Ədəbiyyat

Nüsrət Kəsəmənli Şeirləri

Tehsil.com.az olaraq görkəmli şair Nüsrət Kəsəmənlinin müəllifi olduğu 6 mənalı şeiri sizlər üçün bir araya topladıq.

Nüsrət Kəsəmənli – Məşhur Azərbaycan şairi, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977). O, 1946 -cı il dekabrın 29-da Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1960-cı ilin əvvəllərində bədii yaradıcılığa başlayıb.
Nüsrət Kəsəmənli şeirləri ilə minlərlə oxucusunun qəlbinə yol tapmış, onların hiss və duyğularını tərcümə etmişdir.

1️⃣ LAL XƏRİTƏ
Bir lal xəritədir, ana, sifətin
Demə ki, mən hara, xəritə hara.
Qara xal elə bir dövlət mərkəzi
Qırışlar yol kimi uzanıb ora.

Atamın baxışı od-alov imiş,
Neçə ürəklərə közü düşübdür.
Sənə də sözünü gözüylə demiş
Yoxsa baxışının izi düşübdür.

İllər öz atını çapıb getdimi,
Bir Ömrün yolları yatıb üzünə.
Bəlkə də qiymətli bir sənəd kimi
İllər imzasını atıb üzünə…

Böyütdün sən məni bir arzu kimi,
Gözümdə gözünün qarası qalıb.
Gəncliyin illərlə axıb su kimi
Üzündə dolaşıq məcrası qalıb.

Xatirə səpilib o qırışlara
Min hikmət söyləyər,
birin, dindir.
Mən özüm, mən
Özüm səninəm, ana
Bəs o qırışlardan hansı mənimdir?..
Bir lal xəritədir, ana, sifətin
Demə ki, mən hara, xəritə hara.
Qara xal elə bir dövlət mərkəzi
Qırışlar yol kimi uzanıb ora.


2️⃣ UNUT KƏDƏRİNİ

Nədir gözlərində bu qəmli sual,
Unut kədərini, qəmini unut,
Hələ ki ömründə mən varam sənin,
Unut kədərini, qəmini unut.

Bu da bir zamandı gəlib gedəcək,
Sevincin kədərə gülüb gedəcək,
Bu qəmli günlərin ölüb gedəcək,
Unut kədərini, qəmini unut.

Elə bil dağsan ki, vüqar yaraşır,
Söylə, taleyində kimlər dolaşır?
Sən elə işıqsan görənlər çaşır,
Unut kədərini, qəmini unut.

Dağlardan gəlmişik çəni unutma,
O şirin çağları, dəmi unutma.
Qurban gözlərinə, məni unutma,
Unut kədərini, qəmini unut.


3️⃣İNAM
Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, eyhamlar oyaq.
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq, ölək bu sayaq…

Niyə baxışların üşüdür məni,
Qəlbin ki, qəlbimdə qızınmaq istər.
Nə sevgi yenidir,
Nə nifrət yeni,
Elə təruddüd də köhnədir, yetər!..

Bəlkə də adıma çox söz deyirlər,
İstəsən inanma, istəsən inan…
Ayıq ol!..
Adama çox söz deyərlər;
Gör hansı doğrudur,
Gör hansı yalan.
Yaxın gəl,
oduna gir bu ürəyin,
Sevənlər payıza, qışa bürünməz.
Əsil çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz…

Hərdən zəng edirsən… susursan, niyə?
Sənin sükutun da tanışdır mənə.
Bir də zəng edirsən
hirslənim deyə,
Dəstəyi çırpıram əsəblərimə.
Bir dəstək gülüşlü,
Biri əsəbi,
Başlayır telefon oyunu sonra.
Bilirəm susmağın nədir səbəbi,
Ox alıb gizləlmə yayım, sonra…

Mənə inanmırsan bir yuxu kimi,
Qəlbində şübhələr, eyhamlar oyaq.
Yox, mən istəmirəm bir çoxu kimi
Yaşayaq bu sayaq,
Ölək bu sayaq…


