Xaricde Tehsil

Türkiyədə tibbi təhsil almaq istəyənlər üçün vacib məlumatlar.

Uşaqlıqdan bu yana hamımızın gələcəklə bağlı şirin xəyalları olar. Elə bizə ən çox verilən suallardan biri də budur – “Böyüyəndə kim olacaqsan?” Bəzilərimiz verdiyimiz cavablardakı həmin uğurlu şəxs olmaq üçün əzmlə çalışarıq. Xəyalını qurduğumuz peşələrə yiyələnmək üçün ən yaxşı təhsili, ən nüfuzlu universiteti axtararıq. Çünkü, sevgi bəslədiyimiz həmin ixtisaslarda öz rəqiblərimizdən fərqlənmək, sayılıb-seçilən və işinin peşəkarı olmaq karyera bazarında mövqeyimizi daha da gücləndirər. 

Ətrafımızda istər uşaqlıqdan istərsə də sonradan həkim olmaq xəyalı ilə yaşayan kifayət qədər insan var. Biz də öz növbəmizdə bu işin məsuliyyətini daşımağı seçən dostlarımız üçün faydalı olacaq məqalə hazırladıq. Bildiyiniz kimi, bəzən xırda toxunuşlar milyonların həyatına şəfa gətirdiyi kimi, bunun əksini də müşahidə etmək mümkündür. Odur ki, həkim olmağın sirrlərinə dərindən yiyələnmək olduqca əhəmiyyətlidir. Bəs gəlin görək, keçmişin, bu günün və gələcəyin ən nüfuzlu, gəlirli ixtisası olmaq mövqeyini qoruyan həkimlik peşəsinə necə, hansı universitetlərdə yiyələnmək lazımdır?

Bir çox dünya ölkələri həkimlik peşəsinin ən yaxşı təhsilini vəd edən universitetləri ilə seçilir. Onlar arasında qardaş ölkə Türkiyənin ali təhsil ocaqlarının da xüsusi yeri var. Türkiyədə tibb təhsili almaq imkanları həmçinin azərbaycanlı tələbələrin əksəriyyətinin büdcəsinə, xəyallarına, yaşayış tərzinə də uyğundur. Çünkü qardaş ölkəylə olan dil, mədəniyyət oxşarlığı, yaşayış xərclərinin münasibliyi, qonaqpərvər və mehriban insanları, rəngarəng şəhər həyatı, təbiətsevərlərin qəlbini oxşayan təbii gözəllikləri və s. Türkiyədə təhsil almaq imkanlarını daha əlçatan edir. 

Türkiyədə tibb təhsili haqqında məlumat

Türkiyədə tibb təhsil 6 illikdir. Amerika və Avropa ölkələrindən fərqli olaraq Türkiyədə tibb təhsili almaq üçün daha öncə hər hansısa bakalavr proqramını bitirmək tələb olunmur. Türkiyədə tibb təhsili almaq istəyən əcnəbi tələbələrin müəyyən imtahanlardan uğurla keçmələri əsas şərtlərdəndir. Bütün zəruri şərtlərə əməl olunduğu təqdirdə isə tibb təhsilinə birbaşa başlamaq mümkündür. Bu ixtisas prestijli, gəlirli olması ilə yanaşı həm də karyerasını xarici ölkələrdə davam etdirmək istəyənlər üçün ən uyğun peşələrdən biri kimi tanınır. Türkiyədə tibb təhsili almaq dünyanın istənilən nöqtəsində karyeranızı uğurla davam etdirməyi təmin edir. Ancaq bu ölkələrə görə dəyişə bilər. Belə ki, müxtəlif dövlətlərdə həkimlik peşəsi üzrə çalışmaq istəyən namizdələrdən dil və ya ixtisas imtahanlardan keçmələri tələb oluna bilər. Bu isə öz ixtisasına peşəkar formada yiyələnən məzunlar üçün aşılmayacaq sərhəd deyil.

Tibbi təhsili Türkiyədə almaq üçün hansı şərtlərə əməl etmək tələb olunur?

