Maraqlı Məlumatlar

Öyrədici hekayələr

Foto: “İt və eşşək” Şimali Osetiya, Rusiya

1) İt və eşşək

Kəndlərin birində bir kişi rəhmətə gedir. Kişinin ölümünə həyətdəki eşşəyin sevindiyini görən it soruşur:
– Niyə sevinirsən?
– Sahibim məni çox işlədirdi, daim yük daşıyırdım, öldü, ondan qurtuldum.
– Sən sahibindən qurtulmağın deyil, eşşəkliyindən qurtulmağın yolunu axtar. Sən eşşək qaldıqca səni işlədən yenə tapılacaq.

2. Zəhmətkeş ata və tənbəl oğullar

Bir vaxtlar zəhmətsevər və əliaçıq bir cütçü var imiş. Onun son dərəcə tənbəl və acgöz oğulları heç nədə atalarına çəkməyibmişlər. Ölüm ayağında oğullarını başına toplayan qoca onlara vəsiyyət eləyir ki, əgər filan yerdəki torpaqları yaxşıca şumlasalar, oradan dəfinə tapa bilərlər.

Atalarını torpağa tapşırandan sonra oğullar onlara nişan verilən yerə gəldilər. Tənbəlliklərini bir kənara qoyub, oranı eninə-uzununa şumladılar, qazdılar, altını üstünə çevirdilərsə də, əllərinə heç nə keçmədi.

Ümidlərinin puça çıxdığını görən oğullar belə qərara gəldilər ki, yəqin ataları buraya gömdüyü dəfinəni comərdlik edərək, ona-buna payladığını unutduğu üçün ölüm ayağında onlara yanlış vəsiyyət edibmiş. Odur ki, çalışmalarını tez-tələsik dayandırdılar. Amma yaranışdan tənbəl olduqları üçün çəkilən bunca əziyyətə heyifləri gəldi və düşündülər ki, bir halda ki, torpaq şumlanıb, daha ərinməsinlər, oraya toxum səpməyə girişsinlər. O geniş ərazidəki əkin yerinə səpdikləri buğda bir neçə ay sonra bol məhsul verdi. Taxılı biçib, satan qardaşlar həmin ili gözü-könlü tox şəkildə yola saldılar.

Aradan bir az keçdi və qardaşlar atalarının vəsiyyət etdiyi o dəfinəni təkrar və fərqli biçimdə axtarmaq qərarına gəldilər. Ərazini başdan-ayağa şumlasalar da, yenə də dəfinəni tapa bilmədilər.

Bir neçə il beləcə davam elədi. Artıq qardaşlar zəhmətə, alın təriylə yaşamağa alışmışdılar, hansı mövsümdə nəyin tədarükünü görəcəklərini yaxşıca öyrənmişdilər. Elə həmin vaxt onlar anlamağa başladılar ki, mərhum ataları tənbəl oğullarını halal əməyə alışdırmaqdan ötrü o dəfinə söhbətini uydurubmuş. Bir qədər də keçəndən sonra onlar zənginlik baxımından özlərini o dərəcədə tutdular ki, daha o torpağın altında yatan, əlçatmaz dəfinəni ələ keçirməkdən birdəfəlik əl üzdülər.

Rocer Bekon (1214-1292) Fransisk təriqətinin üzvü olan alimin əsərlərində sufilik fəlsəfəsindən sitatlara sıx-sıx rastlandığı üçün Papanın fərmanına əsasən oradan qovulubmuş.

3. Mark Tven

Mark Tvendən (1835-1910) soruşurlar:

– Atanın sözündən çıxdığın yadına gəlirmi?
– Gəlir, gəlir. Bir dəfə atam mənə nəsihət verib möhkəm tapşırdı ki, əxlsqsız yerlərə getməyim. Mən onun sözündən çıxdım, getdim və onun özünü birinci sırada oturmuş gördüm.

4. Bill Gates və jurnalist

Jurnalist xanım efir qonağı olan Bill Qeytsə sual verir:

– Sizin uğurunuzun sirri nədir?

Bill Qeyts çek kağızını jurnalistə uzadır:

– Xahiş edirəm, ürəyiniz istədiyiniz məbləği bura yazın.
– Yox, yox, mən bunu nəzərdə tutmamışdım.
– Mənim uğurumun sirri odur ki, mən qarşıma çıxan fürsətləri qaçırmıram. Hansı ki, az öncə siz dünyanın ən varlı jurnalisti olmaq fürsətini qaçırdınız.

