İnşalar

Xari bulbul haqqinda melumat

Xari bulbul haqqinda melumat az-çox hər birimizə məlumdur. Xarı bülbül deyildikdə ilk ağlımıza gözəl Şuşamız gəlir. Bu gülü hər zaman Şuşa ilə əlaqələndiririk. İndi isə gəlin daha ətraflı şəkildə Xari bulbul haqqinda melumat oxuyaq.

Xarıbülbül çoxillik ot bitkisidir. Onun gövdəsi 20–40 sm hündürlükdə, soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir. Çiçək qrupu seyrəkdir və 5–6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənarındakı ləçəklərin uzunluğu 12-sm-dir. Ləçəklər açıq-bənövşəyi rənglidir. 3 sm uzunluqda olan daxili ləçəklər  oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var. Qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir. Yarpaqları gövdənin əsasında bir yerə cəmlənmişdir, uzunsov-neştərvari quruluşdadır. Sarımtıl-yaşıl rəngdə olan çiçəkyanlığının yarpaqcıqlarının uzunluğu 10–12 mm-dir, uzunsov-neştərvaridir. Yaşılımtıl-qonur rəngdə olan daxili yarpaqcıqları xətvari-neştərşəkillidir. Dodağı məxmər kimidir, görünüşünə görə enli əksinəyu-murtaşəkillidir, tünd qırmızı-qonur rəngdə olub, mavitəhər-bənövşəyi rəngli H hərfinə oxşar cizgisi vardır. Bütöv və ya üç bölümlüdür, orta bölümü böyrəkşəkilli-ürəkşəkilli kiçik qabarlı törəməlidir, kənardakılar qısa olub,uzunsov-üçkünclü-dür. Xarı bülbül aprel, iyun aylarında çiçəkləyir.

Xarı bülbül tək Azərbaycanda deyil dünyanın bir neçə ölkəsində də yayılmışdır. Əsasən Qafqazda, Qərbdə Anadolunun şimal-şərqindən (Trabzon), şərqdə isə Xəzər dənizinə qədər olan ərazilərdə bu gülə rast gəlmək mümkündür. Azərbaycanda isə əsasən Şuşa və ətraf ərazilərdə, Samur – Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlarında, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacı,Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Əsasən otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında çiçək açır.

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Qorunması məqsədilə yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi kimi tədbirlər görülür.

Xarı bülbül haqqında rəvayət📖

Şuşa dağlarında xarıbülbül adlanan qeyri-adi bu gül hər birimizi heyran edir. Bu güllə bağlı rəvayətlər vardır. Bəs bu gülə niyə Xarı bülbül adı verilib bilirsinizmi? Çünki gül bülbülə bənzədiyir. Sanki bir bülbül oturub gülün içində. “Xar” sözü isə tikan mənasını verir, yəni “tikanlı bülbül”. Qeyd edək ki, Xarıbülbülün digər adı Qafqaz Qaş Səhləbidir.

Xarıbülbül gülü ilə bağlı çoxlu əfsanələr və rəvayətlər vardır ki, indi onları sizə təqdim edəcəyik.

Deyilənə görə Fətəli şahın həyat yoldaşı Şuşa üçün çox darıxırmış.  Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa üçün Fətəli xan bir bağ saldırır. Bu bağda Qarabağda, Şuşada bitən bütün ağacları, gülləri əkilməsini istəyir. Bağ salınır və çox gözəl olur. Bütün güllər bitsə də bircə Xarı bülbül gülü bitmir. Bağı gəzən Ağabəyim xanımın dilindən bu sözlər tökülür:

Vətən bağı al-əlvandır,

Yox üstündə Xarıbülbül.

Ömür sürməli dövrandır,

Səsin gəlsin barı bülbül.

Bu mahnı da həmin vaxt yaranıb.

Təbii ki, Xarıbülbül haqqında başqa rəvayətlər də vardır. Onlardan bir başqasını təqdim edirik.

Rəvayətə görə bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Nəhəng çinarlar, salxım söyüdlər, uca sərvlər onun qarşısında dönə-dönə əyilirlər. Yalnız zərif, gözəl, ətirli gül küləyə ram olmur. Onun dimdik durduğunu görən külək heyrətənir və soruşur:

– Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü haradan alırsan?

Gül cavab verir:

– Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, heç kəsə baş əymir. Mən bülbülü sevirəm. Mənə güc-qüvvət verən onun saf məhəbbətidir. 

Külək qəzəblənir və deyir:

– Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…

Külək bunu deyib kükrəyir. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldayır. Bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyib, əyilən qamətini düzəldir. Bu vaxt gülün tikanı onun sinəsinə sancılır. Bülbül məhv olur, amma gülü əyilməyə qoymur. Gül həmin vaxtdan bülbül görkəmində çiçəklər açır. Adı olur Xarıbülbül. 

Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Hətta Zəfər günündən bu yana qələbə simvolu olaraq Xarı bülbül rəmzi seçilmiş, gülün formasında nişanlar hazırlanaraq yaxalardan taxılmışdır.

4.6/5 - (1253 votes)

Əlaqəli yazılar

Back to top button