Şeirlər

Kitab haqqinda seir

Kitab haqqinda seirlere aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq kitablara aid bir-birindən mənalı 6 şeiri sizlər üçün bir araya topladıq.


1️⃣ KİTABLAR | Nərgiz Mirzəyeva

Kitablar mənim dostum
Onlarla ucalıram
Kitablar düzgün yolum
Zirvəyə yol alıram
Mənim üçün kitabsız
Həyatın mənası yox
Düzgün mənalı yol
Kitabla başlanan yol
Həyatın sirrlərini
Bizə deyir kitablar
Ömrümüzün yollarına
Nur çiləyir kitablar
Gizli xəzinə kimi
Kitabları axtaraq!
Qiymətli əşya kimi
Kitabları qoruyaq!
Oxudum bir çox kitab
Gah güldüm, gah ağladım.
Dil açdı sanki kitab
Söhbət etdim, danışdım
Oxunan bir çox kitab
Yaddaşlarda qalandır
Ən çox sevdiyim kitab
Çərpələng uçurandır.


2️⃣ KİTABIN DOSTU | Ələmdar Quluzadə.

Sınağa, imtahana
Kitablar sinə gərir,
Görmədiyin dünyanı
Kitab sənə göstərir.

Kitab kimini şair,
Kimini alim edib.
Sənin müəllimini
Kitab müəllim edib.

Kitabın min sirri var
Sənə deyim birini,
Kitab oxumayana
Kitab vermir sirrini.

Kitabla dostluq edən
Dostunu düz tanıyır,
Kitab öz dostlarını
Hamıdan tez tanıyır.


3️⃣ Kitabların anası | Zahid Xəlil.

Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.

Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.

Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.

Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.

Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.

A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.

Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.

Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!


4️⃣ Kitab | Xanımana Əlibəyli.

İnsanlar çəkdi zəhmət,
Günü-günü qatdılar
Dünyada gözəl nemət
Kitabı yaratdılar.

Neməti təbiətin
Gün kimi işıq açdı.
Həyatda hər sənətin
Sirrini bizə açdı.

O hər zaman cavandır
Yaşı ötsə də mini,
Bizə neçə zamandır
Öyrədir Nizamini.

Çevrilib çox dillərə
Sanki sirrdir hər biri,
Yol tapıb könüllərə
O sevdirdi Sabiri.

Durub iki qəhrəman
Dolabda qoşa-qoşa.
Baxır cürətli Cırtdan
Cəsarətli Qavroşa.

Kitab sanki bir quşdur,
Mizin üstə qonmuşdur.
Kitaba salsan meyil
Səndən ayrılan deyil.


5️⃣    KİTAB | Bəxtiyar Vahabzadə.  

Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar.

Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir.
Ata kimi sənə bəzən
Kitab doğru yol göstərir.

Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına
Nur çiləyir bu kitablar.


6️⃣ KİTAB | Süleyman Rüstəm

Hər evin yaxşı kitabdır bəzəyi
Döyünür onda həyatın ürəyi,
Onun hər kəlməsi ölkəmdə işıq mənbəyidir
Bir əməl mənbəyidir, bir yaraşıq mənbəyidir.
Bənzəyir hər sözü hər gün uzanan dost əlinə
Deyir insana qarış, gəl bu həyatın selinə,
Min işıq yansa da hər evdə işıqlanmaz otaq,
Yanmasa məncə beyinlərdə, ürəklərdə çıraq.


Oxşar yazılar:

5/5 - (1 vote)
loading...

Səbuhi Quluzadə

Öyrənməyi və paylaşmağı sevən biri

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button