Dilimizdə çox işlənməyən və ümumi olmayan sözlərdən biridə dilemma sözüdür. Bununla belə, yazılı mənbələrdə və internetdəki bəzi məqalələrdə çox yayılmış söz kimi önə çıxır.
İnsanın istəmədiyi halda, hər iki seçimdə seçilən qərarın düzgün olmamasına baxmayaraq qarşılaşdıqda onlardan birini etməyə məcbur edən vəziyyət dilemma adlanır.
Müsbət şeylər arasında seçim edə bilməmək vəziyyətinə ‘qərarsızlıq’, mənfi şeylər arasında seçim etməkdə çətinlik çəkməyə isə ‘dilemma’ deyilir. Aşağı tüpürsəm saqqal, yuxarı tüpürsəm bığ” atalar sözü dilemmanı ifadə edən ən doğru atalar sözlərindəndir.
Dilemma nümunəsi:
Gəlin dilemmanı bir misalla izah edək. Məsələn, sizin çox vacib işgüzar görüşünüz var. Ancaq eyni gündə bir ailə görüşünüz də var. Almaniyadan qonaqlarınız var. Bir tərəfdən onları qarşılamaq istəyirsən. Ancaq eyni zamanda, işgüzar görüşünüz təxirə salına biləcək bir görüş deyil. Əks halda, karyeranız təhlükə altında olacaq.
Dilemmanın növləri:
Dilemma 2 növdə olur. Quraşdırıcı dilemma və dağıdıcı dilemma. Nəticədə əgər şərti hökmdə verilmiş xassə, yaxud fikir iqrar edilirsə – qurucuya,əgər inkar idilirsə – dağıdıcı dilemmaya aiddir. Qurucu dilemmaya nümunə olaraq Y. Semyonovun “Baharın on yeddinci anı” kitabından əsərin baş qəhrəmanı Ştirlisin mühakiməsini vermək olar: “Əgər Berlinə getsəm, məni gestapo həbs edəcək, Moskvaya qayıtsam, onda tapşırığı yerinə yetirə bilməyəcəm. Lakin mən Berlinə gedə bilmərəm, yaxud Moskvaya qayıda bilmərəm. Məni gestapo həbs edəcəkdir, yaxud tapşırığı yerinə yetirə bilməyəcəm”.
Gətirilən nümunədə alınan nəticə konkret deyil. Lakin belə bir qayda əsas tutulur ki, iki çətin vəziyyətdən ən az çətin olanı seçilir.
Dağıdıcı dilemmada isə kiçik müqəddimələrdə verilmiş şərtlər, alternalar da, nəticə də inkar olunur. Məsələn: “Yetərincə vaxtım olarsa, ya kitab üzərində işləyəcəm, ya da səyahətə çıxacam”. “Nə kitab üzərində işlədim, nə də səyahətə çıxdım”. Nəticə: “Mənim asudə vaxtım yetərincə olmadı”.
Dilemmanın qaydaları :
Dilemmanın struktur təhlilinə baxsaq görərik ki, aşağıdakı qaydalar gözlənildikdə, müqəddimələrdən doğru nəticələr alınar:
1. Qurucu dilemmada mühakimə prosesi əsasın iqrarından nəticənin iqrarına yönəldilməlidir; dağıdıcı dilemmada isə fikir nəticənin inkarından əsasın inkarına doğru getməlidir.
2. Təqsimi hökmdə mümkün olan bütün alternativlər sadalnamalıdır, başqa sözlə, onlar fikirdə tam əks olunmalıdır.
Dilemmanın istifadəsi:
Praktikada və elmin müxtəlif sahələrində dilemmadan tez-tez istifadə edilir. Cəmiyyətin inkişafında da çətin vəziyyət yarandıqda, xalq dilemmanının iki qütbündən birini seçməli olur. Bəzən dilemmadan zidd fikirləri inandırıcı surətdə təkzib etmək məqsədilə də istifadə olunur. Məhkəmə praktikasında dilemmadan istifadə edərkən çox diqqətli olmaq lazımdır, çünki bu yolla həqiqət aşkara çıxarmaq olmur, bunları qəti hökmlərlə, onların dəyişməsilə əvəz etmək lazımdır.