Xarici universitetlərə qəbul qaydaları hansı formada müsbət cavab verir?
Aramızda dünyanı gəzmək, kəşf etmək xəyalı olan minlərlə gənc var. Yaxud arzuladığı ölkə haqqında hər gün müxtəlif araşdırmalar aparan, məqalələr oxuyanlar, videolar izləyən insanlar da kifayət qədərdir. Xəyalını qurduğumuz həmin həyatlara çatmaq üçün isə yaradılan fürsətləri doğru zamanda dəyərləndirmək lazımdır. Günümüzdə yaradılan xaricdə təhsil imkanları bu istiqamətdə addım atmaq üçün olduqca ideal seçimlərdəndir. Fərqli ölkədə təhsil şansından yararlanaraq həyatımızda tamamilə sıfırdan yeni səhifə aça bilərik. Gəlin, görək gənclər üçün hansı imkanlar yaradılır?, Hansı universitetlərə üz tutmaq olar?
Xarici universitetlərə qəbul qaydaları necədir?
Dünyanın nüfuzlu universitetləri əcnəbi tələbələr üçün müxtəlif qəbul imkanları təqdim edir. Namizədlər öz istəklərinə uyğun olaraq həmin qəbul formalarına müraciət edə bilirlər. Həmin qəbul üsulları aşağıdakılardır.
- Sadəcə attestatla imtahansız qəbul
- Təqaüdlərə müraciət edərək
- Xaricdə təhsil dövlət proqramı
Xarici universitetlərə qəbul qaydalarına hansı formada əməl etsək müsbət cavab alarıq?
Qəbul formaları ilə daha detallı tanış olmazdan əvvəl bəzi nüanslara diqqət yetirək. Qəbul müraciətləri, seçim mərhələləri, ümumiliklə tələb olunan bütün sənədlər və şərtlər ölkələrə, universitetlərə görə dəyişir. İlkin mərhələdə hansı ölkəyə üz tutmaq istədiyinizi dəqiqləşdirib daha sonra universitetlərin rəsmi saytlarından detallı məlumatları əldə edə bilərsiniz. Ümumi olaraq qeyd edək ki, əgər şərtlər arasında motivasiya məktubu tələbi varsa, maksimum şəkildə diqqətli yazılmasına çalışın. Özünüz, bacarıqlarınız, hədəfləriniz, xəyallarınız, özəllikləriniz və s. barəsində lakonik və təsirli şəkildə qeyd edin. Çalışın rəqiblərinizdən daha uğurlu seçim olduğunuzu sübut edin. İlkin təqdimat olduqca önəmlidir. Yaradıcı olun. Sənədlərinizin tam qaydasında olmasına diqqət edin. Müsahibələrdə bu təhsili həqiqətən istədiyinizdən, gələcək planlarınızdan ürək dolusu danışın. Unutmayın ki, qarşınızda oturan insanlar da bir zamanlar uğurları uğrunda mübarizə aparanlardan olub. Onlara bu enerjini ötürməyiniz kifayətdir ki, sizin üçün şans yaratsınlar.
Sadəcə attestatla imtahansız qəbul necə həyata keçirilir?
Sadəcə attestatla qəbul forması namizədlərə əlavə imtahanlarsız tələbə adını qazanmaq fürsəti yaradır. Tələbələrin müxtəlif ölkələrdə yerləşən dövlət və ya özəl ali təhsil ocaqlarını seçmək imkanı var. Bu formada qəbul müraciətləri yalnız bakalavr təhsili üçün keçərlidir. Fərqli ölkədə təhsil alacaqları üçün namizədlərdən universitetlərin şərtlərindən asılı olaraq müxtəlif dil bilikləri və ya imtahan nəticələr (SAT, TOFEL və s.) tələb oluna bilər. Məsələn, Türkiyə universitetləri türk dili üzrə YÖS, müxtəlif Avropa universitetləri ingilis dili üzrə İELTS imtahan nəticələrini tələb edə bilər. Bununla yanaşı həmin universitetlərdə əlavə bir illik dil kursu da təklif oluna bilər. Tək attestatla tələbələrə öz qapılarını taybatay açan ölkələrə Türkiyə, Polşa, İtaliya, Litva, Latviya, Macarıstan, Avstraliya və s. daxildir. Tək attestatla universitetlərə müraciətlər zamanı aşağıdakı sənədlər tələb olunur.
- Məktəbdən arayış və ya attestat
- Xarici pasport
- Qiymət ortalaması. (9-10-11-ci sinif qiymətləri)
- 3×4 ə şəkil
Təqaüdlü təhsil almaq üçün müraciətlər necə həyata keçirilir?
