Şeirlər

Novruz Bayramına aid şeir

Novruz Bayramına aid şeirlər toplusuna aşağıdakı siyahıdan baxa bilərsiniz.

Tehsil.com.az saytı olaraq Novruz Bayramı haqqında ən yaxşı şeir misralarını sizlər üçün bir araya toplamağa çalışdıq.

1️⃣ Novruz bayramı | S.Fətəliyeva.

Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.

Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.

Göyərib səmənilər,
Payla dolub sinilər,
Gəlib Novruz bayramı,
Sevinir, gülür hamı.


2️⃣ Novruzun tərifi | Yusif Dirili

Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.

Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.

İlaxır Çərşənbənin
Bir başqadır növrağı.
Əski dünyadan gəlir,
Onun səsi-sorağı.

Bu bayrama çatan yox,
Girsin bəhsə, yarışa.
Heyran qalmamaq olmur
Bu nəcib yaranışa.

Allahın möcüzəsi,
Görkəzməsi bəlkə də.
Hələ belə bayram yox,
Nə diyarda, ölkədə.


3️⃣ Səməni | Abdulla Şaiq.

Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.

Çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin
Parıldasın qızıl təkin.

Bağlar bəzək vursun yenə,
Quşlar məclis qursun yenə.
Budaqlarda axşam, səhər,
Şəfəq saçsın şux meyvələr.
Sevincimiz başdan aşsın,
Bahar, günəş qucaqlaşsın.


4️⃣ NOVRUZ, GƏL | Yusif Dirili

Süfrədə düzüm-düzüm:
Ləb-ləbi, xurma, üzüm.
Plovda qalıb gözüm,
Novruz, gəl ha, Novruz , gəl.

Sənsən parlayan ulduz
Keçəl, kosa, bahar qız.
Qoyma gəl bizi yalqız,
Novruz, gəl ha, Novruz, gəl.

Könül evi viran var
Bəxtindən nigaran var
Aralıqda hicran var,
Novruz, gəl ha, Novruz, gəl.

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət açıb-daşsın
Novruz, gəl ha, Novruz, gəl.

Göyərtmişəm səməni
Gözləyirəm il səni.
Tez gəl, sevindir məni,
Novruz, gəl ha, Novruz, gəl.

Burda dağlar baş-başa
Bağ-bağçalar tamaşa
Əlvida dedik qışa,
Novruz, gəl ha, Novruz, gəl.


5️⃣ Yansın bayram şamları | Şirin xanım Şadiman

Yansın bayram şamları,
Gəlsin el adamları
Şö’lələnsin kamları,
Ürəklərdə nur olsun,
Novruzumuz gur olsun.
Tonqalları çatılsın,
Üstündən el atılsın,
Hər ev bura qatılsın,
Sinədə qürur olsun,
Novruzumuz gur olsun.
Qoy yığışıb qış getsin,
Novruz ruhu xoş etsin,
Süfrə açan nuş etsin,
İşimiz uğur olsun,
Novruzumuz gur olsun.
Paxlava, şəkərbura,
Pilovun üstə qara,
Xəbər ver dosta, yara,
Bayram elə cur olsun,
Novruzumuz gur olsun.
Səməni qalaq-qalaq,
Alaq süfrəyə salaq,
Biz canbirqəlbdə olaq,
Söz ağızda dür olsun,
Novruzumuz gur olsun.
Vətənin gözü gülsün,
Gecə-gündüzü gülsün,
Millətin üzü gülsün,
Evdə yur-yuğur olsun,
Novruzumuz gur olsun.
Bu yazın leysanları,
Torpağın ehsanları,
Ay Vətən insanları,
Sübhdən durhadur olsun,
Novruzumuz gur olsun.
Bir kimsə qəm görməsin,
Qəmlə süfrə sərməsin,
Ah qolunu gərməsin,
Qışla vurhavur olsun,
Novruzumuz gur olsun.



6️⃣ Bahar-Novruz bayramı | Naməlum

Üçbucaq düzəldir göydə durnalar,
Bir tuğyan qoparır qara zurnalar,
Quşlar cəh-cəhilə gətirir bahar,
Gəlir bər -bəzəkli bayramlar yenə.

Gəlir evdən-evə Novruz sovqatı,
Bu gün maviləşir göylərin qatı,
Qovuşur xoş günə insan ovqatı,
Tonqallar çatılır axşamlar yenə.

Çəkilir uzağa şaxtalı qorxu,
Bahar qaranquşu gətirir sorğu,
Hələ yuxudadır ağaclar çoxu,
Əvvəl çiçək açır badamlar yenə.

Öpür hər tərəfi bahar nəfəsi,
Qapıda,bacada quşların səsi,
Açılır dostların bayram süfrəsi,
Yanır xonçalarda ağ şamlar yenə.

