Azərbaycan Dili

Feilin qrammatik məna növləri

Ümumi qrammatik mənasına görə hərəkət bildirən nitq hissəsinə Feil deyilir. Qrammatik cəhətdən hərəkət geniş mənalı termindir. Bu termin bilavasitə hərəkət bildirən get, gəl, qaç və s. feillərə aid olduğu kimi, yaz, oxu, işlə, fikirləş, düşün, yat, dur, gül, ağla və s. kimi işlə vəziyyətlə, halla, təfəkkürlə və s. əlaqədar olan hərəkətləri də əhatə edir.

Feil müxtəlif zamanlarda və formalarda işlənir, nə etmək? sualına cavab verir.

Feilin qrammatik məna növləri :

İş görənlər üzərində iş görülən ( icra olunan) əşya arasındakı qarşılıqlı münasibətə görə feilin qrammatik məna növləri yaranır. Bunlar aşağıdakılardır :

1.Məlum növ. Feilin məlum növündə iş görən qrammatik cəhətdən məlum olur:dur, yat, götür, və s. Bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə edilmir. Bu feillər həm təsirli həm də təsirsiz feillərdən ibarət olur. Məlum növ feilin yeganə növüdür ki, quruluşa həm sadə, həm düzəltmə, həm də mürəkkəb ola bilir. Məsələn : oxu, vidalaşa, atılıb – düşür və s.

2. Məchul növ – Bu feillərdə iş görən qrammatik cəhətdən məlum olmur. Məsələn : Otaq yuyuldu – cümləsində otağı kimin yuduğu məlum deyildir. Hər halda otağı yuyan vardır,lakin cümlədə onun kim olduğuna işarə yoxdur.

  • Burada obyekt, yəni üzərində iş görülən əşya ( otaq) mübtədanın yerini tutmuş, icraçı ( subyekt) naməlum qalmışdır.
  • Məchul növ felləri düzəltmək üçün təsirli feillərə – ıl( il, ul, ül), – ın (in, un, ün), – n şəkilçilərindən biri artırılır. Feil saitlə bitərsə, – ıl (il, ul, ül)  şəkilçisi ona  – n-, – y-  bitişdirici samiti vasitəsilə birləşir; məsələn,

1.Kağız cır – ıl-dı. Meyvə dər – il – di.

2. Vətən qoru – n– ur. Quzu bəslə – n– di ( bəslə – n- il – di)

ıl (il, ul, ül)  şəkilçisi feillərə artırıldı da yaranan feillərə şəxssiz cümlələrin xəbəri olur. Belə cümlələrin mübtədası olmur. Məsələn : Filmə baxıldı.

3. Qayıdış növ. Bu növ feillər iş görənin işi öz üzərində icra etdiyini bildirir. Məsələn hava açıldı, uşaq deyindi, ürək döyündü və s. Qayıdış növ feillər, əsasən, – ın ( in, un, ün),  – n, – ıl (il, ul, ül) şəkilçiləri vasitəsilə təsirli feillərdən düzəlir və təsirsiz olur.  ( Geyindi, soyundu feilləri istisnadır).

Qrammatik formasına görə məchul növ feillər qayıdış növ feillərə oxşayır,  yəni hər ikisi  – ın (in, un, ün), – n, – ıl (il, ul, ül) şəkilçiləri vasitəsilə düzəlir. Lakin qayıdış növ feillər qrammatik mənasına görə məchul növ feillərdən fərqlənir. Məchul növ fellər də iş görən məlum olmadığı halda, qayıdış növ feillərdə iş görən məlumdur. Məsələn Düşmən çəkildi cümləsində düşmən həm iş görəndir, həm iş üzərində iş görüləndir. Məchul növ feillərlə qayıdış növ feilləri fərqləndirmək üçün onların ifadə ifadə etdiyi mənaya diqqət yetirmək lazımdır.

4. Qarşılıq – Birgəlik növ. Bu növ feillər hərəkətin qarşı – qarşıya icra edildiyini bildirir

Qarşılıq növ feilləri düzəltmək üçün  – ış ( iş, uş,üş)  (-ş) şəkilçisindən istifadə olunur;

Məsələn : yaz – ış(maq), qucaqla – ş (maq), salamla – ş (maq) və s.

Qarşılıq bildirən feillər, əsasən təsirli feillərdən düzəlir : Məsələn : gör – üş (mək), salamla – ş( maq) və s.

Feilin qarşılıq növü ilə birgəlik növü bir – birinə bənzəyir. Hər ikisinin şəkilçisi eynidir. Lakin qarşılıq növ feillərdə hərəkət qarşı – qarşıya, birgəlik feillərdə isə birgə halda icra olunur. Bundan başqa, qarşılıq növdən fərqli olaraq birgəlik növ təsirsiz feildən əmələ gəlir. Məsələn :  civildəş (mək), ağlaş (maq) və s. Qarşılıq və birgəlik növ feillər təsirsiz olur.

5. İcbar növ. İcbar sözü ərəbcə məcbur sözündən götürülüb. İcbar növ feillərdə hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. Məsələn : Orxan məktubu yazdırdı. Burada danışan mənəm, nə də Orxan, başqasıdır. İcbar növ feillər təsirli növ feillərin sonuna – dır ( dir, dur, dür), bəzən də – t şəkilçisini artırmaqla düzəlir. Məsələn : yazdır, oxudur.

Yuxarıda göstərilən şəkilçiləri ( yəni – dır (dir, dur, dür, – t şəkilçiləri) yalnız təsirli feillərin sonuna artırıldıqda İcbar növ əmələ gətirir. Həmin şəkilçilər təsirsiz feillərə əlavə edildikdə icbar növ deyil, sadəcə təsirli feil yaranır : məsələn, sus, soyu kimi təsirsiz feillərə müvafiq olaraq – dur – t əlavə etsək, onlar təsirli feilə çevrilir. Məsələn: sus – dur (kimi?), soyu-t(nəyi?). Belə feillərdən icbar növ düzəltmək üçün yenidən icbar növün şəkilçisini artırmaq lazımdır : sus – dur – t, soyu – t – dur.

4.8/5 - (1048 votes)

Əlaqəli yazılar

Back to top button