Şeirlər

Müəllimə Aid Şeir

Müəllimə Aid şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq Müəllim haqqında mənalı 7 şeiri sizlər üçün bir araya topladıq.

1️⃣İLK MÜƏLLİMİM

Ömrümə bir çıraqsan,
Arzuma bir soraqsan,
Yaddan çıxmayacaqsan,
Mənim ilk müəllimim.

Anamın laylasısan,
Qəlbimdə qalasısan.
Könlümün qalasısan,
Mənim ilk müəllimim.

Bağbansan, bar dərənsən,
Gül – çiçək becərənsən.
Gözlərə nur verənsən,
Mənim ilk müəllimim.

Bir gün getsən əllərdə,
Sözün qalar dillərdə.
Yaşarsan könüllərdə,
Mənim ilk müəllimim.


2️⃣Müəllim | Şirinxanım Kərimbəyli.

Müəllim – gözə çıraq,

Dilimizə bəzəkdir.

Elimdən verər soraq,

Kitablara – özəkdir.

O səadət işığı,

Bəxtimizin özüdü,

Sabahın yaraşığı,

Xoş həyatın gözüdür.

Onun dilindən qopan,

Hər kəlmə dür, incidir.

Biliklə haqqa çapan,

Dünyanın sevincidir.

Müəllimdir bu günün,

Gələcəyin kamalı.

Ən xoş sədanın, ünün,

Onunladır amalı.


3️⃣ Müəllim | Bəxtiyar Vahabzadə

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.


4️⃣ Müəllim | Nüsrət Kəsəmənli.

Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi,arzusu çaglayan ümman,
Həyatın ən uca sözüdür Müəllim!!!

Odur,insanlara düz yol göstərən,
Gözünün nurunu gözlərə verən,
Həyatda əyrini,doğrunu görən,
Dünyanın möhtəşəm duzudur Müəllim!!!

Ziyalı olmasa, kor olar millət,
Caynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür Müəllim!!!


5️⃣ Bir ömür var o müəllim ömrüdür.

Ətrafına işıq saçan, nur saçan
Ömürlərə çığır salan, yol açan
Yaşlandıqca, qocaldıqca ucalan,
Bir ömür var, o müəllim ömrüdür.

Ömrünü öyrətməklə keçirən,
Həkimləri,alimləri yetirən,
Həyatını bir şam kimi bitirən,
Bir ömür var o müəllim ömrüdür.

Müəllimlər doğma qalır, hər yadda,
Bir hikmət var, bu kəlmədə bu adda,
Şərəfiylə,qüruruyla həyatda,
Bir ömür var o müəllim ömrüdür.

Hökmranlar önündə baş əyməli,
Peşəsiylə öyünməli, öyməli,
Yazılmalı, baxılmalı, görməli,
Bir ömür var o müəllim ömrüdür.

6️⃣ MÜƏLLIMLIK | Səməd Vurğun.

Müəllimlik – bu bir incə sənətdir,

Bu yolu hər gedən olmalı incə.

Saralmaz bir çəmən o göyərincə,

Həyata pək yaxın bir məhəbbətdir.

Almanlar etmişdir çox kərə təkrar –

Mənimdir gələcək… müəllimim var…

Dinlə vətəndaşım! Belə bir şüar

Hər qəlbə tac verən bir fəzilətdir.

Qələlər, zindanlar, qorxunc diləklər,

Atəşli vicdanlar, çılğm ürəklər,

Üfqündə məbud bir boşluq bəklər,

Baxdımkeçmişlərə, bu həqiqətdir…

Ey göylər suları, sən boşalma, dol!

Tutduğun çiçəkli, reyhanlı bu yol

Hər qəlbə sevinclər vəd edər bol-bol…

Bu günün qayəsi çünki zəhmətdir.


7️⃣ Müəllim ömrü | Musa Yaqub

Saatlar…Otaqlar…
Hə,bu da bir gün…
Siniflər…Uşaqlar…
Hə,bu da bir gün…
Yenə zəng çalındı,çölə,içəri…

Ərit saatları,dəqiqələri.
Bir sinif dünyadır öz aləmi var,
O, oxşar ayları, illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.

Demə ki, keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitər
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır, anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçər

Adam var bulanıb,elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü.

Bir nankor tələbə dönüklüyündə,
Gah itər, yadlanar müəllim ömrü.
Birinin şanında, böyüklüyündə,
Uçar, qanadlanar müəllim ömrü.

İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

Oxşar yazılar:

2.4/5 - (16 votes)
loading...

Səbuhi Quluzadə

Öyrənməyi və paylaşmağı sevən biri

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button