Şeirlər

Menali Seir

Mənalı şeirlər axtaranlar üçün fikrimizə uyğun olan ən mənalı və maraqlı şeirləri sizlər üçün bir araya topladıq. Sizində sevdiyiniz və mənasının çox böyük olduğunu düşündüyünüz şeirləri bizimlə bölüşə bilərsiniz.

YARI MƏNDƏ, YARI SƏNDƏ ŞEİRİ

Nüsrət Kəsəmənli

İkimizdə bir ürək var.
Yarı məndə, yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.

Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə.

Bir ovçuyam, günüm ovda
Qaçhaqaçda, qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə, balı məndə…


DÜNYA MƏNƏ TANIŞ GƏLİR

Ramiz Rövşən

Gedirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür,
Dünya mənə tanış gəlir.
Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış,
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.
Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi –
Dünya mənə tanış gəlir.


Hamının üzü içindədir..

Cabir Novruz

Sifətlərə inanmayın,
Hamının üzü içindədir.
Gözlərə çox aldanmayın,
Gözlərin gözü içdədir…

Deyəndə mənə toxunur,
Ki, hər şey gendən oxunur.
Dili çöldədir çoxunun,
Amma ki, sözü içdədir…

Qardaşsa da şərlə xeyir,
Bu onu, o bunu yeyir,
İblis düşmən qorxunc deyil,
Əsl iblisim içdədir…


AYRILIQ

Baba Vəziroğlu

Xəzan gəldi, köçüb getdi ilk bahar,
Bilməm hara uçub getdi durnalar,
Mən bilməzdim bu dünyada həsrət var,
Səndən qalan xatirədir ayrılıq.

Bəlkə bir də yaz olacaq, bilmirəm,
Bir ayrılıq az olacaq, bilmirəm..
Məndən sənə nə qalacaq bilmirəm..
Səndən qalan xatirədir ayrılıq.

Səni sevdim, düşdüm necə dərdə mən..
Mən bilmirəm dözüm necə dərdə mən?
Tək qalmışıq bir ayrılıq bir də mən.
Səndən qalan xatirədir ayrılıq.

Bəlkə bir də yaz olacaq, bilmirəm..
Bir ayrılıq az olacaq, bilmirəm..
Məndən sənə nə qalacaq bilmirəm..
Səndən qalan xatirədir ayrılıq.


TORPAQ OL YAŞA

Zəlimxan Yaqub

Sükutdan qaç,
Qəlbini aç,
Nurunu saç,
Ocaq ol yaşa!

Sevsinlər boyunu,
Çalsınlar toyunu,
İçsinlər suyunu,
Bulaq ol yaşa!

Təhqir-töhmətdən,
Yersiz xiffətdən,
Kin-küdurətdən,
Uzaq ol yaşa!

Süfrəni bol aç,
Sevgiyə qol aç,
Yolsuza yol aç,
Çıraq ol yaşa!

Yaşat dünyanı,
Yaşat cahanı,
Yaşat insanı,
Torpaq ol yaşa!


Ömür

Bəxtiyar Vahabzadə.

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
l)Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.

Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.

Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.

«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

Bənzər Mövzular:

3.2/5 - (10 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button