Azərbaycan Dili

Bağlayıcılar

Cümlə üzvləri və ya cümlələr (bəzən də abzaslar) arasında əlaqə yaradan,onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsinə bağlayıcı deyilir.

Cümlədəki vəzifəsinə (sintaktik vəzifəsinə) görə bağlayıcılar iki növə bölünür: tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları.

Tabesizlik bağlayıcıları həm sadə cümlədə, həm də tabesiz mürəkkəb cümlələrdə işlənir. Sadə cümlələrin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlələrin isə tərkib hissələrini bir-birinə bağlayır.

Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və onların tərkib hissələrini bir-birinə bağlayır.

Bağlayıcıların quruluşu :

Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur.

Sadə bağlayıcılar bir tərkib hissəsədən ibarət olur: amma, yəni, məsələn,ilə, əgər, hərçənd, məgər və s.

Mürəkkəb bağlayıcılar iki və ya üç müxtəlif nitq hissəsinə aid sözlərdən yaranır və bitişik yazılır. hərgah, halbuki, habelə. Bəzən tərkibi bağlayıcılar da fərqləndirilir. Bu bağlayıcılar ayrı yazılan tərkib hissələrindən ibarət olur : yəni ki, belə ki, həm də və s.

Bağlayıcılarda vergülün işlənməsi qaydaları

1.Və, ilə bağlayıcıları vergüllə işlədilmir.

2. Amma, ancaq, lakin, hətta, fəqət, halbuki, ona görə ki, ondan ötrü ki, həmçinin, habelə, o cümlədən, məsələn, yəni və s. bu kimi tək işlənən bağlayıcılardan əvvəl vergül qoyulur : Məsələn : Mən istəyirdim, amma onlar razı qalmadılar. Mən gələnləri, yəni təzə tələbələri tanımırdım. Məmməd demədi, ona görə ki, buna ehtiyac duymadı.

3. Ki, belə ki bağlayıcılarından sonra vergül qoyulur. Məsələn : Evə çatdırdım ki, Akif məni səslədi. Oda bizə aydındır ki, əhali bunu bilməli idi.

4. Təkrarlanan da, (də) bağlayıcısından sonra (sonuncusunsundan başqa) vergül qoyulur. Lakin da (də) bağlayıcısı tək işləndikdə ondan əvvəl və sonra vergül qoyulmur. Lalə də, Gülnar da dərsə gəlmədi.

5. Gah, həm,nə ya istər bağlayıcılarında birincidən başqa, qalanlardan əvvəl vergül qoyulur. Məsələn : Gah yağış yağırdı, gah külək əsirdi. Nə yardan doyur,  nə əldən qoyur.

Digər nitq hissələri ilə qarışa bilən bəzi bağlayıcıların fərqləndirilməsi :

Bəzən, da, də iştirak bağlayıcısı ilə ismin yerlik hal şəkilçisi olan – da(də), ki aydınlaşdırma bağlayıcısı ilə sifət düzəldən   – kı( ki, ku, kü) şəkilçisi qarışdırılır.

Bunları fərqləndirmək üçün bilmək lazımdır :

Da bağlayıcı kimi işləndikdə ayrı yazılır,vurğu qəbul etmir, cümlə və ya cümlə üzvləri arasında əlaqə yaradır. Yerlik hal şəkilçisi kimi işləndikdə isə sözə bitişik yazılır, vurğu qəbul edir və sualın tərkibində də ( kimdə? nədə? harada?) işlənir. Məsələn : Səndə (kimdə? – yerlik hal) deyəsən, təzə xəbər var. Sən də ( kim? – bağlayıcısı) lap ağ elədin ha!

Başqa nitq hissələrindən sifət düzəldən  – kı(ki, ku, kü) ahəng qanuna görə dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır. Məsələn : bayaq kı, ( hadisə). dünən ki (söhbət) və s – ki (kı, ku, kü) şəkilçisi yiyəlik halda olan əvəzliklərə artırılaraq isim düzəldir. sizinki, özümüzünkü, bizimki.

Ki bağlayıcısı isə tabeli mürəkkəb cümləni əmələ gətirən cümlələri bir birinə bağlayır.;

Məsələn: İnanıram ki, Aqil Əsgərov bu işin öhdəsindən gələcək. Ki həm də ədat kimi işlənir,bu zaman qüvvətləndirmə mənası daşıyır və ondan sonra heç vaxt vergül qoyulmur.: Sən ki bunu bilirsən.

4.8/5 - (122 votes)

Əlaqəli yazılar

Back to top button