Türkiyədə tibb təhsili almaq istəyən beynəlxalq tələbələr üçün qardaş ölkənin universitetlərinin tələbləri fərqli ola bilər. İlk olaraq qeyd edək ki, tək attestat sənədiylə əlavə imtahanlarsız müxtəlif universitetlərdə tibb təhsili üçün müraciətlər qəbul olunur. Əsasən namizədlərin dil biliklərinin yetərli olmasına nəzər yetirilir. Universitetlərə görə tədris dili ingilis və türk dili olaraq iki yerə ayrılır. Əgər tələbələr ingilis dilində təhsil formasını seçərsə bu zaman IELTS və ya TOEFL imtahanlarından uğurla keçmək tələb olunur. Türkcə təhsil alınacağı təqdirdə isə YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanları ön plana çıxır. Universitetlərə görə YÖS imtahanlarının sual növləri, imtahan vaxtları və bal hesablama üsulları dəyişə bilər. Bəzi tələbələr SAT və ya ACT kimi imtahanlara da müraciət edə bilərlər. Ümumilikdə təhsil almaq istədiyiniz universitetləri seçdikdən sonra qəbul zamanı hansı meyarlara üstünlük verdiyini araşdıraraq ona uyğun addımlar atmağınız tövsiyyə olunur. Bu kimi məlumatlar isə həmin ali təhsil ocaqlarının rəsmi saytlarında qeyd olunur. 

Türkiyə universitetlərində tibb fakültəsinə qəbul olmaq çətindirmi?

Türkiyədə tibb fakültəsi kvotaları beynəlxalq tələbə namizədlər üçün məhdud sayda olur. Bu mənada namizədlərin imtahan ballarının və orta bal ortalamalarının yüksək olması vacibdir. Dövlət universitetlərinin beynəlxalq tələbələr üçün kvotaları ümumiyyətlə 2 ilə 20 arasında dəyişir. Vəqf universitetlərində isə bu say bir qədər geniş olduğu üçün qəbul olunma şansları da daha yüksək ola bilər.

Türkiyədə tibbi təhsil üzrə hansı universitetlər ixtisaslaşıb?

2022-ci ilin reytinqinə əsasən, Türkiyədə tibb sahəsində Hacettepe Universiteti,  İstanbul Universiteti Cerrahpaşa və İstanbul Universiteti öz rəqiblərindən üstün olub. Adı çəkilən universitetlər barəsində qısa məlumatlarla tanış olduqdan sonra ümumilikdə Türkiyədə tibb təhsili vəd edən digər universitetlərin siyahısı ilə tanış ola bilərsiniz.

  • Hacettepe Universiteti

Hacettepe Universiteti Türkiyənin paytaxtı Ankarada 1967-ci ildən etibarən dövlət universiteti olaraq fəaliyyət göstərir. Universitet tibb, hüquq, mühəndislik, təhsil və incəsənət sahəsi üzrə bir çox istiqamətlərdə peşəkar kadrlar yetişdirir. Universitet 80-ə yaxın ölkədən beynəlxalq tələbələri qəbul edir. Universitetin iki əsas kampusu var. Bu kampuslardan biri Sıhhiye Kampusu adlanır. Universitetin tibb fakültəsi də burada yerləşir. Türkiyədə tibb təhsili almaq istəyən beynəlxalq tələbələr Sıhhiye Kampusunda təhsil alırlar. İkinci kampus isə Beytəpə şəhərciyi kimi tanınır. 

  • İstanbul Universiteti

Türkiyədə tibb sahəsi üzrə seçilən və dövlət araşdırma universiteti kimi tanınan digər ali təhsil ocağı İstanbul Universitetidir. Sözügedən universitetin tibb bölməsi Türkiyənin ilk tibb fakültəsi olaraq tanınır. Universitet 1933-cü ildən fəaliyyət göstərir. Onun əsas kampusu Beyazıt şəhərciyi İstanbulun Avropa tərəfindəki Fatih səmtində yerləşir. Universitetin məzunları arasında 2 Nobel mükafatı laureatı da var. Belə ki, onlardan biri ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamuk və digəri isə kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancardır.

