Şeirlər

Azerbaycan haqqinda seir

Azerbaycan haqqinda seirler toplusuna aşağıdakı siyahıdan baxa bilərsiniz.
Tehsil.com.az olaraq Vətən haqqında yazılan ən yaxşı şeir misralarını bir araya toplamağa çalışdıq.

1️⃣ Azərbaycan yaşayır | Rafiq Yusifoğlu.


Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.
Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.
Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.
Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.


2️⃣ Vətənim | Nigar Rəfibəyli


Mən sənin torpağından
Boy atmışam, vətənim…
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
Yaşatmışam, vətənim.
Min nəğməli, min sözlü
Coşğun könül olmuşam.
Mən səndən öyrənmişəm:
Eşqi də, nifrəti də,
İnsana, təbiətə
Sonsuz məhəbbəti də…
Bir gün sinəmdə əgər
Çırpınmasa bu ürək,
Torpağın altda belə
Sənin böyük eşqinlə
Həmişə döyünəcək…


3️⃣ Azərbaycan – dünyam mənim | Məmməd Araz

Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.


Azerbaycan haqqinda seir

4️⃣ Odlar yurdum, Azərbaycan! | Nazim Zakir oğlu Zeynalov

Dünya birdi, sən də birsən,
Ən müqəddəs ocaq, pirsən,
Möcüzəsən, qədim sirsən,
Tarixinə qurban bu can,
Odlar yurdum, Azərbaycan!

Xəzərin bir sonsuz ümman,
Havan, suyun cana dərman,
Nəbzinlə birgə vuran,
Bu ürəyim sənə qurban,
Odlar yurdum, Azərbaycan!

Xanımların tər çiçəkdi,
Igidlərin nər biləkdi,
Anaların bir mələkdi,
Ataların dağdı inan,
Odlar yurdum, Azərbaycan!

Müdriklərin ünvanısan,
Haqqın əzəl divanısan,
Sən ruhumun yuvasısan,
Qoy başına dönsün bu can,
Odlar yurdum, Azərbaycan!

Heydərimin adı, sanı,
İlhamımın gülüstanı,
Millətimin şah dastanı,
Var olduqca deyəcəm can,
Azərbaycan, Azərbaycan!


5️⃣ Azərbaycan | Firuzə Nəsibli

Dünyа səndən işıq аlır,
Hаmı sənə hеyrаn qаlır.
Gözəl bir mənzərə sаlır
Gül-çiçəkli Аzərbаycаn.

Qubаnın аğ аlmаsı vаr,
Bаlаkənin хurmаsı vаr,
Аğsunun dа hеyvаsı vаr,
Duz-çörəkli Аzərbаycаn.

Аz dеyildir sənin ömrün,
Оlаcаqdır аzаd günün,
Əsgərlə dоludur yönün,
Sаf ürəkli Аzərbаycаn.

Tükənməyib sənin sözün,
Gözəl günlər görsün gözün.
Gеt irəli, хаlqlа özün,
Mеh küləkli Аzərbаycаn.


6️⃣ Ana torpaq | Hüseyn Faxralı

Vətən adlı sorağımsan,
İşıq saçan çırağımsan,
Toy-büsatım, növrağımsan,
Şöhrətimsən ana torpaq.
Həyat verən, nəfəs verən,
Övladına həvəs verən,
Uçmaq üçün qanad verən,
Həyatımsan ana torpaq.
Geniş açar sinəsini,
Qucar doğma balasını,
Şirin həyat nəğməsini,
Oxur bizə ana torpaq.
Qidamızsan, duamızsan,
Yuvamızsan ana torpaq,
Son mənzildə yatağımız,
Yorğanımız ana torpaq.
Susuzluqdan qan-tər içər,
Kədər yeyər, qəm becərər,
Hər nə etsə dərddən edər,
Yaralıdır ana torpaq.
Boy atırıq, kök atırıq,
Qıvrılıb dağlı qəlbində,
Xumar-xumar biz yatırıq,
Sinəsində dərd çatırıq,
Qan-qadalı qara torpaq.
Sinən dağlı, qolun bağlı,
Qara dağlı, qara bağlı,
Dağlardakı qara bağlı,
Qarabağsız ana torpaq.
Qara günlü qara dünyam,
Səsli-ünlü harayımsan,
Sən doğrusan, qınağın mən,
Bu dünyada qonağınam,
O dünyada qına torpaq.
Sən bəşərin ürəyisən,
Dərd-sər üçün gərəyisən,
Hüseynin dərd ələyisən,
Bu dünyanın ələyində,
Ələnirsən ana torpaq.
Anamızın anasısan,
Anasızsan ana torpaq.


