Azərbaycan Dili

Fonetik hadisə və qanunlar

Dilin digər cəhətləri kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcuddur. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.

Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətlərinin əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusi ilə də  başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar  çox mühümdür. Yəni ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, və ya əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.

Müasir Azərbaycan dilinin  də bir sıra fonetik hadisə qanunları var. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və zaman – zaman əmələ gəlmişdir.

Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:

  • assimilyasiya,
  • dissimilyasiya,
  • səsartımı,
  • səsdüşümü,
  • yerdəyişmə,
  • ahəng qanunu,
  • cingiltiləşmə qanunu.

Assimilyasiya:

Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına assimilyasiya deyilir. Məsələn, sən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz səndən əvəzinə, sənnən şəklində tələffüz edilir.

Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar olaraq meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu var. Yəni ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.

Dissimilyasiya:

Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsi hadisəsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.

Çəmənlər, bağçalar, bağlar sararsa,

Fəzalar dönərək sular qararsa,

Hər şeyi bir ölüm qorxusu sarsa

Əyilməm bir daha… bir həvəs məni….

(S.Vurğun)

Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə raq şəkilçisi artırılmaqla düzəldilmişdir.

Ancaq sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu I səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.

Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqaməti və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.

Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiya yaxın dissimilyasiya adlanır. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Bunə səbəbdən də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.

Səsartımı

Azərbaycan dilinin təbiətinə görə sözdə əgər  iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Elə buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.

Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s.

Səsdüşümü

Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həmçinin də samitlərdə müşahidə olunur. Ancaq saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.

Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə özünü göstərir.

Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.

Səs yerdəyişməsi

Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:

Layihə — lahiyə — (yh — hy)

Torpaq — topraq — (rp — pr)

Fərhad — Fəhrad — (rh — hr)

Yanlış — yalnış — (nl — ln)

Məşhur — məhşur — (şh — hş) və s.

Yerdəyişmə dilimizdə elə də geniş  yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir.

Ahəng qanunu

Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə. sözün ilk hecası incə saitlidirsə, sonraki saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın olmalıdır. Sözdə qalın və ya incə saitlərin bir birini izləməsinə ahəng qanunu deyilir.

Cingiltiləşmə qanunu

Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmə qanunudur. Digər fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.

Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Back to top button