Azərbaycan Dili

İşarə əvəzlikləri

Əvəzliyin əsas xüsusiyyəti bütün əsas nitq hissələrini əvəz etməkdir. Əvəzlik əvəz etdiyi əsas nitq hissəsinin sualına cavab verir. Əli (isim) gəldi, o (əvəzlik) gəldi.

Əvəzliyin mənaca növləri :

  1. Şəxs əvəzlikləri
  2. Qeyri müəyyən əvəzliklər
  3. İşarə əvəzlikləri
  4. Sual əvəzlikləri
  5. Təyini əvəzliklər

Əvəzliyin quruluşca növləri:

Əvəzlik şərti olaraq sadə, düzəltmə və mürəkkəb əvəzliklərə bölünür. Sadə əvəzliklər: mən, belə, necə, hamı və s.

  • Düzəltmə əvəzliklər: biri, birisi, kimsə, neçənci, bəzisi və s.
  • Mürəkkəb əvəzliklər: filankəs, hər kəs, Kim isə, heç kim və s.

İşarə əvəzlikləri :

Kimə və ya nəyə işarə məqsədi ilə işlədilən əvəzliklərə işarə əvəzliyi deyilir.

  • İşarə əvəzlikləri necə? nə cür? hansı? suallarından birinə cavab verir.
  • İşarə əvəzlikləri aşağıdakılardır :o, bu, elə, belə, həmin.
  • İşarə əvəzlikləri quruluşca yalnız sadə olur.
  • İşarə əvəzlikləri sifəti və zərfi əvəz edə bilir. O, bu həmin əvəzlikləri, adətən, sifəti, elə, belə əvəzlikləri isə həm sifəti, həm də zərfi əvəz edir. Yəni əşyaya aid olduqda sifəti ( belə kitab, elə insan), hərəkəti izah etdikdə isə zərfi ( belə danışma, elə demə) əvəz edir.

▶️Belə elə əvəzliyi ədatla omonimdir:Ay belə səni min yaşa! ( ədat). Belə demə ( əvəzlik). Elə mən deyəndir( ədat). Elə adam az tapılar ( əvəzlik).

  • İşarə əvəzlikləri cümlənin təyini ( O kitab) və zərfliyi ( Belə qışqırma), xəbəri ( Sənin işin belədir.) ola bilir. “Həmin” dən başqa, digər işarə əvəzlikləri bəzən sifət kimi  isimləşərək cümlənin mübtədası (Elələri də var.), tamamlığı ( Bunu götür) da ola bilir.
  • O, bu işarə əvəzlikləri hallanır (Onu ver. Buna bax), amma mənsubiyyətə görə dəyişə bilmir.
  • Elə, belə işarə əvəzlikləri sifəti əvəz etdikdə, mənsubiyyət şəkilçisi qəbul edəndən sonra hallanır və cəmlənir. eləsini, belələri.
  • Həmin əvəzliyi ismin heç bir xüsusiyyətini qəbul edə bilmir, yalnız sifəti əvəz edə bilir.
  • O, bu əvəzlikləri cümlədə mübtəda vəzifəsində çıxış edərsə, onlardan sonra vergül qoyulmalıdır. Bu, mənə tanış gəlir. O, sənin dostundur. Bu, oxuyanların aləti idi. O, gedənləri arxadan çağırdı. Əgər o bu əvəzlikləri cümlənin təyini olarsa,deməli həmin əvəzliklərdən sonra vergül qoyulmamalıdır. O kitab mənimdir. Bu binada biz yaşayırıq. O bu əvəzlikləri mübtəda vəzifəsində çıxış etdikdə onlardan sonra feili sifətdən başqa bütün fillər və köməkçi nitq hissələri işləndikdə vergül qoyulmur. O getmir. Bu da sənindir. O oxumaq üçün şəhərə getdi. O gələndə biz evdə yox idik. Lakin modal sözlər istisnalıq təşkil edir. Çünki modal sözlərdən əvvəl və sonra vergül qoyulmalıdır: O, əlbəttə, gələcək. Burada vergül mübtədanın yox, modal sözündür.

▶️ 1. Tabeli mürəkkəb cümlənin tərkibində işlənən əvəzlik – qəlib və qarşılıq söz vəzifəsində çıxış edən işarə əvəzlikləri   “O” cümlənin mübtədası, tamamlığı, təyini və xəbəri ola bilər : O da mənə məlumdur ki, görmüsən. Mənim fikrim odur ki sənə maşın alım.

   2. Elə, belə həmin əvəzlikləri də qəlib söz ola bilir.

    3. Bəzən belə və elə əvəzliyo intonasiyaya görə həm ədat, həm də əvəzlik kimi başa düşülə bilər. Məsələn : Dünən sən belə ( elə) danışmırdın.

Qeyd :  O” əvəzliyi həm şəxs, həm də işarə əvəzliyidir. Onları yalnız cümlə və ya söz birləşməsi tərkibində müəyyənləşdirmək olar. Bu əvəzlik işarə məqsədilə işlənərək cümlənin təyini olarsa, işarə, mübtəda, tamamlıq vəzifəsində işlənərsə, şəxs əvəzliyidir.

3.9/5 - (250 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button