5. Yahudi Şmukerlər ailəsi

Yəhudi Şmukler ailəsi nəsillikcə mismar düzəltməklə məşğul olurlar. Bir gün ata oğlunu yanına çağırıb deyir:

– Oğlum, 30 ildir fasiləsiz işləyirəm, bir ay sən müdirlik elə, mən ananı da götürüm, gedim istirahətə.
– Ata, mən mütəxəssis deyiləm axı, ancaq reklam işini bacarıram.
– Eybi yoxdur, anbar mıxla doludur, biz gələnə qədər oradan satarsan, mən gəlib yenidən istehsala başlayaram.

Ata yollanır istirahətə, iki həftədən sonra oğlu zəng edir:

– Ata, təcili qayıt. Mıx qurtarıb, hamısını satmışam.
– Necə?
– Reklam verdim, hamısını aldılar.
– Nə reklamdır o?

Oğul ataya reklamı göstərir – İsa peyğəmbər çarmıxa çəkilib və aşağıda yazılıb: “Şmuklerin mıxları 2000 ildir ki, xarab olmur”.

Ata reklama baxıb deyir:

– Oğlum, sən doğrudan da dahi reklamçısan, amma axmaqsan. Peyğəmbəri də reklama qoyarlar? Tez ləğv et bu reklamı.

Atanın əmri ilə istehsal yenidən başlanır, özü isə istirahətinə davam edir. Bir həftədən sonra yenə oğul zəng edir:

– Ata, tez qayıt, mıxlar bu dəfə daha tez satıldı.
– İndi nə etmisən?
– Reklamdır, amma sən deyənə qulaq asmışam, peyğəmbər yoxdur.

Oğul atasına yeni reklamını göstərir – posterdə boş xaç təsvir olunub və aşağıda yazılıb: “Əgər onlar Şmuklerin mıxlarından istifadə etsəydilər…”

6. Çexov və müharibə

Rus yazıçısı Anton Çexova (1860-1904) bir xanım sual verir:

— Anton Pavloviç! Necə düşünürsünüz, müharibə nə ilə bitəcək?
— Yəqin ki, sülhlə.
— Əlbəttə ki. Ancaq, kim qalib gələcək?
— Mənə elə gəlir ki, kim güclüdürsə, o da qalib gələcək.
— Bəs sizə görə güclü kimdir?
— Ən yaxşı qidalananlar və daha çox savadlı olanlar ən güclü olanlardır.
— Əhsən, necə də gözəl dediniz! Bəs siz ən çox kimi sevirsiniz, yunanları, yoxsa türkləri?

Çexov təbəssümlə deyir:

— Mən marmeladı sevirəm…

7. Konfutsi məsləhəti

Qədim Çin filosofu Konfutsi (e.ə.551 – e.ə.479) əlindəki almanı vazanın içinə ataraq şagirdlərə sual verir:

— Kim almanı vazadan çıxarsa, o, almanı yeyə bilər?

Şagirdlərdən biri əlini vazanın içərisinə saldı, ancaq vazanın aşağı hissəsi geniş, yuxarı hissəsi isə dar idi. Buna görə də, şagird nə qədər çalışsa da, almanı vazadan çıxara bilmədi.

— Əlimi çıxara bilmirəm!
— Əlini çıxara bilmirsən, çünki almanı bərk – bərk tutmusan. Əgər almanı buraxmasan, əlini vazadan çıxara bilməyəcəksən.

Şagird isə belə asanlıqla almanı əlindən buraxmaq istəmirdi, ancaq çox keçməmiş almanı buraxmaq məcburiyyətində qaldı.

Konfutsi vazanı üzü aşağı çevirdi və alma vazanın içərisindən Konfutsinin ovcuna düşdü :

— Bu heç də gördüyünüz qədər sadə deyil,çünki insan bir şeyi əldə etmək üçün çox vaxt onu tutmaq lazım olduğunu düşünür. Halbuki həqiqət bunun tam əksinədir. Yəni, bir şeyi əldə etmək üçün çox vaxt onu buraxmaq lazımdır…

8. Pis və yaxşı vərdiş

— Niyə pis vərdişlərə insan daha tez aludə olur, yaxşıları isə saxlamaqda çətinlik çəkir?
– Sağlam toxumu günün qabağına qoysan, xarab toxumu isə yerə basdırsan, necə olar?
– Sağlam toxumlar məhv olar, pis toxum isə böyüyər və xarab bar gətirər.
– İnsanlar da belə edirlər: yaxşı əməlləri gizlində, ürəyinin ta dərinliyində görmək əvəzinə, onu üzdə, hamıya göstəriş olsun deyə edirlər və ona görə də o yaxşılıq məhv olur. Öz çatışmazlıqların, günahlarını isə başqaları görməsin deyə ürəklərinin dərinliyində gizlədirlər. Onlar da böyüyür və insanın ürəyini xarab edirlər.

9. Uğursuzluqdan öyrənmək

– Siz bu ixtiranız üçün ən çox kimə borclusunuz?

