Şeirlər

Bayraq haqqinda seir

Sizlər üçün bayrağa aid ən gözəl şeirləri bir araya toplamağa çalışdıq. Bayraq haqqinda seirler başlıqlı bu postu sona qədər oxuyaraq yazıdan tam faydalana bilərsiniz.

1️⃣ “Üçrəngli bayraq” | Rafiq Yusifoğlu.

Bu üçrəngli bayrağım
Gözümün işığıdır.
Azadlıq yağışından
Doğan göy qurşağıdır.

Üstündəki ay, ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.

Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır.
Yolumuzun üstünə
İşıq saçan mayakdır.



2️⃣ Himnimiz-bayrağımız | Şirinxanım Kərimbəyli.

Himnimiz – Bayrağımız,
Vətənin ürəyidir.
Sabaha növrağımız,
Millətin dirəyidir.

Hər ölkəyə qonaqdır,
Qorumasaq qınaqdır!…
Ömrümüzə sınaqdır,
Ölkənin gərəyidir.

Hər ikisi müqəddəs,
Bunu bilməli hər kəs,
Biz kimik onlarsız bəs?…
Bu dünyanın rəyidir.


3️⃣ Dalğalan, bayrağım! | Məzahir Məzhər.

Yol gəlmisən bir əsrdən bu yana,
Boyanmısan döyüşlərdə al qana,
Şəhidlərə laylay deyən bir ana,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!

Baxıb sənə qürurlandı igidlər,
Dalğalandın, şəfəq saçdı üfüqlər,
Dara düşüb gizlədildin çox illər,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!

Hər bir ölkə bayraq ilə tanınar,
Şəhidləri bayrağına sarılar,
Qarabağda zəfər marşı çalınar,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!


4️⃣ Azərbaycan bayrağı | İsmayıl İmanzadə.

Savalandı,Kəpəzdi
Şöhrəti eldə gəzdi.
Dağ kimi yenilməzdi –
Azərbaycan bayrağı.
Üç rəngi üç yozumda,
Dil açıbdı yazımda.
Dalğalanır arzumda –
Azərbaycan bayrağı.
Ay – ulduzu tamaşa,
Vətənimlə baş – başa.
Səs salıb dağa – daşa –
Azərbaysan bayrağı.
Keçib oddan,alovdan
Köksünə çilənib qan.
Başım üstədir hər an –
Azərbaycan bayrağı.
Haqqın dönməz yoludur,
Müqəddəsdir,uludur.
Azadlıq simvoludur –
Azərbaycan bayrağı.


5️⃣ Azərbaycan bayrağına | Əhməd Cavad.

Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!

Qayı Xan soyundan aldığın rəngi,
Qucamış Elxanla, müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!


6️⃣ Azərbaycan bayrağına | Cəfər Cabbarlı

Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!


Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşuyor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.


Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!


Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.


7️⃣ Bayrağım | Sabir Rüstəmxanlı.

Başımızın üstündə dalğalanan, dev bayrağım!
Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!

Bu məğrur ucalıqda tarixin ərintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər
Əsarətin, işğalın sonunu gözləyənlər,

Səni namus səngəri, Səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əzizləyənlər,
Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
Sənə əyri baxanlar dağlansınlar gözündən…

Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq səpsin yurdun hər bucağına!
Mavi – türklük şərəfim, varlığımız əbədi!
Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!

Qırmızı da al qanım, axdı vətən yolunda,
Əsarət zəncirini atmaq üçün qolumdan!
Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

Dünən səni cıraraq ayaqlara atanlar
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
Yurdumun üzü gülsün bu birlik nəğməsindən!

Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
Daha sənə əl çatmaz dursalar da, qəsdində.
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!


Bənzər Yazılar:

4.7/5 - (110 votes)

Əlaqəli yazılar

Back to top button