İzahat Forması
Ən geniş yayılmış əməli yazı növlərindən bir də izahatdır.
İzahat sözünün kökü olan izah, ərəbcə açıq, aydın, ətraflı surətdə anlatma, ifadə etmə deməkdir.
“İzahat” isə “izah” sözünün cəm formasıdır və bir işi, məsələni, hadisəni “açıqlama”, “məlumat vermə” anlamında işlədilir. Baş vermiş hər hansı bir hadisəni açıqlamaq, aydınlıq gətirmək, ətraflı şəkildə anlatmaq üçün izahat tələb olunur.
İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər.
Bəzən izahatın yazılı formasına izahatnamə də deyilir, ancaq ən çox izahat şəklində işlədilir.
İzahat necə yazılır? İzahat yazmaq
İzahat yazan düşünərək, öz fikrini düzgün və məntiqi ardıcılıqla verməlidir. Bundan əlavə, izahatın yazılma qaydalarına da əməl edilməli, məlumatlar tam və doğru bir şəkildə yazılmalıdır.
Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə “İzahat” sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından isə tarixi qeyd edir.
Nümunə:
“Bakı Dövlət Universitetinin dekanı
Aynur Əliyevaya həmin fakültənin
III kurs 303-cü qrup tələbəsi
Səbuhi Quluzadədən
İZAHAT
11 Sentyabr 2022-ci ildə baş verən zəlzələ ilə əlaqədar olaraq bizim yaşadığımız yataqxana qəzalı vəziyyətə düşmüşdür. Sakinlərin köçürülməsi və ev əşyalarının daşınmasına kömək etdiyim üçün 12 sentyabr tarixində dərsə gələ bilməmişəm. Yazdıqlarımın doğruluğunu tələbə yoldaşlarım və qonşular təsdiq edə bilər.
İmza: Səbuhi Quluzadə
12 sentyabr 2022-ci il
Qeyd: Adlar təmsilidir.
Ərizə və izahatın fərqi
İzahatın forması ərizəyə oxşayır. Hər ikisinin başlığının eyni olması, sonunda imza və tarix göstərilməsi onların oxşarlığını bildirir. Ərizə ilə izahatın fərqi onların məzmunundadır. Belə ki, ərizə xahiş və ya şikayət məqsədi ilə yazıldığı halda, izahat hər hansı bir hadisə və məsələni aydınlaşdırmaq üçün tərtib edilir. Ərizə bir və ya bir neçə şəxsin şikayət və ya arzularından doğan xahişlərini rəsmi və səlahiyyətli təşkilat və ya şəxslərə göndərilən (təqdim edilən) aktiv işlənmə səviyyəsinə malik yazı nümunəsidir.
Bənzər yazılar: