Azərbaycan Dili

Sözün leksik mənası

Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır.

Leksikologiya yunanca iki sözdən – lexikos (söz) və loqos – dan (təlim) ibarətdir. Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir  Leksika dilin lüğət tərkibi, dildəki bütün sözlərin cəmi mənasında başa düşülür.

Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı vəs ifadə etməyə xidmət göstərir. Hər bir sözün birbaşa ifadə etdiyi mənaya sözün leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz ifadəsini tapır. Məsələn :

Kərə – əridilmiş yağ, şit yağ

Maya – I. Qıcqırtça əmələ gətirən maddə, rüşeym, döl, müəyyən bir şeyə qoyulan pul,

              II. Dişi dəvə.

Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur. Məsələn : dəryaz sözünün ot çalmaq üçün uzunsaplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır ; isim olması, adlıq halda işlənməsi isə qrammatik mənasıdır.

Əsas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur. Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur.

İzahlı lüğətlərdə dözün leksik mənaları, orfoqrafiya lüğətlərində onların düzgün  yazılış qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur. Lüğətlərin mənası çoxdur : orfoqrafiya, orfoepiya,leksika,termin lüğətləri və s. Bunların hamısında sözlər əlifba sırası ilə düzülür.

  • Bütün sözlərin leksik mənası olmur
  • Sözün leksik mənası onun məzmununu əks etdirir
  • Sözün qrammatik mənası sözlərin hansı nitq hissələrinə aid olması və həmin nitq hissəsinə xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir
  • Həm əsas, həm köməkçi nitq hissələrinin, həm də şəkilçilərin qrammatik mənası olur.

Sözün leksik mənasını müxtəlif yolla izah etmək olar :

1.Həmin sözə yaxın mənalı söz (sinonim) seçməklə:

   özül – təməl – bünövrə

 qaçmaq – yüyürmək

2.Əşyanın hərəkətin əlamətini izah etməklə

    şütümək – sürətlə ötüb keçmək

    sarıköynək – darı rəngli kiçik çöl quşu

3.Düzəltmə və mürəkkəb sözün hissələrinin mənasını açmaqla :

     sövdəgər: sövdə – ticarət, gər – sənət – peşə mənası yaradan şəkilçi

     meşəbəyi – meşə gözətçisi

4. Sözə əks mənalı (antonim ) sözü seçməklə :

      gözəl – çirkin

      dağ –  dərə

Sözün qrammatik mənası dedikdə nəzərdə tutulur :

1.Sözün hansı nitq hissəsinə aid olması

2.Nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıması

 3. Cümlədə hansı sintaktik vəzifəni daşıması

 4.Cümlədə həm nitq hissəsi kimi, həm də cümlə üzvü kimi hansı suallara cavab verməsi.

Məsələn:

1.düşüncə – mücərrəd isinir, nə? sualına cavab verir, aclıq haldadır, cümlədə mübtəda, tamamlıq və xəbər ola bilər.

2. güldürmək – feildir, düzəltmədir, təsirlidir, məlum növdədir və s.

3. üçün – qoşmadır, yiyəlik hala qoşulur, səbəb mənasını bildirir.

4. – ın ( in, un, ün) həm leksik, həm  də qrammatik şəkilçi kimi işlənə bilir. Leksik şəkilçi kimi isim düzəldir, qrammatik şəkilçi kimi isimlərdə hal, mənsubiyyət, feillərdə isə şəxs sonluğu kimi işlənə bilir.

3.9/5 - (7 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button