– Anama. Uşaq vaxtı soyuducudan süd götürmək istəyəndə şüşə əlimdən sürüşüb düşdü. Hər tərəf süd gölünə çevrilmişdi. Anam mətbəxə gəlib məni cəzalandırmaq əvəzinə:

“Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq istəyəcəksən”, — dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq.

Bir azdan anam:

“Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə ilə təmizləmək istəyirsən? Süngərdən istifadə edək, yoxsa parçadan?” — deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü təmizlədik.

Sonra anam: “Bilirsən, sən südlə dolu şüşəni qaldıra bilmədiyin üçün bu hadisə baş verdi. İndi birlikdə həyətə gedək və şüşəni su ilə doldurub – götürməyi öyrənək”. Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bundan sonra səhv etsəm də qorxmadım. Əksinə, hər bir səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım.

Əslində elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz qalırsan, ancaq əvəzində o təcrübədən çox qiymətli məlumatlar əldə edirsən”…

10. Xəstə kimdir?

Həkim Pol Raskin (1942) tələbələrinə qocalığın psixoloji təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə aşağıdakı misalla başladı:

– ”Xəstə” nə danışır, nə deyilənləri başa düşür. Bəzən saatlarla anlaşılmaz şeylər söyləyir. Zaman, məkan və ya şəxs anlayışı yoxdur. Yalnız adı ilə çağıranda reaksiya verir. Onu həmişə kimsə yedirir, yuyundurur, geyindirir. Dişləri yoxdur. Yeməklərini əzib verməkdən başqa çarə qalmır. Ağzından su axdığı üçün köynəyi həmişə ləkə içində olur. Yeriyə bilmir. Nə vaxt yatıb, nə vaxt duracağı məlum deyil. Bəzən gecə yarısı oyanıb qışqırır və heç kimi yatmağa qoymur. Bəzən sakit, bəzən də əsəbi olur. Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır”.

Bu misaldan sonra Raskin tələbələrindən bu “xəstəyə” baxmaq istəyib istəmədiklərini soruşdu. Təbii ki, tələbələr bunu edə bilməyəcəklərini söylədilər. Raskin isə hər gün bu işi böyük bir zövqlə gördüyünü və gələcəkdə onların da bu işi görəcəklərini öyrənəndə tələbələr təəccübləndilər. Daha sonra Raskin tələbələrinə “xəstənin” fotoşəklini göstərdi. Bu həkimin 6 aylıq qızı idi…

11. Dinsiz və dindar

Bir gün məscidin yanında pivəxana açıldığını görən axund yaxınlaşıb oranın sahibinə hədə-qorxu gəlməyə başlayır:

– Tez buranı bağlayın, bu günahdır, yoxsa namazdan sonra dua edəcəyəm ki, bura dağılsın, başınıza uçsun.

Pivəxana sahibi dinsiz olduğunu bildirir və axundla razılaşmır, bunu görən axund isə namazdan sonra, pivəxananın dağılması üçün dualar edir. Bir gün sonra pivəxanada qaz partlayır və obyekt dağılır. Pivəxana sahibi günahı axundda görür və ondan dəymiş ziyanın ödənilməsini tələb edir. İş gedib çıxır məhkəməyə.

Məhkəmədə pivəxana sahibi iddia edir ki, partlayışa səbəb axundun duaları olub, axund isə etirazını bildirərək deyir ki, dua ilə obyek dağıla bilməz, duanın belə gücü yoxdur.

Hər iki tərəfin mövqeyi ilə tanış olan hakim isə deyir:

– Maraqlıdır, ilk dəfə görürəm ki, dinsiz bir adam duanın gücünə inanır, dindar isə yox.

12. Boş kəllələr işə yaramaz

XVIII əsr kimya elminin dahilərindən biri, fransız alim Antoni Lauvazye (1743-1794) kimyanı rədd edənləri göstərib; – “Bu boş kəllələr heç bir işə yaramaz” – dediyi üçün mühakimə edilib, gilyotinlə edam olunmuşdur.

Edamdan əvvəl riyaziyyatçı dostu Lagrange`ni çağırıb tapşırır:

– “Edamdan sonra başım səbətə düşəndə gözlərimə bax. Əgər 2 dəfə göz qırpsam, insan başı kəsildikdən sonra bir müddət daha beyin düşünməyə davam edə bilir deməkdir”.

Dediyi kimi də oldu; Lauvazyenin başı kəsildi, səbətə düşdü və gülərək 2 dəfə göz qırpdı.

Lagrange deyirdi ki:

“Lauvazyenin son saniyədəki isbatı elmin yüzillər davam etməsi deməkdir, amma o boş kəllələr qaranlıqda sürünəcək, insanlığı da süründürəcək.”

5/5 - (1 vote)

Əlaqəli yazılar

Back to top button