, lakin limana keçilən yolu ağır zəncirlərlə bağlanmışdı. Osmanlılar limana gedən quru yola taxta döşəyib üstünü yağladılar, gəmiləri sürüşdürə-sürüşdürə limana keçirdilər. Konstantinopol 53 günlük mühasirədən sonra 1453-cü il mayın 29-da fəth edildi. Bizans dövlətinin varlığı sona çatdı. Şəhərin adı dəyişdirilib İstanbul qoyuldu. II Mehmet «Fateh» ləqəbi qazandı. Osmanlılar Avropa ilə Asiya arasında ticarət yolunu ələ keçirdilər.

Osmanlı dövlətinin idarə sistemi. Vergi və mükəlləfiyyətlər:

Osmanlıların hərbi qüvvələrinin əsas hissəsini akınçı süvarilər və piyada yeniçərilər təşkil edirdi. Akınçılar hərbi müddət ərzində sultandan torpaq alırdılar. Amma  getdikcə bunlar böyük fəthlərin tələbinə cavab verə bilmədilər. İlk dəfə Osman qazi vəzir Əlaəddinin məsləhəti ilə muzdlu piyada və atlı qoşun hissələri təşkil edir. Orduda baş verən yeniliklərdən biri də yeniçəri adlanan qoşun növünün yaradılması oldu . Tutulan ölkələrdə kimsəsiz xristian uşaqları türk ailələrinə paylanır, onlar türk adət-ənənələrini öyrənir, islamı qəbul edir, bundan sonra isə xüsusi hərbi məktəblərdə hazırlanır, daha sonra isə yeniçəri korpusuna daxil olurdular.

Dövlət idarələri Orxanın dövründə formalaşdı. Ölkəni qeyri-məhdud hakimiyyətə malik sultan idarə edirdi. Sultandan sonra dövlətdə əsas vəzifə vəzir idi . Vəzir, möhürü saxlayır, siyasi işlərə müdaxilə edirdi. Vergilərin toplanması, bəylərbəyliklər, sancaqlıqlar vəzirə tabe idi. Ali məsləhət şurası rolunu oynayan Divan var idi. Maliyyə işlərinə dəftərdar baxırdı. Orxan  ölkənin ərazisink paşalıq və sancaqlıqlara bölmüşdü.

Osmanlı dövlətində torpaq sahibliyinin  dörd forması mövcud idi: 1) Dövlət torpaqları; 2) Sultan ailəsinə məxsus torpaqlar (xassə); 3) Vəqf torpaqları; 4) Mülk torpaqları. Bütün torpaqların sahibi sultan idi.

Muzdlu qoşuna əvvəl məvacib, sonra isə şərti kiçik mülklər olan timar verildi. Bundan başqa, 1375-ci ildə Sultan I Murad ziyamət adlanan şərti iri torpaq sahibliyi yaratdı.

Osmanlı imperiyasında vergi verən bütün əhali reaya adlanırdı. Kəndlilərdən torpaq və sudan istifadəyə görə vergi alınırdı . Müsəlman əhalisi aşar adlanan onda bir, müsəlman olmayanlar yaşından asılı olmayaraq adambaşına ispəncə adlı vergi verirdi. Müsəlman olmayanlar isə hərbi xidmətə çağrılmırdı.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button