  • İstanbul Universiteti Cerrahpaşa 

İstanbul Universiteti Cerrahpaşa Türkiyədə tibb təhsili almaq istəyən beynəlxalq tələbələrə müasir standartlara cavab verən təhsil təklif edir. Universitet təhsil sistemi, akademik heyəti və avadanlıqları ilə bütün dünyada tanınır. Universitetin şəhərin müxtəlif yerlərində yerləşən 8 müxtəlif kampusu var. Tibb fakültəsi Cerrahpaşa Kampusunda yerləşir.

Türkiyədə tibbi təhsili təklif edən digər nüfuzlu universitetlərin TOP 10-luğu

  1. Hacettepe Universiteti
  2. İstanbul (Çapa) Universiteti
  3. Ankara Universiteti 
  4. İstanbul (Cerrahpaşa) Universiteti 
  5. Ege Universiteti
  6.  Dokuz Eylül Universiteti 
  7. Marmara Universiteti 
  8. Koç Universiteti 
  9. Gazi Universiteti 
  10. Çukurova Universiteti

Türkiyədə tibb təhsili üzrə təhsil haqqları necə dəyişir?

Türkiyədə xarici tələbələr üçün tibb fakültəsi üzrə ödənişlər universitetdən asılı olaraq illik 12800 dolları ilə 27500 dollar arasında dəyişir. Ümumilikdə əcnəbi tələbələr üçün türk dilində olan tibb fakültəsi üzrə təhsil haqqları daha münasibdir. İngilis dilində olan tibb fakültələrinin təhsil haqları isə bir qədər yüksəkdir. Təhsil haqqı hər il hər universitetdə birinci hissə sentyabrda, ikinci hissə fevralda olmaqla iki hissədə ödənilir. Türkiyədə tibb təhsilinin Amerika, Kanada və ya Avropa ölkələrinin beynəlxalq standartlarına uyğunlaşdığını nəzərə alsaq, illik təhsil haqqları həmin ölkələrlə müqayisədə daha münasibdir. Bu isə, gənclərə bütün dünyada tanınan beynəlxalq tibb diplomuna daha münasib şərtlərlə yiyələnməyə imkan verir.

Türkiyədə tibbi təhsil almağın üstünlükləri nədir?

  • Dünyanın dörd bir yanından gələn gənclərlə əhatələnmək
  • Münasib təhsil haqqları və yaşayış xərcləri
  • Beynəlxalq səviyyədə tanınan diplom və sertifikatlar
  • İngilis dilində təhsil almaq şansı
  • Beynəlxalq standartlara cavab verən təhsil və təcrübə keçmək imkanları
  • Universitet seçimlərinin genişliyi

Türkiyədə tibbi təhsil almaq üçün hansı istiqamətlər üzrə ixtisaslar var?

Bildiyiniz kimi, tibb sahəsi olduqca geniş və əhatəli sektorlardandır. Arzuladığınız istiqamət üzrə müxtəlif ixtisaslarda təhsil ala bilərsiniz ki, həmin bölmələrdən bəzilərini təqdim edirik.

  1. Stomotologiya
  2. Fizioterapiya
  3. Cərrahlıq
  4. Səhiyyə menecmenti
  5. Urologiya
  6. Onkologiya
  7. Beyin və sinir cərrahlığı
  8. Psixologiya
  9. Kardiologiya
  10. Ailə həkimliyi

Ümumilikdə qeyd edək ki, tibb bölməsi üzrə uğurlu karyera qurmaq imkanları olduqca yüksəkdir. Ancaq unutmaq olmaz ki, bu sahə sahibindən son dərəcə peşəkarlıq, məsuliyyət, diqqət tələb edir. Özünüzü bu sahədə gördüyünüz halda həkimlik peşəsi üzrə yönəlməyiniz faydalıdır. Əks halda tədris ilinin uzunluğu, çətinliyi zaman itkisinə, ruhdan düşməyinizə səbəb ola bilər. Necə deyərlər sevdiyiniz bölməyə doğru addımlayın. Ən əsası isə addım atmazdan öncə bütün çətinlikləri nəzərə alaraq detallı incələdikdən sonra qərar verin.

Yazını dəyərləndir post

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button