Məktəbə aid şeirlər👩🎓
Məktəbə aid şeirlər saytımızda sizlər üçün təqdim olunur. 15 sentyabr tarixi Azərbaycanda “Bilik Günü” olaraq qeyd olunur. Bu gün birinci sinif şagirdlərini əlində güllər, çiçəklər ilə məktəb həyətlərində görmək mümkündür. Hər yanda balaca və böyük məktəblilərin gülüş səsləri, müəllimlərin üzlərində sevinc, həyəcan hiss olunur. Bu gün bütün valideynlər üçün ən əziz bayramlardan biridir desək yanılmarıq. Məktəblərin qarşısında “Bilik Günü” ilə bağlı tədbirlər keçilir ki, burada məktəbə aid şeirlər, mahnılar, xoş sözlər söylənilir.
Mən məktəbə gedirəm
Müəllif: Rafiq Yusifoğlu
Mən məktəbə gedirəm,
Təptəzə dostlarım var.
Çantamda dəftər, kitab,
Ürəyimdə arzular.
Mən məktəbə gedirəm,
Güc gəlir qollarıma.
Mənim ilk müəllimim
Göz dikib yollarıma.
Mən məktəbə gedirəm,
Sevinir, ellər gülür.
Qanadım yoxdur uçam,
Əlimdə güllər gülür.
Mən məktəbə gedirəm,
Ah çəkir yoldan ötən.
Övladların boy atır,
Gözlərin aydın, Vətən!
Məktəbə ilk dəfə qədəm qoyanda,
“Ana” kəlməsini gətirdik dilə.
O bircə saniyə, o bircə anda,
Bir anda çevrildi düz 11 ilə.
Nə günlər keçirdik, nələr yaşadıq.
Əlimizdə olsa, heç ayrılmazdıq.
O məktəb bizlərə olmuşdu ana.
Biz də o ananın övladlarıydıq.
Son zəng çalınacaq, səda salacaq.
Sevincin yerini qüssə alacaq.
Hər bir kəs dağılıb getdikdən sonra.
Bir insan bir şəxsə həsrət qalacaq.
Qəlbimdə nə qədər sözüm var mənim,
O qədər sevincim, qəmim var mənim,
Bu sözü deməyi bacarmır dilim,
“Əlvida”, “əlvida”, orta məktəbim!
Bu da son cümlədir, bu da son sətir,
Məktəb macəramız sonamı, yetir?
Nə olar əl saxla, vurma bu zəngi,
Bu gün çox qəmlidi onun ahəngi.
İlk dərs
Müəllif: Bəxtiyar Vahabzadə
Bu gün yeni dərs ili
Başlanır… səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr
O dalında çantası
Gedən uşağa bax bir
Əlində bir dəstə gül
O, məktəbə tələsir
Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.
Görüşünə gəlmişəm
İlk ustadım- müəllimim!
Yenə sənin görüşünə gəlmişəm mən,
Gəlmişəm ki, yenə sənin
Qabağında şagird olum, boynu bükük,
Gəlmişəm ki, yenə səndən xəbər alım
Şeir nədir! Şair kimdir!
Deyəsən ki, niyə şair müqəddəsdir,
Niyə şeir bir tilsimdir.
Gəlmişəm ki, o müqəddəs
İlkinliyə uyum bir də.
Uzaq illər arxasından gözəlliyin
Gül ətrini duyum bir də.
Gözüm yazı lövhəsində,
Könlüm şeir həvəsində
Mən xəyala dalım yenə.
O uşaqlıq günlərindən
Bu ahıllıq illərinə
Bir cığır da salım yenə.
Gəlmişəm ki,
Təbaşirli əllərindən
Toz ələnən saçlarına
Baxım bir də.
“Qığılcımdan alov doğar!”- dedikcə sən
Zülmətlərin ağuşunda
Şimşək olub çaxım bir də.
Yadımdadır pəncərəsi
Günə baxan bapbalaca sinifimiz…
O sinifdən başlamışıq
Bu dünyanı sevməyə biz.
Həqiqətdən danışdıqca
Həqiqətin şöləsinə
Bənzəyirdin sən özün də,
Yüz günəşin nuru vardı hər sözündə.
Danışardın haqqın yolu
Niyə belə çətin olur.
Haq-həqiqət əsgərləri
Dönməz olur, mətin olur!
Öyrət mənə!
Öyrət yenə!
Həqiqətə gedən yolun hər sirrini!..
Bütün dünya şairləri bundan yazır
İlk şeirini son şeirini.
Öyrət mənə! Qoy ilhamım
Məni heç vaxt xar etməsin el yanında.
Həqiqətdən söz düşəndə
Haq sözümü deyim mən də
Bu aşkarlıq zamanında.
Biz məktəbə hazırıq!
