Ana Haqqinda Seir
Ana haqqinda seirler Ana sevgisi və zəhmətini ən xoş sözlərlə təsvir edir və bizlərə Anaların həyatımızdakı əvəzolunmaz rolunu bir daha xatırladır.
1️⃣ Ana | İslam Sbəfərli.
Gözümün nuru, canım ana,
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi,
Əziz ana!..
Nə ki arzu, kamın var,
Qəlbimdə tutmuş qərar.
And olsun sana, can ana!
Qədrini el bilir, ətrini gül bilir,
Saçının ağına, qarasına qurbanam,
Könlünün o həzin laylasına qurbanam,
Əziz ana!..
Beşiyim üstə layla çaldın,
Gecədək sübhədək qadamı aldın.
İsti nəfəsini həmişə yaz bilmişəm,
Olub ki, mən sənin qədrini az bilmişəm,
Əziz ana!..
Niyyətin xoşdur, safdır südün,
Qulağımda qalıb hər öyüdün.
Oğluna, qızına, ay etibarlı ana,
Nəfəsi gül kimi, qəlbi baharlı ana,
Əziz ana!..
2️⃣ Ana | Nüsrət Kəsəmənli
Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.
Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.
Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.
Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.
Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.
Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.
Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.
3️⃣ “Ana, qurban olum dualarına…” | Cabir Novruz.
Ay ana,düşürsən tez-tez yadıma,
Təzədən dönürəm uşaq oluram.
Dizinə baş qoyub bərk-bərk yatıram.
Bütün qayğılardan uzaq oluram.
Görürəm çiynində yenə də çarşab,
O başdan durmusan sübh namazına.
Əlində o ulu, müqəddəs kitab,
Yenə üz tutmusan göylərə, ana.
Məni tapşırırsan Allaha bərk-bərk,
Tək bircə balanı, şair oğlunu.
Deyirsən, Xudaya, ona ol kömək,
Xətadan,bəladan gözlə sən onu.
Ana,qurban olum,dualarına,
Tapşır,yaxşı tapşır Allaha məni.
Tapşır,yaxşı tapşır,ana,ay ana,
Yurdum talanmasın bir daha mənim.
Keçim Xankəndindən,Kərgicahandan,
Şəhid torpaqları bağrıma basım.
Şərlər qovulsunlar Azərbaycandan,
Bircəciyinin də tumu qalmasın.
Ana,qurban olum dualarına,
Onların sehrini çox görmüşəm mən.
Elə körpəlikdən ana,ay ana,
Onların sehriylə böyümüşəm mən.
Uzaq səfərlərə getdiyim zaman,
Gizlincə cibimə dua qoyardın.
Məni keçirərdin Quran altından,
Sonra min dil ilə ovundurardın.
O dualarında bir sirr vardı,
Məni hər bəladan qurtarardılar.
Məni təyyarələr sağ aparardı,
Salamat yanına qaytarardılar.
Ana,qurban olum dualarına,
Tapşır,yaxşı tapşır, Allaha məni.
Tapşır,yaxşı tapşır,ana,ay ana,
Bir kimsə salmasın günaha məni.
Bu boyda kişiyəm ağır anda da,
Yenə sən çatırsan dadıma, ana.
Mənə dua elə məzarında da
Ana,qurban olum dualarına…
4️⃣ “Ana” | Əfzələddin Xaqani.
Əgər olmasaydı ana zəhməti,
Qazana bilməzdim heç bu şöhrəti.
Yandırmaq istərkən qəlbimdə çıraq
Qəlbimi mum etdi, sözlərini yağ.
Onun ruzisilə xoş olar halım,
Onun duasıyla gülər iqbalım.
Onun hər sözündən alıram qüvvət;
Qaladır verdiyi hər bir nəsihət.
Düşmən tənəsilə kəsilsə yolum,
O zəif qarıdan güc alar qolum.
Onun duaları olmasaydı, ah!
Ömrüm puç olardı, yəqin, bir sabah.
Onun haqqı çoxdur boynumda, bişəkk,
Boynumda əmimin haqqı olan tək.
5️⃣ “Analar” | Hüseyn Arif.
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.
Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.
Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.
Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.
Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?
5️⃣ Anam öldümü? | Bəxtiyar Vahabzadə
Ana haqqinda seir Bextiyar Vahabzade. Çox geniş və təsir edici şeiri aşağıdan oxuya bilərsiniz.
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi… otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?
«Yuxun şirin olsun» — deyərdin mənə,
«Yuxun şirin olsun» — deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir…
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
«Dərdin mənə gəlsin!» — deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..
Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
«Nənəm hanı?» — deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu…
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.
«Kimləri çağıraq bu gün yeddiyə?»
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə…
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır…
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxmlaşıram.
Bunları da bəyənə bilərsiniz: