İnşalar

Tar haqqinda melumat

Tar haqqinda melumat Tehsil.com.az saytında təqdim olunur. Azərbaycanın milli-irsi sərvətlərindən olan tar hər zaman ən çox istifadə olunan çalğı alətlərimizdən biridir. Xüsusilə xalq mahnıları zamanı, seygahların ifasında tarın müşayiəti vacibdir. Bəs bizlər bu gözəl çalğı alətimiz olan tar haqqinda melumat sahibiyikmi? Gəlin, tanış olaq.

Tar Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir ən mükəmməl və təkmil çalğı aləti hesab olunur.
Dahi bəstəkar Üzeyir Hacıbəyov tar haqqında yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”.
“Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Qədim musiqi alətlərindən olan tar da, digər çalğı alətləri kimi əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyunca formalaşaraq günümüzə gəlib çatmışdır.
Orta əsr klassiklərimizdən Qətran Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində tarın adına rast gəlmək olur.
Dü tar, se tar, çahar tar, pənc tar və şeş tar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. “Məqasid əl-əlhan” əsərində şeş tar (6 simli) barədə məlumat verən Əbdülqadir Maraği, bu aləti geniş təsvir etmişdir.
Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlinir.

Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi “Tarçalan qız” əsəri bunu sübut edir.

Tarın quruluşuna XIX əsrin II yarısında Mirzə Sadıq Əsəd oğlu tərəfindən dəyişikliklər edilmiş, simlərinin sayı artırılaraq 5-dən11-ə çatdırılmışdır. Həmçinin o, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır.
XX əsrdə daha güclü inkişaf mərhələsinə başlamış müasir tar ifaçılığı, 1931-ci ildə Ü.Hacıbəyov və M.Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində aparıcı alət kimi əsas yeri tutmuşdur. Əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırmışdır.
Bu çalğı alətindən əsasən, muğam üçlüyünün tərkibində (tar, qaval, kamança) aparıcı alət kimi istifadə edilib. Bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayan tar muğam operalarında solo oxumalar müşayiəti edir. Hətta Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar.
Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqlənir. Tar, əsasən, üç hissədən – çanaq, qol və kəllədən ibarətdir.

Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 165 mm, eni 185 mm-dir.
Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri vardır. Mizrabla səsləndirilən tar sümük və ya ebonitdən hazırlanılır.

Simlər üç qrupa bölünür:

  1. Ağ, sarı və kök simlər (hər biri bir cüt olur).
  2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
  3. Zəng simlər (cingənə; iki cüt olur)


Bu çalğı aləti sinədə üfiqi tutulur. Sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır. Sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxaraq çalınır.
Yəqin ki, bir çoxlarımız mizrab, ştrixlərdən istifadə olunaraq tarın çalındığını görmüşük. Bunlardan əsasən ifa zamanı texniki və bədii imkanları təmin etmək üçün istifadə edilir. Üst-mizrab, alt-mizrab, üst-alt- mizrab, alt-üst-mizrab, rux (sağ-sol) mizrab, santur-mizrab (üst-alt-üst) və digər ştrixlərdən əlavə, lal barmaq dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur.
İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandıra bilir. Buu fasilə zamanı yaranan effekt “xum” adlanır.
Tar üçün notlar «do» sistemli metso-soprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın «do» səsindən ikinci oktavanın «sol» səsinə kimidir.

Yəqin ki, bu məlumatlar bir çox oxucumuz üçün qaneedici olacaqdır.

4.5/5 - (65 votes)

Əlaqəli yazılar

Back to top button