Maraqlı Məlumatlar

Qarabag haqqinda melumat 

Qarabag haqqinda melumat hər bir azərbaycanlının öyrənməli olduğu vacib məlumatlardandır. Qarabağ Azərbaycanən ən səfalı yeri olsa da, daim qanayan yarası idi. Çünki illərdir torpaq həsrəti çəkən soydaşlarımız, qaçqınlarımız, məcburi köçkünlərimiz vardır. Tehsil.com.az komandası olaraq ən geniş şəkildə Qarabag haqqinda melumat təqdim edirik.

Qarabağ əcdadlarımızdan bizə qalan ən dəyərli mirasdır, çox qədim tarixə malik olan bir ərazidir. Azərbaycanın ən qədim və gözəl guşələrindən biri olan Qarabağ qədim tarixi vilayətlərindən biridir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ VII əsrdən işlənmişdir. “Qarabağ” anlayışı VII əsrdən etibarən işlənməyə başlanmış, XII əsrdən etibarən isə geniş yayılmışdır. “Qarabağ” “qara” və “bağ” türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Tədqiqatçılar “Qarabağ”ın “böyük bağ”, “səfalı bağ” mənasında işlədildiyini də bildirirlər. Füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var.

Qarabağ bütün dünyanın qədim diyarlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid insan məskənləri aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıx adamının çənə sümüyü tapılmışdır. Çox güman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar.Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi “Arsax” adlandırılır. “Arsax” “ər” və “sak” sözlərinin birləşməsi (“sak əri”) kimi də izah olunur. Antik və erkən orta əsrlərdə Qarabağ Azərbaycan Albaniya dövlətinin mühüm vilayətlərindən biri idi. Albaniya dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Qarabağda, xüsusilə onun dağlıq ərazilərində də yayılmışdı. Albaniyasının süqutu ilə isə erməni qriqorian kilsəsi dini üstünlüyü ələ aldı.

Səfəvi-Osmanlı müharibələri dövründə (1514-1555, 1578-1590 və s.) Qarabağ əldən-ələ keçmişdi.  XVIII əsrin I rübündə Azərbaycan torpaqlarının İran, Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürülməsi ilə nəticələndikdə, Qarabağ Osmanlı dövlətinin tərkibində qalmışdı. Xəzəryanı torpaqları ələ keçirən Rusiya çarı I Pyotr [1682/89-1725] bu torpaqlarda möhkəmlənmək və özünün işğalçılıq planlarını genişləndirmək üçün ermənilərdən istifadə edilməsinə böyük önəm verirdi. 1724 il noyabrın 10-da ermənilərə ünvanlanmış fərman imzalamışdı. Fərmanda ermənilərin işğal olunan Azərbaycan torpaqlarına köçürülməsi, onlara mehribanlıq göstərilməsi, boşalmış evlərin, münbit torpaqların onlara verilməsi, mühafizələrinin təşkil edilməsi, bütün bunları həyata keçirmək üçün müsəlmanların doğma yerlərindən deportasiyası nəzərdə tutulurdu.

Qarabağ ərəblərin işğalından sonra Azərbaycanda bir-birini əvəz etmiş Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur.

Azərbaycanda Səfəvilər dövlətinin (1501) yaranması Azərbaycan torpaqlarının birləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər dövlətinin süqutundan və Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarımüstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı.Qarabağ xanlığı Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutmuşdu və bu xanlıq əslində müstəqil bir dövlət idi. Xanlığın banisi Pənahəli xan [1747-1763] onun siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində ciddi tədbirlər həyata keçirdi. 1805-ci ildə İbrahim xan Kürəkçayda Rusiya silahlı qüvvələrinin komandanı, general Sisianov ilə müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. 1795-ci ildə həyata keçirilən yürüş zamanı Şuşa şəhəri 33 günlük mühasirəyə tab gətirsə də, 1797-ci il hücumunda Qacar Şuşanı ələ keçirə bildi, lakin burada sui-qəsd nəticəsində öldürüldü. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İrandan və Türkiyədən köçürülmüş ermənilər, Qarabağ da daxil olmaqla, Şimali Azərbaycanda məskunlaşdırıldılar. 1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı Türkiyəsindən isə 90 min erməni köçürülmüşdü. 1911-ci ilə aid rəsmi məlumata görə, Cənubi Qafqazda olan 1,3 milyon erməninin 1 milyondan çoxu köçürülənlər idi. 1918-ci il mayın 28-də təxminən 100 il Rusiyanın əsarəti altında olmuş Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı.Ermənilər Qarabağı ələ keçirmək məqsədi ilə əvvəllər də həyata keçirdikləri soyqırımı aktlarını törətməkdə davam edirdilər. Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını birləşdirərək Baş Qarabağ əyaləti yaratdı. 1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanda sovet hakimiyyəti qurulandan bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş qərəzli və məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığı parçalandı. Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə vadar edildi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovuldu, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı. 1989-cu ilin avqust-dekabr ayları ərzində Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələri üzərinə 91 dəfə silahlı basqın həyata keçirilmiş və bunun nəticəsində 52 nəfər öldürülmüş, 166 nəfər yaralanmışdı.Naxçıvan Muxtar Respublikasının Kərki kəndi erməni silahlıları tərəfindən 1990-cı il yanvar ayının 18-də işğal edildi. 1990-cı ildən etibarən ermənilərin Qarabağ üzərində iddiaları heç olmadığı qədər möhkəmlənmiş, ard-arda terror aktları törədilmiş, ard-arda Azərbaycan torpaqları işğal edilmişdir.

1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədildi. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, yaxud əsir düşməsi ilə nəticələndi, şəhər yerlə-yeksan edildi. 1992-ci ilin may ayında Şuşa şəhəri və Laçın rayonu işğal olundu. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. 30 il gözəl Qarabağımız düşmən tapdağı altında qaldı. Bu müharibənin nəticələri Azərbaycan üçün çox ağır oldu. 1 milyon qaçqına qucaq açan yenicə azad olmuş Azərbaycan yıxılmadı, yenidən dirçəlməyi bacardı. 30 il sonra öz tarixi torpaqlarını yağı düşməndən azad edərək, dədə-baba yurduna qovuşdu.

Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda uğurlu əks-hücum əməliyyatına başladı. Bu əməliyyatın nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 günlük müharibə ərəfəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsivə 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da üç tərəfli bəyanat imzalandı. Bəyanat Azrərbaycan, Ermənistan və Rusiya tərəfləri ilə imzalandı. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu  Azərbaycana təhvil verilib. Qazax rayonunun  Bağanis Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistan işğalından azad olunacaq. 10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. 

4.8/5 - (206 votes)

Əlaqəli yazılar

Back to top button