4️⃣ YOXDUSA ŞEIRI
Göz yaşını axıtmağa dəyərmi ,
Sonunda bir güləcəyi yoxdusa .
Hər görüşə sevgi demə əzizim ,
Əgər onun gələcəyi yoxdusa .
Sevgi yoxsa ürək quru qəfəsdi ,
Kor ümüdə nə qərəzi , nə qəsdi ?
Min yol geri çağırmağın əbəsdi
Əgər geri dönəcəyi yoxdusa .
Hər kül altda gizlənənə köz demə ,
Hər xatirə qırığına iz demə ,
Hər ürəkdən kövrək nəğmə gözləmə
Sarı simdə dinəcəyi yoxdusa .
Oda salsan buz bağlayıb donacaq ,
Əldən uçdu , yad budağa qonacaq ,
Könül versən nə qiymətə alacaq ?
Könül qədri biləcəyi yoxdusa .
Ucaltdığın kiçiləndə görərsən ,
Əriyərsən gözün görə – görə sən .
Süfrəsinə nə qoyacaq görəsən
Səndən tikə böləcəyi yoxdusa .
Demə mənə : nələr gəlir ağlıma ;
Vay onda ki qara səndən ağ uma .
Ürəksizə ürək verib ağlama ,
Bir gün sənsiz öləcəyi yoxdusa …


5️⃣ NƏLƏR GÖRDÜM BU DÜNYADA…
Bilən yoxdu sirri nədi
Nələr gördüm bu dünyada.
Xeyri nədi, şəri nədi,
Nələr gördüm bu dünyada.
Sudan quru çıxan gördüm,
Dərdə gülüb baxan gördüm,
Ev tikib, ev yıxan gördüm
Nələr gördüm bu dünyada.

Xeyirlə şər qoşa gəldi,
Bu cahanı fani bildi.
Mərd ağladı, namərd güldü,
Nələr gördüm bu dünyada.
Hər ocaqda acı tüstü,
Qışı soyuq, yazı isti,
Bilmirəm yaxşıdı, pisdi,
Nələr gördüm bu dünyada.
Dost bildiyim haqqı dandı,
Haqqı danan oda yandı,
Dünya əvvəldən yalandı,
Nələr gördüm bu dünyada.
Biri gedər, biri gələr,
Hər gələn dünyanı bölər,
Bu dünya çətin düzələr
Nələr gördüm bu dünyada.

6️⃣ HƏLƏ BU DÜNYAYLA İŞİM VAR MƏNİM…
Hələ bu dünyayla işim var mənim,
Bu dünya qarışıq yuxular görür,
Hələ bu dünyanın qapılarından
Yaxşıya qarışıb yaman da girir.,.
Hələ gecələrin səksəkəsi var;
Təzadlı dünyanın müxtəlif qütblü,
Mənfili, müsbətli fəlsəfəsi var.
Hökmlər zamanın,
Arzular mənim,
Hələ bu dünyayla işim var mənim…
Görən hansı fürsət çıxdı əlimdən,
Taleyim bəs hansı qısmətə tuşdu?!
Tarixin saralmış vərəqlərindən
Kimlər ad qazandı,
Hansı ad uçdu?!
Könül, bir nəğmə de,
Bayatı çağır,
Dünyanın ovcuna insanlar yağır,
Dünyanın əlləri yenə də boşdu.
Hələ boş yerlər var ürəyimizdə,
Hələ ana haqqı kürəyimizdə;
Qəlbimiz qayğılar qoruna düşüb.
Səsimiz çırpınır vərəqlər üstə,
Səsimiz hörümçək toruna düşüb…
Dünyanın dolaşıq kələflərində
Yol azıb,
Qəribtək itmək də olar,
Çırpıb bu dünyanın qapılarını
Küsüb, birdəfəlik getmək də olar.
Ömür bu həyatın dolaylarında
Sabahkı cığırdı,
Bugünkü izdi;
Hələ ilk nəğməmi oxuyuram mən,
Sonuncudan demək bəlkə də tezdi.
Hələ nəğmə dolu bu ürəyimdə
Yaşamaq, yaratmaq eşqim var mənim,
Hələ bu dünyayla işim var mənim!..
Hələ dövlətlərin sərhədlərindən
Tikanlı məftili götürməliyəm.
Hələ yol gözləyən analara mən
Bir nəslin adını gətirməliyəm.
Hələ bu dünyanın meydanlarından
Dava kağızını süpürməliyəm.
İşsiz əsgərlərin ovuclarında
Bənövşə, qərənfil bitirməliyəm.
Yüyürüb ayların, illərin üstən
Araza körpülər salmalıyam mən,
Pusquda dayanmış ac lülələrdən
Alov qanadları almalıyam mən…
Dünyanın Buhenvald ocaqlarını
Meridian qəfəsdə söndürüm gərək.
Muğam bənövşəsi – “Yetim segah”ı
Özgə planetdə dindirim gərək…
Hələ nəğmə dolu bu ürəyimdə
Yaşamaq, yaratmaq eşqim var mənim,
Hələ bu dünyayla işim var mənim!..


Oxşar yazılar:

Mikayil Müşviq Şeirləri
Nizami Gencevi Seiri
Nizami Gencevi Seiri

2.4/5 - (9 votes)
Back to top button