Şeirlər

Payiz haqqinda seir

Payiz haqqinda seirlere aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq payızla bağlı 6 mənalı şeiri sizlər üçün bir araya topladıq.


1️⃣ Payız | Mirmehdi Seyidzadə.

Payız gəlib, küləklər
Gəzir yenə bağları.
Hər tərəfə sovurur
Saralmış yarpaqları.
Axıb gedir buludlar
Yenə də karvan-karvan.
Dərələri, dağları,
Bürüyür çiskin, duman.

Mərcan kimi qızarmış
Moruqlar parıldayır.
Ağaclarda qarğalar
Səs salıb qarıldayır…
Yağır güclü yağışlar,
Günlərcə vermir ara.
Almaz kimi şeh düşür
Bağçalara, bağlara.


2️⃣ Payız düşüncələri | Nəbi Xəzri.

Ellərə car çəkən payızın səsi
Düzlərə sərt əsən küləklərdədir.
Mehriban baharın isti nəfəsi
Ancaq ürəklərdə, ürəklərdədir.

Dağ susur, yüksəlir aranın səsi
Yığılmış pambıqlar qar tayasıdır.
Qatardan ayrılmış durnanın səsi,
Köç etmiş baharın son nidasıdır.


3️⃣ PAYIZDAN BIR YARPAQ | Sabir Yusifoğlu

Sarı-sarı ağacları
Yarpaq-yarpaq soyur külək.
Bəlkə elə isinməyə
Yer axtarır soyuq külək?

Ürəyimi-xatirələr,
Yarpaqları-külək ovur.
Adamların arasıynan
Tale məni hara qovur?

Ya dəli ol, ya dərdli ol:
Biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüynən
Ağlasan da eşidilməz.


4️⃣ PAYIZ GƏLDİ… | Fikrət Qoca

Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə,
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim ürəyim heç yatmır evə.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Özümü aldadıb hər axşam-səhər,
Elə bu havanı oxuyuram mən,
Vallah səndən ötrü çox darıxmışam,
Başqa nə gəlir ki axı əlimdən?

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz.

Dostlarım bilirlər nələr çəkirəm,
Hər axşam könlümü alırlar mənim,
Hər dəfə qapımı döyən zaman qəm,
Dostlarım həmdəmim olurlar mənim.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu dənizin gözü yaşlı sənsiz…


5️⃣ ÖMRÜN PAYIZI | Rəfail Tağizadə

Payız dodaqaltı zümzümə edir,
çılpaq budaqlarla sevişir külək,
sevdiyim payızda axşam çağları
mənimlə gizlənpaç oynayır fələk.
Bu gecə payızdı röyalarımda
isti yuxularım sovulub gedir,
rəngbərəng yarpaqlar qonur çiynimə
ürəyim payızla qovrulub gedir.
Bu payız xəyalım quş qanadında,
ilbəil gecikir görüşümə yaz,
payız günəşinin işartısında
mənim yanaqlarım solur, bəmbəyaz.
Payızın əlləri əsir qəhərdən,
əlində tutduğu əlindən düşür,
düzülüb sıraya son qatar kimi
kövrək xatirələr ötür, ötüşür.


6️⃣    PAYIZ DUYĞULARI | Musa Yaqub

Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın-bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın.

Palıdlar tab etdi sükuta, yasa,
Gilas yarpaqları qızardı, düşdü.
Hansı bəxtəvərin növcavanınsa
Üzünə bir yarpaq qızartı düşdü.

Çox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz
Yenə də bir yarpaq gen düşdü bizdən.

Bir yarpaq da düşdü Bəzz qalasına,
Divarlar bir yarpaq çökdü aşağı.
İgid Babəklərin, Koroğluların
Bir yarpaq uzaqdan gəldi sorağı.

Yarpaqlar, belədir zamanın hökmü,
Tökülün, əbədi ömrə tamarzı.
Tarixin yüz illik yarpaq tökümü,
Olacaq bir yarpaq yaddaş kağızı.

Payızın ağzından əsdikcə külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.


Oxşar yazılar:

Qizil payiz haqqinda insa
Fesillerin deyismesi haqqinda melumat
Fesiller haqqinda insa

4/5 - (54 votes)

Əlaqəli yazılar

Back to top button