Müəllif: Həqiqət Rzayeva
Məktəbə gedəcəyik,
Bizdə səhərdən.
Ayrılmarıq bircə an,
Kitab-dəftərdən.
Ana Vətən yazırıq
Biz məktəbə hazırıq!
İncitmirik heç kəsi,
Dostumuzdur uşaqlar.
Uğurlu yol söyləyir,
Sevimli oyuncaqlar.
Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!
Sevəcəyik məktəbi,
Sevəcəyik bağça tək.
Bizə ümid bəsləyir,
Vətən böyük gələcək.
Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!
Müəllim
Müəllif: H.Abbaszadə
Əldə qələm tutmağı
Bizə sən öyrətmisən.
Möhkəm addım atmağı
Bizə sən öyrətmisən.
Heç zaman unutmarıq
Böyük əməyini biz.
Ey mehriban dostumuz,
Əziz müəllimimiz.
Gəlib doğma məktəbə,
Biz səndən dərs alırıq.
Alışırıq zəhmətə,
Boy atıb, ucalırıq.
Məktəbə çağırış
Mənim bağım, baharım
Fikri işıqlı oğlum!
Məktəb zamanı gəldi ,
Dur, yaraşıqlı oğlum!
36
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım !
Gün çıxdı,sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
(nəqərat)
Oğul,oğul, amandır,
Çox yuxlamaq yamandır,
Çox yuxlamaq -şeytandan,
Tez durmaq -Allahdandır.
(nəqərat)
Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.
(nəqərat)
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
(nəqərat)
Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur ,məktəbə get ,oğlum,
Dəftər sənin rəfiqin.
(nəqərat)
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
37
Məktəbinin dəvamın.
(nəqərat)
Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrini bil elmü fəzlin,
Elmin yolunda can ver.
(nəqərat)
Məktəb yolları
Müəllif: Xanımana Əlibəyli
Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur:
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu…
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər.
Bax uşaqla doludur,
Bu yol məktəb yoludur.
Məktəbə get, dərs oxu şeiri (Abdulla Şaiq)
Ağıllı oğlum, oyan!
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu.
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Müəllim ömrü
Müəllif: Musa Yaqub
Saatlar…Otaqlar…
Hə,bu da bir gün…
Siniflər…Uşaqlar…
Hə,bu da bir gün…
Yenə zəng çalındı,çölə,içəri…
Ərit saatları,dəqiqələri.
Bir sinif dünyadır öz aləmi var,
O, oxşar ayları, illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.
Demə ki, keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitər
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır, anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçər
Adam var bulanıb,elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü.
Bir nankor tələbə dönüklüyündə,
Gah itər, yadlanar müəllim ömrü.
Birinin şanında, böyüklüyündə,
Uçar, qanadlanar müəllim ömrü.
İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.
Birinci dərsdə
Birinci sinif üçün,
Birinci dərsdi bu gün.
Gülərüzlü uşaqlar,
Baxırdı sevinc ilə.
Elə bil ki, burada
Qarışmışdı gül-gülə.
Müəllim uşaqları,
Süzüb dedi: -Balalar,
Birinci dərs günündə
Belə bir qaydamız var.
Əvvəl tanış oluruq,
Şagirdlər ilə bir-bir,
Kimsə, mahnı oxuyur,
Kimsə də, şeir deyir.
Müəllim də tanıyır
Uşaqları bu gündən.
Utanmayın, indisə,
Sizi dinləyirəm mən.
Müəllim susan kimi,
Sakitlik oldu bir az.
Sonra qalxıb yerindən,
Şeir söylədi Gülyaz.
Qız, oğlan növbə ilə
Bir-bir ayağa durdu.
Coşdu körpə ürəklər,
Min bir sevinclə vurdu.
Arxadakı partaya,
Elə ki, çatdı növbə,
Bantına əl gəzdirib.
32
Qalxdı balaca Töhfə.
O, “Kukla” mahnısını,
Oxudu incə səslə.
Hamı susub bu qıza,
Qulaq asdı həvəslə.
Bu anda ön cərgədən
Gəldi ağlamaq səsi.
Dondu dodaqlarında
Qızcığazın nəğməsi.
Hamı boylanıb baxdı.
Gülərin partasına,
Pıçıldaşdı uşaqlar:
Görən nə olmuş ona?
Qıvrımsaçlı bu qızın
Başına çəkib əlin.
Onu bir ata kimi,
Oxşadı gənc müəllim.
O, mehriban-mehriban
Soruşdu: – Qəşəng qızım,
Hamı danışıb, gülür
Ağlamaq nəyə lazım?
Gülərin gözyaşları,
Yanağına sürüşdü…
Dedi: – Nə edim axı,
Kuklam yadıma düşdü.