Şeirlər

Səməd Vurğun Şeirləri

Səməd Vurğun şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq görkəmli şair Səməd Vurğunun müəllifi olduğu 6 mənalı şeiri sizlər üçün bir araya topladıq.



1️⃣ SEVİRƏM

Mən də bir insanam, mən də canlıyam,
Mənim də qəlbimin arzuları var.
Deyirlər arabir dəliqanlıyam.
Çox da deyinməsin dalımca əğyar!
Mənim də qəlbiınin arzuları var…

Mən səni sevmədim “o gözlər” deyə,
Gözümdən od kimi yaşlar tökmədim.
Mən sənə vermədim qızıl hədiyyə,
Çünki yalvarmadım və diz çökmədim;
Gözümdən od kimi yaşlar tökmədim.

Sən Xumar deyilsən, mən də ki, Sənan,
Bugünkü sevginin başqadır andı.
Nə Məcnun, nə Leyli, nə də biyaban
Qalmamış, onların adı yaşandı;
Bu günkü sevginin başqadır andı.

Qoy bizə gülməsin nə dost, nə də yad,
Ehtiyatlı danış, ehtiyatlı dur!..
Nə qədər mən sağam, get dolan azad!
Fəqət sevgilimdən xahişim budur:
Ehtiyatlı danış! Ehtiyatlı dur!..

Haydı, insanlara qaynayıb qarış
Qalma bu dünyada həyatdan iraq!
İstəsən aləmi gəz qarış-qarış,
Xain adamları tez görüb buraq,
Qalma bu dünyada həyatdan iraq!

Hüsnünü örtməsin nə pərdə, nə rəng –
Ay kimi saf dolan, gün kimi açıq.
Keçmişin üstünə qələm çəkərək,
Vuruş meydanında vuruşmağa çıx,
Ay kimi saf dolan, gün kimi açıq!

Bu son sozlərimi qulağından as!
Dünyada, hər günün bir hökmü vardır.
Vaxtını almasın nə toy, nə də yas,
Gurlayan səsinlə “irəli!” hayqır;
Dünyada hər günün bir hökmü vardır.


2️⃣ “Bahar şərqisi”

Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər.

Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Yerdəki əlvan otlar.

Cücərib boy atdılar,
Aləmə naz satdılar.
Artdı suların səsi,
Sevindirdi hər kəsi.

____________________________
3️⃣İKİ KÖRPƏ

Birincisi oynaq, qayğısız xoş üz,
İncə bir musiqi andırır səsi.
Yaşar gözlərində canlı bir gündüz,
Ətrafı güldürür hər qəhqəhəsi.

Yox onun qəlbində nə qərəz, nə kin
Bütün varlığında bir hərəkət var.
Şahin baxışla olduqca kəskin,
Sarsıdamaz onu nə çovğun, nə qar.

Digəri daha xoş bir qız yavrusu,
Lalədən rəng alıb gülür varlığı.
Onun nə dərdi var, nə də qayğusu,
Qazanmış əsrindən bəxtiyarlığı,

Mən bu səhnəciye inandım gerçək,
Var imiş həyatm xoş zamanları.
Bizdən daha parlaq günlər görəcək,
Bu yeni dünyanın qəhrəmanları.


4️⃣ Lalə

Lalə, rəngindəki yanğın de, nədir?
Niyə məlulsan, a dağlar qızı sən?
Qara qanlarmi gedir qəlbindən?
Hansı dərd, hansı şirin xatirədir
Səni odlara yaxan?
O uzaq yollara həsrətlə baxan
Qara gözlər, de, neçin dolğundur?
Lalə rəngin nə yaman solğundur?
Lalə, qalx! Gün yayılıb dağdan aşır,
Yel əsir, axşam olur, çay da daşır.
Quşlar, insanlar uçur öz yerinə,
Sənsə yalqız, əli qoynunda yenə
Qəlbin, eşqin kimi tək
Tozlanan yollara göz gəzdirərək
Ah çəkirsən de, de nədən?
Lalə, bəsdir! Onu gəl gözləmə sən.
Keçdi üstündən qara bir bulut…
İçdiyin andı, quzum, sən unut!
Yüz il ansan da onu xatirə tək
O vəfasız qayıdıb gəlməyəcək…


5️⃣ DƏNİZ GƏZİNTİSİ

Sevgilim, gecənin rənginə bir bax!
Sayrışan ulduzlar göz kimi parlaq.
Sallamış dənizə ay məndilini,
Dəniz danışdırır öz sahilini.
Baxıb keçənlərə, göz qırpır mayak,
O bir keşikçidir hər zaman oyaq†
Gəzdirir özünü böyük bir vapor,
Vaporda səslənir, döyünür motor.
Onun zirvəsində durur kapitan;
İndi təbiətə hökm edir insan.
Yorulmaq bilməmiş insanın əli
İnsan yer üzünə tanrı gələli.
Görünməz olmuşdur dənizin dibi.
Qayıq yırğalanır bir beşik kimi.
Dalğalar atlanır, dalğalar enir,
Doğru demişlər ki, şairanədir,
Qayıq gəzintisi mahtaba‡
qarşı,
Sahildə səslənir gazıntı marşı,
Gəzdirir bizi də mehriban dəniz
Açılıb dincəıir sinirlərimiz.
Suda ilan kimi şütüyür qayıq…
Xavərim, yatmamış… sevgilim ayıq!..
Sevgilim, nə gözəl bahar gecəsi!
Bizə layla çalır dənizin səsi.
O kimdir sulara qəzəl oxuyur,
Cahana hər gələn bir əsər qoyur…
Sussun o bayquşun pərişan səsi;
Sevgilim istəyir həyat nəğməsi!
Dalğalar əsəbi, dalğalar qara,
Köksünü çırpdıqca bu dalğalara
Suda ilan kimi şütüyür qayıq,
Sevgilim yatmamış… sevgilim ayıq!..

6️⃣ AZƏRBAYCAN
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı somtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…

Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş? sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlaraının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin,
Son günəşin qucağısan
Şeir, sənət ocağısan.

Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çollərə,
İşıqlanır hər dağ, dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrilarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Oxşar yazılar:
Vətənə aid şeirlər
Semed Vurgun haqqinda melumat
Qarabaga Aid Seir

3.3/5 - (254 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button