7️⃣ ZƏFƏR GÜNÜN MÜBARƏK, ANAM AZƏRBAYCANIM | Solmaz Şirin


Zəfər günün mübarək, anam Azərbaycanım,
Zəfər ünün mübarək, canım Azərbaycanım,
Azad şənin mübarək, şanım Azərbaycanım!
Sənə Zəfər yaraşır, uca zirvələrdə ol,
Şan-şöhrətlə, qürurla qoca zirvələrdə ol!
Zəfərlərin çox olmuş, otuz ildə bu təkdir,
Qəzəblərdən, kinlərdən doğulmuş bir mələkdir,
Düşmən istehkamını dağıdan bir fələkdir.
Əhsən olsun yurdunun o mərd oğullarına,
Canını qurban verən comərd oğullarına!
Qan uddurdu düşmənə mübariz, sadiq Ordun,
Toy-büsata büründü o əsir, məhbus yurdun,
Qarşında düşmənlərin boynunu əydin, qırdın.
Eşq olsun o mübariz, o yenilməz Orduna,
Zəfər adı yaraşır o mübarək adına!
Şəhidlərin qanıyla Zəfər sözün həkk etdi,
Tarixin yaddaşına, dağa, daşa bərkitdi,
Şəhadət körpüsüylə bu dünyanı tərk etdi.
Şəhidlərin mərdliyi mərd başını ucaldır,
Cənnətin quşlarıdır, məqamları ucadır!



8️⃣ AZƏRBAYCAN | Bəxtiyar Vahabzadə

Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.


9️⃣ Gözün aydın Azərbaycan! şeiri

Başı qarlı qan püskürən uca dağlar,
Harayımız ərşə çatıb otuz ildir!
Qan içində qıpqırmızı donuq laləm,
Şuşadakı “Çətir” adlı həzin sulu göy şəlaləm,
Kəlbəcərdən yer üzünə şanı qalxan İsti suyum,
Laçın elim, Ağdam Obama, Cəbrayılım,
Qanlı yurdum Qarabağım! Gözün aydın!
Sən axır ki öz arzunla, öz oğlunla,
Öz qızımla, el obanla nəfəs aldın!
Sən otuz il üç yüz il tək tez qocaldın.
Sən düşmənə məcbur qaldın.
İgidlərin aldı səni!..
Al bayraqlar, alov saçan al sancaqlar,
Üç rəngi ilə dalğalanar göy üzündə!
Şəfəq saçan şəhid qanlı, qürur saçan o bayraqlar.
Sevinc verər, Qürur verər igidlərə yer üzündə!
Gözün aydın Azərbaycan, ürəyində, ciyərində tonqal salmış,
Od qalanmış Qarabağın qara dərdi artıq yoxdur!
Gözün aydın, saçları ağ , ovcu qabar, qəlbi qubar qoca Anam!
Şəhid qanı yerdə qalan o obadan, o diyardan əsər yoxdur!
Gözün aydın doğma diyar,cənnət məkan.
Nəhayyət ki bütün bir xalq dəmir bilək olubsan sən,
Nəhayyət ki düşmənlərin damlarını başlarına yıxıbsan sən.
Gözün aydın igid əsgər,
Xocalının qisasını alıbsan sən !
Hər şəhidlə, hər qazı ilə ərşə qalxan,
Türk elinin yarasına məlhəm olan ,
Öz ordunla dünyalara lərzə salan
Məğrur bala , bu vətənin oğlusan sən!
Gözün aydın Qafqazdakı qoca qartal,
Sən yenidən qanad açıb uçacaqsan,
İgidlərin öz qanıyla,körpə, cavan canlarıyla,
Məlhəm oldu, çarə oldu parçalanmış qollarına,
Sənin üçün düşünərək, istəyərək
Düşmənləri məhv etməkcün son qoydular
Dünyadakı çiçək açan “ömür” adlı yollarına.
Şəhadətə ərdi onlar! . Canlarından can ayırıb,
Sənə min can verdi onlar!
Odur ki sən qanla , canla sağalıbsan!
Qoca vətən sən yenidən doğulubsa!
Gözün aydın qoca Qartal Azərbaycan!
Gözün aydın ana vətən !…..
Nəhayət ki Sən Azadsan!

Oxşar yazılar:

3.4/5 - (165 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button