Şeirlər

Xocalıya aid şeir

Xocalıya aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq Xocalı haqqında 6 təsirli şeiri sizlər üçün bir araya topladıq.



1️⃣ XOCALI MÜSİBƏTİ | Hikmət Ziya.

Günəş, necə yanırsan?!
Necə alovlanırsan?!
Yer, niyə dolanırsan?!
Dayanıb sükutla dur!
Dərk et bu fəlakəti.
Görünməz müsibətdir
Xocalı müsibəti!
Yerdə qalsa belə qan,
Əl üzülər dünyadan.
Məğrurdur Azərbaycan!
Cəzasız qalmayacaq
Törədən cinayəti!
Dəhşətlər dəhşətidir
Xocalı müsibəti!


2️⃣ CAN XOCALI | Seymur Sönməz

Qoca cavan baxmadılar,
Allahdan da qorxmadılar.
Neçə cana susadılar,
Qaldı analar yaralı,
Can Xocalı,Can Xocalı.

Vətənindən perik düşdü,
İllər, aylar da ötüşdü.
Məzarlıqlarda görüşdü,
Sinəsi dərdli qubarlı,
Vay Xocalı,Vay Xocalı.

Əsir düşdü ana, bacı,
Bu dünyada böyük acı.
Hamimizin bir möhtacı,
Sən olmusan can Xocalı,
Can Xocalı, Can Xocalı.


3️⃣ QANLI YADDAŞ | Əziz Musa.

Xocalı tarixin qanlı yarası,
Qanla suvarılıb bu torpaq, bu yurd.
Yadlar əlindədir yurdun yarısı,
Daha o dağlarda ulamayır qurd.

Hamının taleyi Allaha bağlı,
Bəs niyə haqsızın işi düz gəlir?
Allah adamının sinəsi dağlı,
Allahsız dünyada bildiyin edir.

Yerdə qalacaqmı tökülən bu qan?
Bu xalqın, millətin günahı nədi?
Cəzasın alacaq günahı olan,
Dünya bilməlidi bu cinayəti.


4️⃣ “XOCALI, AY XOCALI!” | İlhamə Namazova
İnsanlara qıymadan,
Güllə atəşinə tutdular.
Yaşlı, uşaq baxmadan,
Yanar oda atdılar.

Neçə şəhidlər verdik,
Neçə ana itirdik,
Neçə illər gözlədik,

Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı,
Xocalı, ay Xocalı !

Gün gələr, dərdimiz sona yetər,
Hər kəs öz yurduna dönər,
Şəhidlərin ruhu sevinər,
Xocalı, ay Xocalı !

Sənin uğrunda döyüşməyə hazırıq,
Vətən torpağını qaytarmağa hazırıq,
Düşmənə hər cür əzab verməyə hazırıq,
Xocalı, ay Xocalı !

Şəhidlərin qanı yerdə qalmayacaq,
Anaların haqqı düşməndən sorulacaq,
İgid oğullar səni düşməndən qurtaracaq,
Xocalı, ay Xocalı !


5️⃣ XOCALI | Sərdar Zeynal

Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!

Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!

Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim – əsim, Xocalı!

Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!

Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!

Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!

Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!

Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!


6️⃣ XOCALIM AY XOCALIM | Zəlimxan Yaqub

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!

Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!

Neçə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!

Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xoclım, ay Xocalım!

Nə möcüze göstərim, nə cürə imkan tapım,
Qan itirən kəslərin damarına qan tapım?
Hansı yolu seçim ki, dərdinə dərman tapım,
Amansız cəmiyyətdə sənə nə aman tapım?
Millətəmi güvənim, torpaqdanmı güc alım?
Xocalım, ay Xocalım!

Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!

Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,
Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.
Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,
Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,
Haqqımı qaytarmağa bir ömür də borc alım,
Xocalım, ay Xocalım!

Töküldülər üstünə quduz kimi, ac kimi,
Şumladılar yer kimi, qırdılar ağac kimi,
Dağıtdılar çöllərə əsir, yalavac kimi.
Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalxım, ucalım,
Xocalım, ay Xocalım!

Bizdən ürək istədin, ürək vermədik sənə,
Bizdən kömək istədin, kömək vermədik sənə,
Bizdən qanad istədin, lələk vermədik sənə.
Aylarla su vermədik, çörək vermədik sənə,
Buraxdıq özbaşına əlimizdən cənnəti,
Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım,
Xocalım, ay Xocalım!

Təzədən yandı xallar muğamın nəvasında,
Bayquşlar ötür bu gün bülbülün yuvasında.
Biqeyrət oğulların şan-şöhrət havasında,
Kəmfürsət övladların vəzifə davasında,
Harayına çatmağa tapılmadı macalım,
Xocalım, ay Xocalım!

Yerbəyer eləməmiş sevincimi, dərdimi,
Bir-birindən seçməmiş mərdimi, namərdimi,
Əjdahalar əlindən qurtarmamış yurdumu.
Tanrının qırmancına döndərməmiş ordumu.
Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,
Xocalım, ay Xocalım!
XOCALIM, ay XOCALIM!!!

Xocalı soyqırımı qurbanlarına Tanrıdan rəhmət diləyirik. 
Allah rəhmət eləsin!


Oxşar yazılar:

Xocali faciesi haqqinda melumat 
Sehidler haqqinda melumat 
Zəfər gününə aid şeirlər

4.6/5 - (649 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button