Şeirlər

27 sentyabr anım günü şeirlər

27 sentyabr anım günü şeirlər başlıqları və müəllifləri ilə birlikdə aşağıda qeyd olunmuşdur. Sizində bu məzmuna dəstəyiniz üçün bildiyiniz seir misralarını rəylərdə bizimlə bölüşməyinizi xahiş edirik.

Anım günü üçün şəhidlər haqqında şeirlər

——————————————————

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.
Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Ancaq gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

( Xeyrulla Xayal )

———————————————

Ayın şirin gülüşü

İçimə sevda süzür,
Bu gecənin gəlişi.
Güzgü tutur könlümə
Ayın şirin gülüşü….

Nə qədər füsunludur
Göy üzündə dolunay.
Odur ki, bu gecəyə
Qapım açıq taybatay.

Ayın zərif sehiri
Yağır qəlbimə incə.
Lütfünə bax gecənin
Könlümü qoydum dincə…

————————————————

————————————————

Azərbaycan əsgəri

Altdan-üstdən silahlan,
Sarıl ülvi eşqinə.
Azad et Qarabağı,
Ucal şahlıq köşkünə.
Azərbaycan əsgəri.

Yağıya vermə aman,
Əz onu bir böcək tək.
İsbatla varlığını
Haqdan gələn gerçək tək.
Azərbaycan əsgəri.

Qoyma, dinsin ah-nalə,
Bir daha torpağımda.
Bələnməsin al-qana
Üçrəngli bayrağım da…
Azərbaycan əsgəri.

Bu gün zəfər sənindi,
Xalqla birgə, tən yürü.
Talıboğlu cərgəndə,
Köksündə Vətən yürü…
Azərbaycan əsgəri.

08.10.2020

————————————————–

Salam olsun

İş yoldaşım Vüqar Şahmurovun şəxsində döyüşə gedənlərə

Qarabağda döyüşməyə
Gedənlərə salam olsun.
Orda gərdiş dəyişməyə
Gedənlərə salam olsun.

Almaq üçün qisasını,
Ucaldaraq gur səsini.
Ötə-ötə nəğməsini,
Gedənlərə salam olsun.

Yağının dərsin verməyə,
Onunçün məhbəs hörməyə.
Gül bağçadan gül dərməyə,
Gedənlərə salam olsun.

Düşmənə məzar qazmağa,
Fələk yazanı pozmağa.
Ən şanlı tarix yazmağa…
Gedənlərə salam olsun.

Doğacaq nurlu danıyla,
Axılası al qanıyla…
Talıboğlu, ad-şanıyla,
Gedənlərə salam olsun.

05.10.2020


ƏSGƏR ATASININ MƏKTUBU

Gözüm yığışmayıb yollardan hələ,
Əllərim uzanıb Vətənə sarı.
Bütün əsgərlərə, komandirlərə
Oxu bu məktubda yazılanları.

Tez- tez evdən ötrü qəlbi darıxan,
Təzə əsgərlərin önündə oxu.
Yuvası dağılan, yurdu dağılan
Əsgər atasının məktubudur bu.

Ürəyim çırpınmaz, nəbzim döyünməz,
M ənim sizin kimi arxam olmasa.
Kiçik bir zəfər də üzümə gülməz
Böyük qələbəyə inam olmasa!

İnamla danışıb dinsin hər əsgər,
Yurdumuz bürünsün toy libasına.
Əsgər paltarını geyinməyənlər
Çox da tələsməsin bəy libasına.

Ölmərəm, gözlərəm o günü, qardaş-
Bayrağım Şuşaya sancılan günü.
Bu bağlı yolların düyünü, qardaş,
Atəş xətlərində açılan günü.

Sözüm isitməsə soyuq səngəri,
Könlüm perik düşər öz yuvasından.
Vətəni işğalda olan əsgərin
Marşı gözəl olar bəy havasından.

Bu vətən eşqinə, bu yurd eşqinə,
Qələbə çalmağı öyrət oğluma.
Şahintək şığıyıb düşmən üstünə
İntiqam almağı öyrət oğluma.

Sevməyi də öyrət əsgər balama,
Yurd üçün canından keçər sevənlər.
Zirvədə bir şahin göstər balama
Görsün ki, vətəni necə sevərlər.

Ona səxavəti mən öyrətmişəm,
Əzmi, cəsarəti sən öyrədərsən.
Dosta sədaqəti mən öyrətmişəm,
Düşmənə nifrəti sən öyrədərsən!

ƏSGƏR ATASIYAM

Ulu yaradandan imdad istərəm,
Əsən küləklərdən qanad istərəm.
Bir ocaq istərəm, bir od istərəm,
Könlüm isinəsi, əlim yatası
Əsgər atasıyam, əsgər atası.

Dizinin xətası dizimə gəlsin,
Gözünün qadası gözümə gəlsin.
Gəlirsə qoy mənim özümə gəlsin.
Çovğunun, boranın, qarın xətası.
Əsgər atasıyam, əsgər atası.

Bir ana qəfildən bitdi yanımda,
O da özü boyda dərddi yanımda.
Poçtalyon fikirli ötdü yanımdan,
Üzümə gülmədi meşin çantası,
Əsgər atasıyam, əsgər atası.

