Bəxtiyar Vahabzadə şeirləri
Vahabzadə Bəxtiyar Mahmud oğlu Şəki şəhərində anadan olmuş məşhur Azərbaycan şairi, dramaturqu və ədəbiyyatşünasıdır. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz bəzərsiz yaradıcılığı ilə milli ədəbiyyatımızın zənginləşməsində mühüm rol oynayıb.
O, bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
70-dən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.
1️⃣ ÜRƏK
Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.
Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!
2️⃣ AZƏRBAYCAN
Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.
Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.
Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.
3️⃣ SƏNINLƏ DÜNYADA BƏXTIYARAM MƏN
Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.
Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!
Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.
4️⃣ AXTARIŞLARIM
Dünyadan od alır arzu da, kam da,
Könlümün içində necə gizlənim?
Gözüm də, könlüm də, qulaqlarım da
Gecəli, gündüzlü axtarır mənim…
Nə gecə tanıyır, nə gündüz könül
Axtarır,
axtarır…
“Yetər!”-deyəmmir.
Tapdığı incini doyumsuz könül,
Bu gün bəyənsə də, sabah bəyənmir.
Tapdım, uşaq kimi sevinirəm mən.
Özüm vuruluram sətirlərimə.
Sonra görürəm ki,
tapdıqlarımın,
Heç biri könlümcə deyilmiş, demə!
İstərəm, həmişə aşıb-daşam mən.
Gecəli-gündüzlü axtanşımdan
Tapdığım ləzzəti
tapdıqlarımda
tapmamışam mən.
Gəzib axtarıram,
Gördüklərim çox.
Min şeir gizlənib hər qarışımda.
Yox-yox!
Gözəlliyi tapdığımda yox,
Tapmışam əbədi axtarışımda.
5️⃣ GECƏLƏR
Səhərlərim-boyasız, gündüzlərim-qorxusuz
Gecələrim-narahat, gecələrim-yuxusuz.
Başbaşayıq sübhə tək mənimlə fikirlərim,
Gecələrə açılır gizli-gizli sirlərim.
İndi mən qısılmışam gecələrin qoynuna
Boylanıram içimdə gah əvvələ, gah sona.
Gecələr-sığnaq yerim, gecələr-pənah yerim,
Gecələr bir-birilə döyüşən fikirlərim.
İnanardı ağıl da öz içimin səsinə
Şirin xəyallarımın yumşaq mütəkkəsinə
Baş qoyardım bir zaman
Xəyalı gerçək kimi yaşayardım bir zaman.
İndi qurban verməyə hazıram bir yad kimi
Min-min səhərlərimi, min-min gündüzlərimi
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.
Allahın bal yuxusu mənə haram gecələr
Sürünürəm gündüzlər, yaşayıram gecələr.
Anam deyərdi: “Oğul, sən gecə doğulmusan
Bəlkə buna görə də gecəquşu olmusan”.
Mən təpədən dırnağa indi səbrəm, dözüməm,
Çoxluğumda başqası, təkliyimdə özüməm.
Verdiyin tənhalığı geri götürmə, Allah,
Gecəmlə həsb-halı mənə çox görmə, Allah.
Mənim mənə ən yaxın sirdaşımdır gecələr,
İçimə damcılayan göz yaşımdır gecələr.
Gecələr sığnaq yerim, gecələr pənah yerim,
Səhərlər açılanda qapanır kirpiklərim.
Öyrəndim gecələrden
Qaranlıq içində mən
Ulduz-ulduz yanmağı,
Özümə qapanmağı, içimə boylanmağı.
Gecələrin sahibi, gündüzlərin quluyam,
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.
Gecələr çiçəklənir söz gülşənim, söz bağım
Gecələrin şahıyam, yoxdur mənim ortağım.
6️⃣ DÜNYANIN
Baş çıxarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.
Nə gözəldir ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.
Arzum üçün bir mələyən cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?
Ey Bəxtiyar, zaman ömrü əridər,
O dünyaya getməmişdən çürüdər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.
7️⃣ ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
Oxşar yazılar:
Nizami Gencevi Seirleri
Mikayil Musfiq haqqinda melumat
Mehemmed Fuzuli haqqinda melumat