Şeirlər

Şuşa haqqında şeirlər

Şuşaya aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq Şuşa haqqında mənalı 6 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣ GÖZƏL ŞUŞA | Zahid XƏLİL

Nə gözəldi bu şəhər,
Yaşıl paltar, ağ örpək.
Çətir tutub dumandan,
Ayaqları gül-çiçək.

Bilmirəm hansı sözlə
Vəsf edim bu şəhəri?!
Kirs başının tacıdı
Qarqar gümüş kəməri.

Azadlığa çıxıbdı,
Şuşa yenə nazlanır,
Hər gülün budağında
Bülbüllər pərvazlanır.

Onun küçələrində
Gəzir dahi xilaskar.
Əziz Şuşa qurulur,
Şuşa dirçəlir aşkar.


2️⃣ ŞUŞA | Rəşad Məcid

Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.

Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.

Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.


3️⃣ NƏVƏMI ŞUŞADA GƏZDIRƏRSINIZ | Etibar Vəliyev
Nəvəmi götürüb bağa gedirəm.
Ona göstərirəm, deyirəm ki, bax,
Bu nar ağacıdı,
Bu da ki nardı.
Bu alma, bu armud,
Bu da xurmadı.
Nəvəmin kitabı əlimdə qalıb,
Kitabda şəkillər rənglidi, aldı,
Canlı da cansızdı, heykəldi, laldı.
Neynirəm daş kimi
Heykəl quşları.
Cücə bağımızda,
Qaz bağımızda.
Qapını açanda
Qonşuya hürən
Pişiklə dost olan it qapımızda.
Sonra da nəvəmlə şəhərə çıxıb,
Gəzirik Bakının küçələrini.
Deyirəm, Bakıdan Şuşaya qədər
Vətəndi, Vətəndi, Vətəndi canım.
Gəzdik bu şəhəri, gedək dincələk,
Sabah da Şuşaya gedərik, canım.
Nəvəm Balacadı, təzə dil açır.

Bir gün “Şuşa” deyər,
“Qarabağ” deyər.
Deyər ki, ay baba,
Gedək Şuşaya.
Yox deyə bilmərəm,
Ar gələr mənə.
“Can” desə, canımı verərəm ona.
Siz Allah, yaşıma baxmayın daha,
Mənim də adımı orduya yazın.
Qələmi qılınca çevirəcəyəm,
Sözü silah edib od püskürərəm.
Cəbhəyə gedərəm,
Sabah gedərəm!
Alaram kəndləri, şəhərləri mən.
Amma bir arzum var,
Bir diləyim var:
Mən gedib Şuşada Şəhid olsam,
Siz
Nəvəmi Şuşada gəzdirərsiniz.


4️⃣ QAYTARIN,ŞUŞAMI,QAYTARIN MƏNƏ | Ramiz Qusarçayli

Görünür qisasdan, döyüşdən keçib,
Tənədən,qınaqdan, söyüşdən keçib,
Diş dişə dirənib, iş işdən keçib
Qaytarın Şuşamı, qaytarın mənə…

Göylərin sirrini Yerdə örtməyin,
Günahı məsciddə,pirdə örtməyin,
Tökülən qanlara pərdə örtməyin
Qaytarın Şuşamı, qaytarın mənə…

Aram yox aranı pozanlılarla,
Yolum yox yolunu azanlılarla,
Başımı qatmayın Quzanlılarla,-
Qaytarın Ağdamı, qaytarın mənə…
Qaytarın Şuşamı, qaytarın mənə…

Xarı bülbülümü gülə qaytarın,
Sarı sünbülümü telə qaytarın,
Necə satılıbsa elə qaytarın,
Qaytarın Şuşamı, qaytarın mənə…

Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə…

Nə qədər silahı yağlamaq olar,
Nə qədər səngərdə ağnamaq olar,
Nə qədər efirdə ağlamaq olar,
Qaytarın Şuşamı, qaytarın mənə…

Bir məzar yeri də qoy mənim olsun,
Bir şəhid köynəyi kəfənim olsun,
Andından dönənə and qənim olsun
Qaytarın Şuşamı, qaytarın mənə…

Orda bir papağın yeri göynəyir,
Orda bir bayrağın yeri göynəyir,
Orda bir Qələbə şeiri göynəyir,
Qaytarın Şuşamı, qaytarın mənə…
Necə bacarırsız elə qaytarın…
Qaytarın Şuşamı, qaytarın mənə…


5️⃣ SALAM ƏZIZ ŞUŞA | Hüseyn Bağıroğlu

Sənsən bizim ruhumuzun məskəni,
Yad əllərdə qoyardıqmı heç səni?
İti qovan kimi qovduq düşməni,
Salam əziz Şuşa, biz qayıtmışıq.

Sənə göz dikənin vurduq gözündən,
Hünəri var bir də çıxsın özündən.
Gör nə at çapırıq Cıdır düzündə,
Salam əziz Şuşa, biz qayıtmışıq.

Sən indi azadsan azad quş kimi,
Axır gözümüzdən sevinc yaş kimi,
Eşqin qəlbimizdə bir naxış kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.

Çox oddan alovdan keçib gəlmişik,
Dağ çəkənə dağlar çəkib gəlmişik,
Şəhadət şərbəti içib gəlmişik.
Salam əziz Şuşa, biz qayıtmışıq.

Bəxtin açılıbdır al səhər kimi,
Zəfər görünməyib bu zəfər kimi,
Biz sənin qoynuna gəldik ər kimi.
Salam əziz Şuşa, biz qayıtmışıq.

Gördü qəlbindəki atəşi, közü,
Çıxdı kəlləsinə düşmənin gözü.
Ali baş komandan söylədi özü:
Salam əziz Şuşa, biz qayıtmışıq.


7️⃣ŞUŞA | Kənan Hacı
Şuşa! Ruh bədənə qovuşan kimi,
Vüsalın can verir Azərbaycana.
Səninçün köklənib qəlbimin simi,
Ruhlar müjdə verir Seyyidə, Xana.

Vaqif türbəsindən əl edir bizə,
Ruhu salamlayır igid əsgəri.
Xan qızı Natəvan çıxıbdır düzə,
Köksünə sıxıbdır ər oğlu əri.

Uğrunda igidlər can fəda edir,
Silir torpağından düşmən izini.
Dikəlir Vətənin qəddi, dikəlir,
Biz qanla yazırıq zəfər sözünü.

Ürəyim ağactək çiçək-çiçəkdi,
Bu payız çağında ey bahar Şuşam!
Baxma ki, yolların çəndi, çisəkdi,
Bu səhər bəxtinə gün doğar, Şuşam!

Bu gün təbiət də döyüşür orda,
Kəsir bənd-bərəni, bağlayır yolu.
Təpələr dumanı atır üstündən,
İgidlərin yolu aydınlıq olur.

Ömrün də dağı var, yal-yamacı var,
Vaxtın atlarıyla həsrət düzündən
Keçdik, vüsalına yetdik, Qarabağ,
Öpdük hər çiçəyin, gülün üzündən.

Ali Baş Komandan xalqa üz tutub
Müqəddəs savaşdan xəbərlər verir.
Onun hər sözündə qətiyyət, qürur,
Sənin haqqın idi bu zəfər! – deyir.

Gözün aydın olsun, Azərbaycanım,
Gözündə çağlayan sevinc yaşıdır.
Bu savaş yenilməz Azərbaycanın
Vətən savaşıdır, haqq savaşıdır!


Oxşar yazılar:
Susa qalasi haqqinda melumat
Susa haqqinda melumat 
Qarabaga Aid Seir

4.7/5 - (1067 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button