Şeirlər

Uşaq Şeirləri

Uşaq şeirlərinə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq uşaqlar üçün bir-birindən gözəl 9 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣GÖYQURŞAĞI | Mina Rəşid.

Al-əlvan rənglərimlə
Göyün yaraşığıyam.
Sevir məni uşaqlar
Mən bir göyqurşağıyam!

Hərdən görünürəm mən
Yeddi rəngli donumda.
Günəş şəfəqlərilə
Yağış görüşən anda.

De, hansı rəssam çəkər?
Heyrətlə baxır hamı.
Allahın əsəriyəm
Məndən gözəl de, hanı?


2️⃣ KƏPƏNƏK | Abdulla Şaiq.

Mənəm qanadlı çiçək,
Adım isə kəpənək.
Al-əlvan xallarım var.
Qızıl kimi parıldar.
Qanadımı açaram,
Budaq – budaq uçaram.
Yuvam, otağım ancaq
Olur yaşıl bir yarpaq.
Mənim dostumdur hər gül,
İncə telli göy sünbül.
Oynağımdır çöl, çəmən,
Məni tutmaq istəyən,
Ey mehriban uşaqlar,
Siz yaşayın bəxtiyar!
Mənim də bu dünyada
Bir başqa aləmim var…

3️⃣ BOYUM UZANIB | Aləmzər Əlizadə.

Bir səhər gəzə-gəzə,
Çıxdıq çiçəkli düzə.
Sarı boyçiçəyini
Nənəm göstərdi bizə.
Söylədi: ─Bu çiçəyin,
Yaman gözəl ətri var.
Hər kim dərib qoxlasa,
Onun boyu uzanar.
Mən də dəstə bağladım,
Evimizdə saxladım.
Boyum uzansın deyə,
Axşam-səhər qoxladım.
Biləsiz, belə yaxşı,
Ətirli çiçək olmaz.
Axı, deyəsən mənim.
Boyum uzanıb bir az…


4️⃣ QIZIL GÜL” |Abdulla Şaiq.

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül


5️⃣ ƏLA QiYMƏT | Əyyub Türkay.

Səhər saat səkkizdə mən,
Məktəbimdə olmalıyam.
Hazırladım dərslərimi,
Əla qiymət almalıyam.

Müəllimim söyləyir ki,
Hər gün dərsə hazır gəlin.
Arxayınlıq yaranmasın,
Qoy qaldırsın, hamı əlin.

Dərslərini yaxşı bilən,
Alar layiqli qiyməti.
Savadsız bir cəmiyyətin,
Artar daim əziyyəti.


6️⃣ ARI |Abdulla Şaiq.

Arıyam, zəhmətkeşəm,

Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,

Gözəl qoxu saçınca

Uçaram göy yamaca,

Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,

Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,

Pətəyimə tökərəm

Çalışaram doqquz ay,

Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,

Mənə: “Sağ ol!” desinlər.

7️⃣ Danışan hərflər | Gülarə Münis.

Hərflər dilə gəldi,
Biri belə söylədi:
“A “deyirlər adıma,
“N” yetişsə dadıma.
Yaranar “Ana” sözü,
Gülər dünyanın üzü.

Bir “T” gəlsə o saat,
Vərəqdə yazılar “At”.
Bir “A”da çağıraram,
“Ata” sözü yazaram.

“B” söylədi: Sus bir az,
Qarşıda bir “B” da yaz,
İki “B” və iki “A”,
Birlikdə olar “Baba”.

Bu dəfə dözmədi “C”,
Dilə gəldi bu bacı:
Mənimlə yazılır “Can”,
Vətənim Azərbaycan.
Çox şirindi dilimiz,
Bəxtəvərdi elimiz!.


8️⃣ “BÖYÜKLƏRƏ HÖRMƏT ET” | Mirvarid Dilbazi

Sən can yandır anana,
Sənə candan yanana.
Sev atanı könüldən,
Qulluq elə ona sən.

Hörmət etmək nənənə
Qoy bir borc olsun sənə.
Eşit baba sözünü,
Sevdir ona özünü.

Bir yıxılan görəndə,
Tut əlindən, balacan.
Yaxşı işlər görməyə
Tələsməlidir insan.


9️⃣ MƏNIM DOĞMA VƏTƏNIM ŞEIRI | Mina Rəşid.

Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.

Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.

Bayrağım üçrənglidir
Qırmızı, yaşıl, mavi.
Mənim nağıllarımda
“Cırtdan” aldadır “Div”i.

Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.

Oxşar yazılar:

Uşaqlara aid şeir
Övlad haqqında şeir
Valideyn haqqında şeirlər

4.4/5 - (37 votes)

Əlaqəli yazılar

Back to top button