Boranı, soyuğu almır eyninə,
Geyir ağ paltarı bağlar əyninə,
Bir yenilik gəlir insan beyninə,
Saflaşır, nurlaşır məramlar yenə.


7️⃣ Bayramların Sultanı | Yusif Dirili

Novruz gəlir yurduma
Hər tərəf gül-çiçəkdir.
Az sonra keçəl, kosa
Meydana gələcəkdir.

Hər tərəf işıq saçdı,
Novruz gəldi, sevindik.
Kədər bizdən gen qaçdı,
Şadyanlığa büründük.

Şəkərbura, paxlava,
Şorqoğalı yeməli.
Bayramların sultanı,
Ancaq sənə deməli.

Qoz-fındığın, qovurğan
Ağzı dada gətirir.
Üzərriyin, yovşanın
Qada-bala götürür.

Tonqal çatıb uşaqlar,
Atlanırlar üstündən.
Qorxu yoxdu alovdan,
Göz çıxardan tüstüdən.

“Bənövşə bəndə düşə”
-Bir oyundu məzəli.
Uşaqların sevdiyi,
“Yenə gəldi ənzəli”

Çərşənbələr ard-arda
Mənalıdır hər biri.
Bərəkət simvolusan,
Neçə min ildən bəri.


8️⃣ Novruzum | Zərəngiz Dəmirçi Qayalı.

Qədəmin mübarək Novruzum!
Nə qüssə, nə qəm çək, Novruzum!
Başında çələng var al-əlvan,
Səninlə oyanır bu cahan!
Dumduru suların axanda,
Göylərdə şimşəyin çaxanda,
Yamyaşıl otların silkinər,
Gülərsən göy gülər, yer gülər!
Sən bahar qızısan, Novruzum!
Torpağın nazısan, Novruzum!
Al rəngin yaşıla qarışar,
Sən gəlsən küsənlər barışar!
Nəfəsin səməni cücərdər,
Nemətə bürünər süfrələr!
Qoğalın günəşdir nimçədə,
Şamların sönməsin heç vədə!
Şəkərburan aydı evlərdə,
Bol olsun, ruzumuz ellərdə!
Paxlava dörd ünsür, çərşənbə,
Tanrıya duada hər bəndə!
Dörd yana xeyrimiz yollansın!
Qələbə ruhumuz canlansın!
Şirinin, şəkərin, noğulun,
Söylənsin əfsanən, nağılın.
Yumurta bəzənər rəngbərəng,
Tonqalın şimşəklə həmahəng!
Şəninə şərbətlər içilər,
Körpənə köynəklər biçilər!
Güllü don geyinər gözəllər,
Qədrini el bilər, gün bilər!
İgidlər “Qaytağı” oynayar,
Sellərin, suların qaynayar!
Silinər qəlblərin ağrısı,
Parıldar köhlənlər sağrısı,
Torpağın, güllərin, otların,
Bu gözəl, sevimli baharın,
Könüllər vəsfinə söz qoşar,
Nəğməli suların gurlaşar!
Gün vürub, daşların qızanda,
Plovun dəm alar qazanda!
Ən əziz müjdəsən yurduma,
Gəl əziz Novruzum,
Bir də sən yurduma!


9️⃣ Novruz Bayramı | Mina Rəşid

Novruz bayramı…
uşaqlıq illəri
Paxlava, şəkərbura naxışları kimi,
Sevimli günlər, şirin gülüşlər…

Novruz bayramı
Yamyaşıl bir zəmi, başımızda çələng
Ağ libaslı ağaclar bir mələk…

Novruz bayramı
Atamın zümzüməsi,
Anamın qonşuya pay göndərməsi
Böyük bir tonqal
Ağırlığım-uğurluğum harda qaldı?

Novruz bayramı
Balaca qardaşımın papaq atması,
yumurta döyüşməsi
-Xocalı uşaqlarının gülüşməsi…

Novruz bayramı
…Şuşanın dağları
Dumansız-çənsiz
Qızları qırmızı qoftalı,
Yaşıl şalvarlı,
Cıdır düzündə, at belində…

…Xanın səsi havalandı
“Qarabağın şikəstəsi”
Dünyaya səs saldı
Açın qulaqlarınızı!…

…Novruz bayramı
Kosalı, keçəlli,
A novruz çiçəkli, göy bənövşəli…

…Ah…bir də uşaq olarammı?
Tonqaldan atlanarammı?

Novruz bayramı
Məni bu həyatla barışdırarmı?…


1️⃣0️⃣ Bayram Axşamlarında | Fikrət Qoca

Yollar əlvan boyanar,
Evlərdə arzu yanar,
Gözlərə sevinc qonar,
Bayram axşamlarında…

Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar.
Göydən məhəbbət yağar,
Bayram axşamlarında…

Hər tərəf işıq olur,
Başqa yaşıllıq olur.
Göy yerə aşıq olur
Bayram Axşamlarında….

Oxşar yazılar:

4.9/5 - (1119 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button