Azərbaycan Dili

Əmr cümləsi

Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s.kimi mənalar ifadə edir : Ona əl vurma. Gərək mən kəndə gedim.

Əmr cümləsinin qrammatik göstəricisi feilin əmr şəklidir. Çünki əksər hallarda əmr cümləsinin  xəbəri feilin əmr şəklində olur.

Adi tonla tələffüz edilən əmr cümlələrinin sonunda nöqtə işarəsi qoyulur. Lakin əmr cümləsi yüksək tonla deyildikdə cümlənin sonunda nida işarəsi qoyulur  ki, bu zaman nida cümləsinə çevrilir. – Düzünü de!

Bəzən xəbəri feilin qeyri – qəti gələcək zamanında olan cümlələr əmr cümləsi ilə qarışdırılır. Məsələn : Bu qan yerdə qalmaz. Bu tipli cümlələr nəqli cümlə hesab edilir.

Əmr ədatları da əmr cümləsi yarada bilər: Di cavab ver. Bir mənə baxsan.

Əmr cümlələrinin sonunda nöqtə qoyulur.

Təbii ki , əmr cümləsini formalaşdıran əsas vasitə intonasiyadır. Amma burada digər vasitələrin – felin əmr formasının, əmr ədatlarının və əmr hökmündə işlədilən digər fel formalarının da öz  rolu vardır.

Əmr cümlələrində xəbər əksərən felin əmr formasında olur; məsələn.: Çalış artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. (İ.Hüseynov) Xahiş eləyək, köhnə, təcrübəli tədris mütəxəssisi kimi izah eləsin, başa salsın səni. (İ.Hüseynov) İcazə ver, sənnən elqızı kimi danışım, Məleykə bacı… Get burdan! Bir də ayağın dəyməsin Qonaqlıya. (İ.Hüseynov) Əsməsin hicranın qara yelləri, Çəkin Qarabağdan qara əlləri! (N.Xəzri) Qoy günəş dünyada ümidlə yansın. (N.Xəzri) Qorusun qoy bəşər öz qürurunu! (N.Xəzri) Baxsın gələcəyə hər nurlu düha, Qoy uçsun insanlıq məğrur sabaha. (N.Xəzri)

Felin digər formalarının əmr çalarında işlənməsi vasitəsilə ilə də əmr cümlələri yaranır.

Məs: Əmiyin evinə getməməlisən sən. Yaxşı olar ki, burdan birbaş gedəsən bizim Məsimgilə. Amma, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən gərək. Dözümlü olmalısan bu gün. Çox dözümlü! (İ.Hüseynov)

 Felin əmr forması ilə əmr ədatlarının birgə işlənməsi yolu ilə əmr cümləsi daha çox formalaşır:

Qoy qızların üzü gün kimi gülsün,
Kişinin üzündən mərdlik tökülsün. (S.Vurğun)


Di ver cavabını, nə durmusan, din! (S.Vurğun)

Qoy açılsın min bir çiçək,
Qızıl güldən ətir çəkək. (S.Vurğun)

Di gəl durnalara bir şer deyək. (S. Vurğun)

Bu cür ədatlar müstəqil əmr cümlələri yarada bilməsə də, müxtəlif məna incəliklərinin – təkid, tələb, xahiş, təəssüf və sairin güclənməsinə səbəb olur.

Əmr cümlələri həmçinin məsdərlərin köməyi ilə də formalaşır; məs.: Qaçaqmalçıları həbs etmək! Heç kəsi sərhədi keçməyə qoymamaq!

“Əmr cümləsi” termini şərti bir termindir. Belə ki, əmr cümlələri yalnız təkid, tələb, həqiqi əmr məzmunu ilə məhdudlaşmır, məsləhət, nəsihət, çağırış, arzu, istək, təklif və s. kimi rəngarəng mənalar ifadə edir. Felin əmr formasının ifadə edə bildiyi bütün mənalar əmr cümlələrində də mövcuddur. İntonasiya və əmr ədatları onun məzmununu daha da genişləndirir.

Xəbər əmr formasının birinci şəxs təkində olduqda əmr cümlələri daha çox arzu, istək bildirir; məs.:

– Nə gəzirsən burda?.. Yəni sən belə hesab eləyirsən ki, təzədən əmi olacaqsan ona?- Olacam, Qurban. Gəlmişəm evə aparım. Xahiş eləyirəm, qarışma. (İ.Hüseynov) Gedim bir az da dincəlim.

Əmr cümləsinin ifadə etiyi məna mətn daxilində daha aydın başa düşülür. Gəlmişəm evə aparım – cümləsinin asılı komponentindən – budaq cümləsindən (evə aparım) danışanın üzüntülü, yalvarış çalarlı istəyi, arzusu hiss olunur.

Xəbəri əmr formasının birinci şəxs cəmində olan cümlələrdə təklif, arzu, istək, məsləhət, çağırış, səfərbərlik mənaları daha çox nəzərə çarpır:

Gedək, dostlar, gedək hey axın-axın,
Düşməni Təbrizə qoymayaq yaxın!

(S.Rüstəm)

Oxşar yazılar:

4.7/5 - (86 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button