Bəzən bizim üçün əlçatmaz görünən Avropa universitetlərinin demək olar ki, əksəriyyətində təqaüd prorqamları mövcuddur. Bunun üçün təhsil almaq istədiyiniz ölkələri dəqiqləşdirib orada yerləşən universitetlərin rəsmi saytlarından ətraflı məlumat əldə edə bilərsiniz. Belə ki, orada təqaüdlərin növləri, müraciət şərtləri və s. ətraflı şəkildə qeyd olunur. Təqaüd proqramları bakalavr, magistratura və doktorantura olmaqla bütün təhsil pillələri üzrə tətbiq olunur. Adətən təqaüd proramları aviabilet, təhsil, yataqxana və yaşayış xərclərini özündə əhatə edir. Bunun qarşılığında isə, namizədlərdən yüksək dil bilikləri, beynəlxalq sertifikatlar, güclü motivasiya məkubu, referanslar, tədqiqat işləri (doktorantura üçün) və s. tələb oluna bilər. Təqaüdlü təhsil üçün rəqiblərinizin daha çox olacağını nəzərə alsaq, prosedurlardan keçərkən maksimum diqqətli və məsuliyyətli yanaşmağınızda fayda var.
Ümumilikdə xarici universitetlərə qəbul qaydaları ilə maraqlananlar üçün bir neçə təqaüd axtarışı saytlarını bir araya topladıq. Gəlin, tanış olaq.
Bu saytda bütün yaş kateqoriyalı tələbələr üçün müxtəlif təqaüd proqramları hər gün mütəmadi olaraq yenilənir. Ölkələr üzrə universitetləri, kollecləri araşdırıb ətraflı məlumatllarını əldə edə bilərsiniz.
Bakalavr səviyyəsi üzrə təhsil almaq istəyən namizədlər üçün ən ideal hesab olunan saytlardandır. Bununla yanaşı portalda müxtəlif universitetlərdə tələbə həyatı, karyera planlamasına dair faydalı məsləhətlərdən yararlanmaq mümkündür.
Xaricdə təhsil almaq istəyən tələbələr üçün bütün təqaüd proqramlarını bir araya gətirən platformadır. Eyni zamanda, saytdakı sürətli axtarış düyməsi sayəsində milliyyətinizə və oxumaq istədiyiniz bölməyə uyğun seçimlərinizə əsasən proqramlar tapa bilərsiniz.
Adı çəkilən portalda bakalavr, magistr və doktorantura dərəcələrinə uyğun olaraq ölkələr üzrə geniş təqaüd proqramları təqdim olunur. Burada həmçinin təqaüd tələblərinə uyğunluğunuz, müraciət şərtləri və qeydiyyat haqqında qısa məlumat əldə edə bilərsiz.
Əgər siz də, Amerikada təqaüd, təcrübə və iş imkanları axtarırsınızsa bu portal məhz sizin üçündür. Sayt ABŞ Əmək Nazirliyi tərəfindən maliyyələşdirilir. Təqaüdlər tələbələrin irqi, etnik mənsubiyyəti, təhsil alacaqları proqram və şöbələrə görə qiymətləndirilir. Saytda təhsil səviyyənizə, ölkə seçiminizə, hansı ölkədən müraciət etdiyinizə və cinsə görə axtarış seçimi təqdim olunur.
Xaricdə təhsil dövlət proqramına müraciətlər necə qəbul olunur?
Azərbaycanlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilib. Bu proqramdan xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alacaq Azərbaycan Respublikasının vətəndaşı olan gənclər yararlana bilər. Qəbul olan namizədlərin xərcləri dövlət tərəfindən qarşılanır. Proqrama müraciətlər elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Müraciət etmək üçün isə bu linkə daxil ola bilərsiniz. Bundan başqa, elektron ərizəni doldurmazdan öncə müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamağınız tövsiyə olunur. Namizədlər müraciətlərini Elektron Ərizə Sisteminin “Şəxsi kabinet” bölməsindən izləyə bilərlər. Qeyd edək ki, bu proqramdan yararlanan tələbələrdən təhsilini bitirdikdən sonra ölkəyə qayıdaraq 5 il ərzində ölkənin karyera bazarında yer alan müxtəlif qurumlarda çalışmaları tələb olunur.
Bütün bunlarla yanaşı əsas məsələlərdən biri də namizədlərdən tələb olunan dil bilikləridir. Əgər seçim etdiyiniz ixtisas spesifik sahəni əhatələyirsə (məsələn, tibb, idman, rəssamlıq və s.) əlavə imtahanlardan da keçməyiniz tələb oluna bilər. Təbii ki, bunlar hər universitetin qəbul qaydalarına görə dəyişir. Xarci universitetlərdə tələbə adını qazanmaq üçün mütləq şəkildə IELTS, TOEFL, PTE, TestDaf və ya tələb olunan imtahan sertifikatına sahib olmalısınız. Əks halda prosedurlar uzana bilər. Eyni zamanda qeyd edək ki, bəzi Avropa universitetləri vardır ki, onlara qəbul zamanı dil bilikləri tələb olunmur. Ancaq nəzərə alın ki, təhsil üçün və ya orada yerli əhali ilə ünsiyyət qurmağınız üçün dil bilikləri zəruri olacaqdır.
Son olaraq qeyd edək ki, xəyallarınızı hədəflərə çevirib onlar üçün mübarizə aparmaqdan çəkinməyin! Dünyanın hansı nöqtəsində oluruqsa olaq, inandığımız və qəbul etdiyimiz üçün uğur daim bizimlədir!