Ali Tehsil

Dünyanın ən yaxşı universitetləri hansılardır?

Uşaqlıqdan müxtəlif xəyallar qurmaq bizi birləşdirən dəyərlərdəndir. Həmin xəyallarda harada, necə, kimlərlə olmağımızdan asılı olmayaraq dəyişməyən nüanslardan biri odur ki, özümüz üçün ən yaxşısını istəyərik. Sevimli ev, uğurlu karyera, bol səyahətlər, bəzən böyük səhnələr və s. Təbii ki, arzu etdiyimiz hər şeyə çatmaq üçün mütləq şəkildə doğru addım atmalı olduğumuz məqamlar, seçimlər var. Onlar arasında ən yaxşı təhsil almaq qərarı da yer alır. Çalışmaq lazımdır ki, öz portfolionda qeyd edərkən insanların diqqətini çəkən universitetlərdə təhsil alasan. Bu təkcə göstəriş üçün deyil həmçinin öz şəxsi və karyera həyatımızı uğur zirvələrinə daşımaq üçün önəmlidir. İstənilən halda ilk baxışdan özünü güclü təqdim etmək üçün adlarımızın ən nüfuzlu ali təhsil ocaqlarının adıyla hallanması da bizi önə çıxarır.  Elə isə gəlin, dünya üzrə ən nüfuzlu universitetlərlə tanış olaq. 

Məşhur “Times Higher Education” şirkəti 2023-cü il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb. Siyahıya əsasən, dünyanın ən yaxşı universiteti statusuna İngiltərənin Oksford Universiteti layiq görülüb. İkinci yerdə isə ABŞ-ın Harvard Universiteti qərarlaşıb. Ümumilikdə siyahıya daxil olan dünyada və Türkiyədə fəaliyyət göstərən məşhur universitetləri tanıyaq.

  • Oksford Universiteti

Böyük Britaniyanın ən məşhur universitetlərindən biridir. Oksford məzunlarının 91%-dən çoxu məzun olduqdan sonra 6 ay ərzində işlə təmin olunur. Onların böyük əksəriyyəti isə daha çox təhsil almaq üçün Oksfordda qalır. Eyni zamanda Oksford Universiteti ən çox baş nazir yetişdirən ali təhsil ocağıdır. Oksford Universitetinin əsas tədqiqat kitabxanası olan “Bodleian” Avropanın ən qədim kitabxanalarından biridir.

  • Harvard Universiteti

Harvard Universiteti Massaçusetsdə yerləşən özəl tədqiqat universitetidir. Harvard Universiteti 50 bakalavr, 134 magistr dərəcəsi və 32 peşəkar dərəcə təklif edir. Harvard Universitetinin məzunları və tədqiqatçıları arasında 161 Nobel mükafatı laureatı var. Universitet həm tələbələr, həm də valideynlər üçün ABŞ-da “arzular məktəbi” kimi tanınır. 

  • Kembric Universiteti

Kembric Universiteti 1209-cu ildə İngiltərənin Kembric şəhərində yaradılmış dövlət universitetidir. Kembric Universitetində istədiyiniz kitabı tapmaq və ya oxumaq üçün sakit yer axtarmağa ehtiyac yoxdur. Çünki universitetdə hətta hər fakültə və ya şöbənin öz kitabxanası var. Böyük Britaniya və İrlandiyada nəşr olunan istənilən kitabın pulsuz surətini tələb etmək hüququnuz da var. Kembric Universiteti xüsusilə elm və riyaziyyat sahəsindəki nailiyyətləri, mükafatlı tədqiqatları və məşhur məzunları ilə tanınır. Onların arasında ən tanınmışı İsaak Nyutondur. Kembric İngiltərədə sosial media hesablarından, xüsusilə Instagram-dan ən yaxşı şəkildə istifadə edən, tələbələrinə və məzunlarına əyləncəli məzmunla çata bilən təhsil müəssisələrindən biridir.

  • Stanford Universiteti

Stenfordda Palo Alto şəhəri yaxınlığında, San Fransiskodan 35 mil cənubda yerləşən Stanford Universiteti özəl tədqiqat universiteti olaraq hər il ABŞ-da təhsil almaq istəyən tələbələrə öz qapılarını açır. Stenford ABŞ-ın ən məşhur prezidentlərindən tutmuş tanınmış aktyor və yazıçılara qədər bir çox uğurlu adlara ev sahibliyi edir. Universitetdə kompüter elmləri tədqiqatı xüsusi ilə seçilən bölmələrdəndir. 

