Şeirlər

Uşaqlara aid şeir

Uşaqlara aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq uşaqlar haqqında mənalı şeirləri sizlər üçün bir araya topladıq.


1️⃣ Balam | Naməlum

Mənim ay gözəl qızım,
Çiçək qızım,gül qızım.
Göylərdə dan ulduzum,
Mələk qızım,gül qızım.

Şirin sözüm-söhbətim,
Allahdan var istəyim.
Canım-gözüm ürəyim,
Toyunda söz söyləyim.

O günü gözləyirəm,
Səmimi istəyirəm.
Xoşbəxt olduğun günü,
Ürəkdən istəyirəm.

Xoşbəxt olsun,balalar,
Ağlamasın analar.
Balaların xoş günü,
Mənə ümid yaradar.

Ürəkdə arzum çoxdu,
Yazmağa yerim yoxdu.
Zəriş desə qurtarmaz,
Arzular sonsuz olmaz.


2️⃣ Bacım Və Mən | Solmaz Şirin

Hər səhər tezdən durub
Məktəbə gedir bacım.
Aldığı qiymətlərlə
Bizi şad edir bacım.
Bacımı çox sevirəm,
Yolunu gözləyirəm,
Onunla ayrılığa
Qətiyyən dözməyirəm.
Öyrədir bacım mənə
Hərfləri və sözləri.
Bilirəm, anlayıram
Səhvləri və düzləri.
Məktəbə gedəcəyəm
Gələn il bacımla mən.
O günü gözləyərək
Oluram bəxtəvər, şən.


3️⃣ Mən balaca deyiləm | Gülzar İbrahimova

Səhər tezdən dururam,
Əl-üzümü yuyuram
O qədər böyümüşəm,
10-a qədər sayıram!

Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!

Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!

Böyüyəm mən, böyüyəm
Görün necə, böyüyəm
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm!


4️⃣ Balaca rəssam | Əyyub Məmmədov
Türkay şəkillər çəkir,
Rəngdən alır ilhamın.
Qələmi əldən düşmür,
İki yaşlı rəssamın.
Bir iş var ki, biləsiz,
Rəsmi çəkir divarda.
Nənəsi gülüb deyir,
Usta lazım ağarda.
Atasıyla bağçaya,
Getdi balaca rəssam.
Daha şəkli vərəqdə,
Çəkdi asanca rəssam.

5️⃣ Kənd uşaqları | Tofiq Mahmud.

Gəl, gəl-deyir çəmən-düz,
Yamaclara tutub üz.
Dərələri, dağları
Dolaşır gecə-gündüz
Bizim kənd uşaqları.

Yetişəndə gilənar,
Alma, armud, heyva, nar
Baxçaları, bağları
Gizli-gizli dolanar
Bizim kənd uşaqları.

6️⃣ Uşaq bağçası | Şirinxanım Kərimbəyli.

Uşaq bağçası bu gün
Bürünüb al qumaşa.
Hər gülüş xoş səda, ün,
Hər körpə bir tamaşa.

Gülür, oynayır qızlar,
Oğlanlar yallı gedir.
Bu balaca ulduzlar
Adamı heyran edir.

Onlar dostların belə,
Məktəbə yola salır.
Şeirlər axır dilə,
Qızlar piano çalır.

Körpələrin gözləri,
Gülüşdən pərvazlanır.
Tükənməyir sözləri,
Ürəklər avazlanır.

Beləcə bayram edir,
Son bağça günün onlar.
Ayrılıq çatıb nədir?
Ayrılacaq ünvanlar.


7️⃣ “Oyan, oğlum!” | Abdulla Şaiq

Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu.
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.


8️⃣ Yer üzündə uşaqlar var | Zeynal Cabbarzadə.

Yer üzündə uşaqlar var,
Rəngi qara, rəngi sarı.
Gəlin dostlar, salamlayaq
Bu gün bütün uşaqları.

Uşaqlar var bahar belə
Onlar üçün acı qışdır.
Uşaqlar var dərd əlindən
Gənc olmamış qocalmışdır.

Uşaqlar var uzaqlarda
Dərdi, qəmi çox böyükdür.
Ac, yalavac, gülmür üzü,
Bir dəridir, bir sümükdür.

Gəlin dostlar, biz onları
Sevə-sevə salaq yada.
Qoy titrəsin səsimizdən
Yad ellərin cəlladları.
Qardaş olsun, sirdaş olsun,
Bu dünyanın övladları!

4.6/5 - (212 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button