Şeirlər

Təbiət haqqında şeir

Təbiət haqqında şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq Təbiət haqqında 6 mənalı şeiri sizlər üçün bir araya topladıq.


1️⃣ TƏBİƏT DÜŞÜNÜR | Hüseyn Arif.

Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım,
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım.

Nə kaman götürək, nə tar, nə qaval,
Orda nəğmə də var, nəğməkar da var.
Yarıb buludları dinəndə qartal
O səsə bərabər bir səs harda var.

Torpağın ətrini fikirləşəndə,
İpək tellərinə çiçək taxarsan.
Səhərlər yadına güzgü düşəndə,
Maral baxan gölə sən də baxarsan.

…Gəlin təbiəti biz də düşünək,
O özü hər şeyi düşünən kimi.


2️⃣ FƏSİLLƏR | R.Əfəndiyev.

Qar gedər, yer açılar,
Göydən rəhmət saçılar.
Çəmən, çiçək açılar,
Bil, bu hansı fəsildir?

Meyvə dəyib dərilər,
Xırman taxıl döyülər,
Aləm behiştə dönər,
Bil, bu hansı fəsildir?

Quşlar bala balalar,
Maldar ot-ələf çalar.
Xırman taxıl döyülər,
Bil, bu hansı fəsildir?

Qar aləmi ağardar,
Xalq malı dama salar.
Hər evdə ocaq yanar,
Bil, bu hansı fəsildir?


3️⃣ TƏBİƏTİN ƏTRİ | Süleyman Rüstəm.

Günəşdən tez oyanıb gəzirəm öz bağımda,
Nələr, nələr bitməyir bu ana torpağımda!
Ağaclar min dil töküb sanki mənə gəl, deyir,
Gəl, gəl, olmasın bizə ot-alaq əngəl, deyir.

Parlayır incələrtək şeh çiçəklərin üstdə,
Deyirəm ki, tapılmaz bir bağban mən həvəsdə.
Əkdiyim hər fidançın gedib əldən, ayaqdan,
Canını bağ-bostanın qurtarıram alaqdan.

Qarşılayıb əməklə gələn xoş baharı mən.
Suvarıram həvəslə körpə ağacları mən,
Gözəl bir vərdiş hanı mənim bu vərdişimdən,
Arada yorulantək ayrılaram işimdən,
Oturub bir daş üstdə nəfəs alıram dərin,
Gəlir əlimdən ətri otların, çiçəklərin!..


4️⃣ BAHAR | Abdulla Şaiq

Sevin ey çöl, ey orman,
Artıq dəyişdi zaman;
Yox oldu qış, boran, qar,
Qonaq gəldi şən bahar.

Açdı yaşıl bir süfrə,
Şənlik çökdü çöllərə.
Göyərmiş göy səməni,
Səsi basmış ölkəni.


5️⃣ AXAR SU | Zəlimxan Yaqub

Göy üzündə buludları silkələr,
Dağ döşündən dərələrə axar su.
Şeh içində çimizdirər gülləri,
Zirvələrdən çökəklərə baxar su.

Qış gələndə əl-ayağı dondurar,
Yaz gələndə ümid nuru yandırar.
Qayaların inadını sındırar,
Damla-damla göz yaşını sıxar su.

Ruhu pakdı, təmizlərdən təmizdi,
Adı bizə əzizlərdən əzizdi.
Hara baxsan çaydı, göldü, dənizd i,
Yer altından yer üzünə çıxar su.

Gələn gedir bu dünyada qalan yox,
Sular kimi boşalan yox, dolan yox.
Dağ desə ki, məndən güclü olan yox,
Güc eləsə dağları da yıxar su.

Nəğməsidir hər açılan yarpağın,
Dərmanıdır hər bağçanın, hər bağın.
Ay Zəlimxan, şah damarı torpağın,
Axar südü, axar südü, axar su.


6️⃣ TƏBIƏT ALLAHIN ŞAH ƏSƏRIDIR | Zəlimxan Yaqub.

Yenə təbiətlə üz-üzəyəm mən,
Döş-döşə, baş-başa, göz-gözəyəm mən.
Çıxmışam dünyanın adiliyindən,
Gözəllik adlanan möcüzəyəm mən.
Belə duymamışdım gözəllikləri
Dünyaya gəldiyim gündən bəridi.
Bir səs dalğalandı qulaqlarımda:
– Təbiət Allahın şah əsəridi!

Gəlir ildırımlar kəllə-kəlləyə,
Şimşəklər döyüşür hey kəllər kimi.
Hər zaman döyüşlər sərkərdəsidi,
Qayalar dayanıb heykəllər kimi.
Bilinmir tarixi, bilinmir yaşı,
Buluddan nəm çəkir dağların başı.
Günəş qızılıdı, şəfəq zəridi.
Günəş də dilləndi, şəfəq də dedi:
– Təbiət Allahın şah əsəridi!

Vurula-vurula gördüklərinə
İnsan şair oldu, peyğəmbər oldu.
Oğul igid oldu, kişi ər oldu.
Bulaqdan saflığı götürə bildi,
Sudan şəffaflığı götürə bildi,
Qayadan sərtliyi götürə bildi,
Palıddan mərdliyi götürə bildi.
Qolları yollara bənzətdi dünya
Cığırlar yollarda əzələ kimi.

Şimşəkdən öyrəndi qəzəbi insan,
Coşdu tufan kimi, zəlzələ kimi.
Dalğanı görəndə daldı xəyala,
Dəniztək qabardı, çəkildi insan.
Rəssamdı dağların şəklini çəkən,
Daşlara can verən heykəltəraşdı.

Dağı görməyənin gözləri bağlı,
Daşı duymayanın ürəyi daşdı.
Təbiət eşqinə, sənət eşqinə
Nə qədər ürəklər yandı, əridi.
İnsan əsər dedi yaratdığına:
– Təbiət Allahın şah əsəridi!

Əli baltalılar ayaq saxlasın,
Yaşını kəsənlər başını kəsər.
Qurudar suyunu gen dərələrin,
Yazını, yayını, qışını kəsər.
Qışda qarı yağmaz, yazda yağışı,
Naləsi kamana, neyə çəkilər.
Bir parça yaşıllıq görmək istəsə,
Yağlı əppək olub göyə çəkilər.

Qaynar çeşmələri duru saxlamaq,
İşığı qorumaq, nuru saxlamaq,
Torpağın ruhunu diri saxlamaq
İnsanın ən böyük cavabdehliyi,
Bəşərin ən böyük dərdi-səridi.
– Təbiət Allahın şah əsəridi!

Oxşar yazılar:

4.2/5 - (44 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button