  • Massaçusets Texnologiya İnstitutu

ABŞ-da təhsil almağı düşünən tələbələrin ən çox seçdiyi universitetlərdən biri olan Massaçusets Texnologiya İnstitutu ilk tələbələrini 1865-ci ildən qəbul edir. Massaçusets Texnologiya İnstitutu tələbələrinə kompüter texnologiyası, mühəndislik, maliyyə və konsaltinq sahələrində məzun olduqdan sonra ABŞ-da iş imkanları da təklif edir. Ən tanınmış işəgötürən şirkətlər arasında Google, Oracle, Apple, Boeing, Microsoft yer alır. 

  • Kaliforniya Texnologiya İnstitutu

Kaliforniya Texnologiya İnstitutu (Caltech) ABŞ-ın Kaliforniya ştatında yerləşən özəl tədqiqat universitetidir. Əsas kampusu Kaliforniyanın Pasadena şəhərində Los-Anceles şəhərinin şimal-şərqində yerləşir. Universitet Kimya Mühəndisliyi, Kompüter Elmləri, Maşınqayırma Mühəndisliyi və Fizika üzrə dünyanın aparıcı universitetləri sırasında yer alır.

  • Kaliforniya Universiteti, Berkeley

Kaliforniya Universiteti 1868-ci ildə yaradılıb. Ən yaxşı kampuslardan biri San Fransisko körfəzindəki Berklidə yerləşir. Dövlət universiteti olan Kaliforniya Universiteti tələbələrə bakalavr, magistratura, doktorantura və ixtisaslaşdırılmış təhsil imkanları təklif edir. 

  • Princeton Universiteti

1746-cı ildə qurulan Princeton Universiteti ABŞ-ın dördüncü ən qədim kollecidir. Princeton tələbələrinə incəsənət və humanitar elmlər, sosial elmlər, təbiət elmləri və mühəndislik üzrə bakalavr və magistr dərəcələri təklif edir. Universitetin kimya, iqtisadiyyat, ədəbiyyat, fizika, fiziologiya və tibb sahələrində Nobel mükafatları və bir çox Pulitzer mükafatları var.

  • Yale Universiteti

1701-ci ildə əsası qoyulan universitet ABŞ-ın üçüncü ən qədim ali təhsil müəssisəsi hesab olunur. Yale Universitetinin kitabxanası 15 milyondan çox cilddən ibarətdir. Bu baxımdan Amerikada üçüncü ən böyük akademik kitabxanadır. Universitetin məzunları, alimləri və tədqiqatçıları arasında 65 Nobel mükafatı laureatı var. Eyni zamanda universitet bir çox dövlət başçıları, incəsənət xadimləri, elm xadimlərini yetişdirmişdir.

  • London Imperial Kolleci

London Imperial Kolleci adından da göründüyü kimi, İngiltərənin paytaxtı Londonda yerləşən ictimai tədqiqat universitetidir. Ali təhsil ocağı 140-a yaxın ölkədən axın edən minlərlə tələbəyə ev sahibliyi edir. Böyük Britaniyanın və dünyanın ən yaxşı universitetləri sırasında yer alan London İmperial Kolleci qəbul prosesində yüksək rəqabətə malik universitetlərdəndir. Bu mənada tələbə namizədləri maraqları, könüllülük əsaslı fəaliyyətləri və sosial məsuliyyət layihələrində iştirakı, məlumatlılığı və akademik potensialı nəzərə alınmaqla qiymətləndirilir.

Siyahıya daxil olan Türkiyə universitetləri hansılardır?

Türkiyənin 3 universiteti 2023-cü il üzrə dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil edilib. 401-500 bal şkalasında ilk 500-lüyə Çankaya Universiteti, Koç Universiteti və Sabancı Universiteti daxil olub. Siyahıda 601-800 bal arası reytinqdə Bahçeşehir Universiteti, Hacettepe Universiteti və İTÜ yer alır. 801-1000 bal arasındakı sıralamada isə Bilkent Universiteti, Boğaziçi Universiteti, Düzce Universiteti, Fırat Universiteti, İstanbul Mədəniyyət Universiteti və Özyeğin Universiteti təmsil olunur.

Dünyanın ən yaxşı universitetləri hansılardır?

Son statistikaya əsasən, dünyanın ən yaxşı universiteti statusuna İngiltərənin Oksford Universiteti layiq görülüb. İkinci yerdə isə ABŞ-ın Harvard Universiteti qərarlaşıb. 

Xaricdə təhsil aldıqda diplomlar tanınırmı?

Xarici ölkələrdə dövlət səviyyəsində qeydiyyatdan keçən universitetlərin diplomları tanınır.

Nüfuzlu universitetlərdə burs qazanmaq mümkündürmü?

Bəli, müxtəlif universitetlərdə və proqramlarda mövcud olan burslardan yararlanmaq mümkündür.

2.4/5 - (5 votes)
Back to top button