Güllərdən bir çələng hörüm göndərim,
Yanından gələn var görüm, göndərim.
Bütün çiçəklərdən dərim, göndərim,
Hər gülün öz ətri, çətri, butası
Əsgər atasıyam, əsgər atası.
Ay oğul, mən sizdən hünər gözlərəm,
Qələbə gözlərəm, zəfər gözlərəm,
Hər gün “Xəbərlər”dən xəbər gözlərəm,
Mənə yetişəsi, mənə çatası
Əsgər atasıyam, əsgər atası.

İgid səngərləri od-ocaq yerim,
Şəhid məzarları yatacaq yerim.
Sənsən ümid yerim, tutacaq yerim,
Ey yaylım atəşi, zəfər sədası,
Əsgər atasıyam, əsgər atası.

=====================================

GEDİN

Bütün dərdinizlə, kədərinizlə
Gəlin, ürəyimi dağlayın, gedin.
Yazın ortaları sellər sayağı
Coşun, çalxalanın, çağlayın, gedin.

Görcək qanadlanıb uçum təzədən,
Göyçək boynunuzu qucum təzədən.
Gəlin, gözlərimi açın təzədən,
Gəlin gözlərimi bağlayın, gedin.

Döyüşə girmişəm yalın əlimlə,
Əlimdən çıxmayın, qalın əlimdə.
Mənim nəyim varsa alın əlimdən,
Bir azca mənə də saxlayın, gedin.

Soruşun: Ay Əşrəf, nə var, nə yoxdur,
Dünyanın dilində deyim -“hə” yoxdur.
Qışda çox istidir, yayda soyuqdur,
Gəlin əhvalımı yoxlayın, gedin.

Gəlin sazlı-sözlü bir yaz keçirək,
Niyə aralıqdan Araz keçirək.
Ya da ki yığışıb iclas keçirək,
Siz də eynək altdan yuxlayın, gedin.

Orda bir quş qonar hasarım üstə,
Ötər “Çahargah”da “Hisar”ın üstə…
Gəlin bircə kərə məzarım üstə,
Gəlin, özünüzü ağlayın, gedin.

——————————————————

Salam, şəhid anası!

Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.

Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.

Salam, şəhid atası,
Sən necə qürurlusan.
Dağ boyda oğlun gedib,
Yenə də dik durmusan.

Ağappaq saçlarından,
Nur saçılır, nur, ata.
Hər zaman qürurlu ol,
Həmişə dik dur, Ata!

Salam, şəhid bacısı,
Dağ gördün, dağ itirdin.
Üzü nurlu bir igid,
Arxa, dayaq itirdin.

İndi bütün igidlər,
Qardaşındir, ay bacı,
Sən şəhid bacısısan
Sənə yoxdur tay, bacı.

Salam, şəhid qardaşı,
Yaş tutmasın gözünü,
Hər an şəhid olmağa,
Hazır elə özünü.

Sənin qardaşın, sonra,
Mənim qardaşım gedər.
Sonra mən, sonra da sən
Sonra bütün igidlər.

Salam, şəhidin yarı,
Bilirəm darıxırsan,
Bir ümid, gələr deyə
Pəncərəyə baxırsan.

Bilirsən gəlməyəcək
Yol yoxdur daha geri
Şəhid olub igidin
Cənnətdir onun yeri.

Sən, ey şəhid övladı,
Boynunu bükmə qəti,
Çünki heç bükülmədi
Atanın şux qaməti.

Şəhiddir sənin atan
Ay ölkəmin çırağı,
Şəhidlər diri qalar,
Şəhidlər ölməz axı.


Tabut

Bir gün çiyinlərdə bir tabut gedər
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.

Daha ulduzlara tənha baxarsan
Tənhalıq bıçaqtək tökər qanını
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.

Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını
Min günəş çıxsa da qurutmaz artıq.

Qalarsan əllərin yanaqlarında
Axan göz yaşını silib gedərsən
Ürəyin istəsə, açıqdır qapım
Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz
Ruhum səni görüb sevinər bəlkə,
Onda nə çəkmişəm bilərsən sənsiz
Buz kəsmiş ürəyin isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az…


Şəhid Ol!

Vətən üçün döyüşən igidlər,
Vətəni ücün döyüşür,ölürlər.
Hər qarışına aşiqdi gönüllər,
Ürəyi torpaq ücün döyünənlər.

Ugrunda ölən varsa o vətəndir.
Hər Vətənsevər əsgər ,qudrətlidir.
Şəhid olmaq tək şəhidə qismətdir.
Vətən biləklə deyil ürəklədir.

Döyüşəndə həmişə Mübariz ol.
Ölümə gedir sonu işıqlı yol.
Haqsızlığa dözmə budur əsil yol.
Təki sən Vətən ugrunda şəhid ol.

Millət var silahlarıyla öyünür,
Türk oğlu Vətəni qəlbində görür.
Səhidlər torpağı qanıyla örtür,
Artıq Qarabağdan iyirmi ötür.

Ana oğlun gəlir səs küy olmasın,
O gözəl gözlərin yaşla dolmasın.
Ailəm Allaha əmanət qalsın,
Ata tək sözün VƏTƏN SAĞOLSUN!!!

——————————————————–

Şəhidlərə aid şeir.

Qoparmayın şəhid adlı yaramı,
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!

Ay ana, saçını dərddən ağartma,
Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Həyatda candan şirin deyin nə var?
Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

Hər zaman, yolunda hazır,
Qisas alınacaq əvvəl ya axır.
Yalnız bir təsəlli ürəyi açır,
Var belə oğullar, ola şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!

—————————————————

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!

Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!

Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!

Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!

Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!

Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!

Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Allah hər birinizə rəhmət eləsin!

4.8/5 - (1359 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button