Ulvi Bunyadzade haqqinda melumat
Ulvi Bunyadzade haqqinda melumat axtarışında olanlar saytımızda tapa bilər. Tehsil.com.az komandası olaraq milli qəhrəmanlarımız haqqında bacardığımız qədər ətraflı məlumatlar təqdim edirik. Ulvi Bunyadzade haqqinda melumat oxumaq üçün buyurun.
Ülvi Bünyadzadə çox istedadlı şair idi. Hər zaman da yaddaşlarda gənc və yüksək fitri istedada sahib şair kimi qalacaqdır. O, elə bir şəxs idi ki, öz yaşıdları ilə müqayisədə daha çox vətəninə, millətə xeyir verə bildi, öz ölümü ilə də adını bir millətin tarix salnaməsinə yazdırmağı bacardı. Onun adı bu gün ən vətənsevər, mübariz insanların adı ilə birgə, yanaşı çəkilir. Uyuduğu Şəhidlər xiyabanı isə təkcə mənsub olduğu xalqın yox, həm də Azərbaycana üz tutan ən ali qonaqların ziyarət yerinə çevrilmişdir.
Ülvi ömrünün 20-ci qışında gözlərini əbədi yumdu. 20 yanvarda bu dünyaya əlvida deyən gənc şair bu gün yaşasaydı 45 yaşını qeyd edəcəkdi. Lakin o gənc yaşda böyük hünər göstərərək xalqın azadlığı uğrunda sinəsini sipər etməkdən çəkinməmişdir.
Bakıya girən rus əsgərləri neçə-neçə günahsız insanlardan biri kimi ona da rəhm etmədilər, lakin onların bu qətliamları xalqımızdakı azadlıq hissini daha da qabartmış, mitinqlərin sayını artırmış, insanları azadlıq meydanında bir yerə toplamışdı. Düz 25 ildir ki, Bakıdakı Şəhidlər xiyabanında 40-cı qəbirdə dəfn olunan Ülvi Bünyadzadə hər gün gəlib-gedənlərə tarix dərsi “deyir”.
Ülvi Bünyadzadənin ədəbi irsinə 200-dən çox şeiri, “Ömür yolu” poeması və “Qansızlar” povesti (hər iki əsəri Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisinə, dostlarına yazdığı məktublar və s. yazıları daxildir. Ölümündən 4 ay əvvəl yazdığı “And”ı isə yaşadığı ömrünün məzmunu, qayəsidir.
Ülvi Bünyadzadənin indiyədək 8 kitabı çap olunmuşdur. Haqqında xeyli sayda elmi monoqrafiya və məqalələr yazılmış şeirləri türk, tacik ərəb, ingilis, qırğız, fars, rus, özbək, qazax, tatar, türkmən, başqırd və digər dillərə tərcümə edilmişdir.
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünü böyük hüzn və kədər hissi ilə qeyd etdiyimiz bir ərəfədə ölməz şəhidimiz Ülvi Bünyadzadənin iki kitabı çap olunmuşdur. Çap olunan kitablardan biri “Qəhərlənmiş könlüm”, digəri isə poema və povestinin toplandığı “Əfqanıstan ağrıları” adlanır.
Kitabların redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvidir (Binnətova).
Həmçinin kitabda Ülvi Bünyadzadənin dünya ədəbiyyatından 17 müəllifdən tərcümə etdiyi 19 əsər oxuculara təqdim edilib. Eyni zamanda kitabda bir neçə yarımçıq tərcümələr də var.
Kitabda ölməz şəhidimiz J.Q.Bayron, T.Hud, A.S.Puşkin, Ç.Kinqzli, Ş.P Gillman, R.Kiplinq,İ.Mixayluçenko, P.B.Şelli, R.Sauti, və Ç.Makkeyinin şeirlərini ustalıqla istifadə edərək tərcümə edib. Lakin işini bununla bitmiş hesab etməyib, bacarığını dünya ədəbiyyatının tanınmış simalarının nəsr əsərlərində də sınayıb. Onun tərcüməsində bu kitabda Mark Tven, O.Henri, J.Bernard Şou, O.Uayld, S.Moem və K.Mensfildin əsərləri yer alıb.
Tərcümə etdiyi əsərlər – hekayələr, şeirlər, pyeslər Ülvi dünya ədəbiyyatına çox maraq göstərdiyini sübut edir.
“Əfqanıstan ağrıları” adlı ikinci kitabında yer alan “Ömür yolu” poeması və “Qansızlar” povesti həm ideya-məzmun, həm də baş vermiş tarixi hadisənin dərk edilməsi və obyektiv yanaşma baxımından çox dəyərlidir.
Bu kitabları vərəqləyərkən bir daha Ülvi Bünyadzadə istedadına şahid oluruq, vətənsevərliyi zəhməti qarşısında heyrətlənməyə bilmirik. Dünyadan vaxtsız köçməsinə baxmayaraq o, ətrafındakı hadisələrə biganə qalmamış, Tanrının ona bəxş etdiyi istedadı sayəsində öz qəlbindən keçənləri ədəbiyyat dili ilə kütləyə çatdırmağa çalışmışdır.
Qısa, lakin şərəfli bir ömür yaşamış ölməz şəhidimizin yeni kitabları heç şübhəsiz hər bir oxucunun ürəyinə yol tapacaq və böyük maraqla qarşılanacaq.