İnşalar

Saz haqqinda melumat 

Saz haqqinda melumat Tehsil.com.az saytımızda sizlər üçün təqdim olunur. Qədim çalğı alətimiz olan saz bu gün məclislərimizin yaraşığıdır. El şənliklərimizi saz olmadan təsəvvür etmək mümkün deyil. Sazdan aşıqlar istifadə edir. Daha ətraflı şəkildə saz haqqinda melumat oxumaq istəyirsinizmi? Gəlin tanış olaq.

Saz  adını “sazlamaq” sözündən götürmüşdür. Saz aləti ifa olunma üsulu, köklənmə prinsipi, tembr özəlliyi, zərif cingiltili səslənməsi və s. xüsusiyyətlərinə görə digər musiqi alətlərindən seçilir. Bu milli çalğı alətimizin uzun bir tarixi inkişaf yolu vardır. Saz eyni zamanda Oğuz türklərinin müqəddəs musiqi aləti olan qopuzun xələfi hesab olunur. Qopuz-saz transformasiyası nəticəsində sazın çanağı böyüdülmüş, qol hissəsi uzadılmış, simləri və pərdələri artırılmaqla yanaşı, başqa materiallarla əvəz edilmişdir. Bu gün də bu çalğı alətindən Azərbaycanda geniş istifadə olunur.

Tarixi qaynaqlardan məlum olur ki,  saz adından əvvəl XIV-XV yüzilliklərdə ara mərhələyə kimi çağır (çoğur, çukur) adından da istifadə olunmuşdur.

Xatırladaq ki, əvvəllər “saz” termini bütövlükdə musiqi alətləri toplusu anlayışını ifadə edirdi. Xətayinin, İsgəndər Münşinin, digər o dövr şair və tarixçilərin əsərlərində isə “saz” termini məhz aşığın çaldığı musiqi alətini nəzərdə tutur.

Azərbaycan aşıq sazları müxtəlif adlarla yayılsa da (cürə saz, qoltuq sazı, orta saz, böyük saz, tavar saz, ana saz, xakəbənd saz, əsa saz, cifti saz, və s.) elmi ədəbiyyatda sazı ölçüsünə görə əsas üç növə ayırırlar: 1. Kiçik saz (cürə saz); 2. Orta saz; 3. Böyük saz (tavar saz, ana saz)

Saz aləti kəllə, qol və çanaq kimi üç əsas hissədən ibarətdir. Kəllə-qol qoz, çanaq isə tut ağacından hazırlanır. Aşağı konturunun qabarıq və ya yastı forması armud şəkilli çanağın qarpızı və yemişi növləri olur.

Saz simli çalğı aləti olaraq mizrabla çalınır. Sazın mizrabına “təzənə” deyilir. Mizrab əvvəllər gilas ağacının qabığından hazırdı. Simlər 3-5-7-9-11 ardıcıllığı üzrə təkamül yolu ilə sayca dəyişsə də, üç telli qopuzun üçlük sistemi bu gün də saxlanılır. Simlər sazda üç qrupa bölünür: alt simlər (zil simlər), orta simlər (bəm simlər), üst simlər (dəm simlər)

XIX-XX əsrə qədər sazın səs düzümündə 7-9 pərdə mövcud olmuşdur. XX əsrdə sazın pərdələri on dörd, on altı və on səkkizə çatdırılmışdır. XXI əsrdə isə ən təkmilləşmiş variantı olan iyirmi pərdəli sazlardan daha çox istifadə olunur. Bundan başqa, diapazonu 2,5 oktavaya malik, tam xromatik səs sırasına əsaslanan iyirmi altı pərdəli müasir Azərbaycan sazları da mövcuddur. İlk dəfə olaraq İ.İmamverdiyev və M.Əliyev bu sazlardan istifadə etmişlər. Yeddi əsas pərdəyə müvafiq olaraq sazın köklənməsinin yeddi növü qeyd olunur. Lakin təcrübə onu göstərir ki, bunlardan daha çox beşi, ən çox üçü (baş pərdə kökü, orta pərdə kökü, şah pərdə kökü) istifadə olunur. Sazın ən qədim kökü “Şah pərdə kökü” hesab edilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Oxşar məqalə

3.8/5 - (22 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button