Şeirlər

Valideyn haqqında şeirlər

Valideyin haqqında şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq Valideyinlərdən bəhs edən mənalı 7  şeiri sizlər üçün bir araya topladıq.


1️⃣   ATA-ANA SEVGİSİ| Esmira Günəş

Anamın laylası gözümdə çətir,
Atamın qoxusu ən gözəl ətir.
Mənə onsuzluğu yaşatma Allah,
Onlarla birlikdə xoş günlər gətir.

Atam əzizləsin yenə hər zaman,
Anam qısqanaraq baxsın kənardan.
Sonra qucağına qaçım anamın,
Başqa nə istərəm axı həyatdan ?

Gecələr gözümə çöksün laylalar,
Gecələr gözümdən öpsün laylalar.
Anamın səsindən süzülüb bir-bir,
Yuxuma şirinlik töksün laylalar.

Gözümü açanda görüm atamı,
Həyata bağlayar hər bir adamı.
Alnından öpərək dillənib deyər:
“Gəl işə yola sal görüm atanı.”

Atası-anası insana qanad,
Atasız-anasız olmasın həyat.
Onların verdiyi bu məhəbbəti,
Yaşada bilməz ki, bizə heç bir yad.

________________________________________

2️⃣  ANA-ATA ŞEİRİ

Ata – evin dirəyi
Ana – evin mələyi
Ata – evin işığı
Ana – ev yaraşığı
Ata – qolum qüvvətim
Ana – ilk məhəbbətim
Ata – canım, qanımdı
Ana da Sol Yanımdı


3️⃣ AY ANA…

Ən yaxşı musiqim, ən yaxşı bəstəm.

Ən yaxşı şeirim, sənsən, ay ana.

Gözümdə, sən varsan, ha yana getsəm,

Mənim qiblə yerim sənsən, ay ana.

Bir an cəkməmisən məndən əlini.

Adam eyləmisən, mən tək dəlini,

Neynirəm dünyanın gövhər-ləlini?…

Mənim gövhər-ləlim sənsən, ay ana.

Günəş də tez gəlir sən olan yerə,

Analar gərəkdi, bütün bəşərə.

Getmirəm pirlərə, ziyarətilərə,

Bir ocağım, pirim sənsən, ay ana.

Az olar, qarşında qul olsam, yenə,

Talehəm, bu canı borcluyam sənə.

Atamdan geriyə tək qalan mənə,

Bir təsəlli yerim sənsən, ay ana.


4️⃣ QURANDI ATA ŞEIRI | Qaraxan Əkbəroğlu

Qohum da yaxşıdır, dost da yaxşıdır,

Birinci arxanda durandı ata.

Hər acı günündə ağlayar ana,

Həyat yollarını qurandı ata.

Əlimizdən tutub cürət verəndə,

Nəsihət verən də, qeyrət verən də,

Bizə say öyrədib, elm öyrədən də,

Kitablar içində Qurandı ata.

Dünya yola salıb neçə şahını,

İnsanlar almadan ata adını,

Qaraxan, sən yenə sev Allahını,

Peyğəmbər yanında imamdı ata.

________________________________________

5️⃣ANADIR | Cavid Bədəlov

Laylası cahana yayılan səsdir,

Ömrümün baharı,yayı anadır

Anasız yaşamaq boşdur, əbəsdir,

Tanrının ən doğma payı anadır.

Evlərə həm güldür,həm də çiçəkdir,

Övlada atatək dayaq,köməkdir,

Duası bizlərə ümid deməkdir,

Hər işin imdadı,hayı anadır.

Başının tacıdır,namus,isməti,

Dağlara söykənir,onun qeyrəti,

Bütün el-obada vardır,hörməti,

Sevincin bənzəri,tayı anadır.

________________________________________

6️⃣ MƏNIM ATAM | Elçin Bağırov

Zəhmi ağır, özü ipək,

Əllər dəmir, ürək kövrək,

Gündə yanmış rəngi tunc tək,

Belə idi mənim atam.

Bir az ciddi, bir az şəndi,

Gözləri tox, ürək gendi,

Cib boş idi, qəlb zəngindi,

Belə idi mənim atam.

Sevərdi haqq-ədaləti,

Yox idi kin-küdurəti,

Var idi eldə hörməti,

Belə idi mənim atam.

Heç vaxt özünü öymədi,

Kimsəyə boyun əymədi,

Dilinə haram dəymədi,

Belə idi mənim atam.

Söz-söhbəti şəkər, noğul,

Danışardı çoxlu nağıl,

Hər nağılı hikmət, ağıl,

Belə idi mənim atam.

Getdi, gəlməz gözəl çağım,

Bir də dönməz o növrağım,

Ürəyimə çəkib dağı,

Belə getdi mənim atam.


7️⃣       AY ANA | Naməlum müəllif

Saçındakı hər dənə, illərimi borcluyam,

Əlinin zəhmətinə, əllərimi borcluyam,

Sənə iki balamı, güllərimi borcluyam,

Bu sinəmin döyünən, yeri sənsən, ay ana.

Evimin, ocağımın piri sənsən, ay ana.

Sən bir sevgi tanrısı, məhəbbət dünyasısan.

Sən atalar anası, analar anasısan,

Sən körpə könüllərin, ən şirin röyasısan.

Göydəki mələklərin biri sənsən, ay ana..

Evimin, ocağımın piri sənsən, ay ana.

Mən anlaya bilmirəm səndə olan hikməti.

Bu qədər yumşaqlığı, bu qədər mərhəməti.

Nə qədər əzab çəkdin, giley etmədin qəti…

Yaradanın ən böyük sirri sənsən ay ana…

Evimin, ocağımın piri sənsən, ay ana.

Talehəm əllərimi, qızdırammaz bir soba.

Sən olmasan evimdə, evim olar xaraba…

Ayaqlarına qurban, altun, qızıl, zər, ziba.

Bu Dünyamın altunu, zəri sənsən, ay ana.

Evimin, ocağımın piri sənsən ay ana.

________________________________________

Oxşar yazılar:

3.4/5 - (12 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button