Türkiyədə pulsuz təhsil almaq üçün şərtlər nədir?
Xarici ölkədə təhsil almaq artıq gənclər arasında prioritet seçimə çevrilib. Son dövrlər müxtəlif şirkətlərin beynəlxalq diploma sahib gənclərə üstünlük verməsi bu məsəlıni daha da aktuallaşdırıb. Beynəlxalq diplom dedikdə dünyanın istənilən ölkəsində aldığınız tədrisin sonunda sizə verilən rəsmi şəkildə bir çox dövlətlərdə tanınan diplomlar nəzərdə tutulur. Beləliklə, “Xarici ölkədə təhsil almaq istəyərsinizmi?” sualının cavabına müsbət cavab verməyən çox az tələbə tapılar. Əgər sualı biraz da ətraflı şəkilə salaraq, “Pulsuz təhsil almaq istəyərsinizmi?” deyə ünvanlasaq əminik ki, cavablar qəti şəkildə “bəli” olar. Sizin üçün faydalı olacağını düşünərək bu gün Türkiyədə pulsuz təhsil almaq imkanlarından danışacağıq. İlk olaraq gəlin Türkiyə və Türkiyədə təhsil almaq barəsində olan məlumatlarla biraz tanış olaq.
Türkiyədə təhsil almaq nə üçün prespektivlidir?
Avropa və Asiya arasında pəncərə rolunu oynayan Türkiyə coğrafiyası, iqlimi, rəngarəng şəhərləri, turistik bölgələri, sevgi dolu insanları, qonaqpərvərliyi, təhsili, bütün dünyada dillər əzbəri olan xidmət sektoru ilə qəlbləri fəth edir. Dünyanın dörd bir yanından buraya axın edən əcnəbilərin sayəsində ölkənin inkişafı sürətlə davam edir. Nəticədə yerli əhali arasında müasirliyə keçid, xarici dil biliklərinin daha tez mənimsənilməsi, müxtəlif sektorlarda yeniliklərin tətbiqi baş verir. Sözsüz ki, bütün bunların hamısı ölkənin təhsil sisteminə də öz təsirini göstərir. Nəticədə ali təhsil ocaqları dünya reytinq sıralarına düşmək üçün bütün səylərini səfərbər edirlər. Buraya gənclərin inkişafına dəstək olmağı özündə ehtiva edən burslu proqramlardan tutmuş özəl universitetlərə qəbul almağa qədər bütün fürsətlər daxildir. Çünkü, dünya üzrə universitetlər arasında nüfuz dəyərləndirilmələri özündə təhsil sisteminin keyfiyyətini, müasir standartların tətbiqini, tələbələr üçün yaradılan fürsətləri, təqaüdləri, təcrübə proqramlarını, məzun olduqdan sonra karyera uğurlarının reytinqini və s. əhatə edir. Beləliklə, qardaş ölkədə gənclər üçün Türkiyədə pulsuz təhsil, təqaüdlü təhsil almaq, tək attestatla tələbə olmaq kimi böyük imkanlar yaradılır. Elə ölkənin Təhsil Nazirliyinin 2023-cü il üçün hədəflərinin açıqlanması ilə bağlı yayımladığı reklam videosunda Türkiyənin yüz illiyinin təhsil əsri olacağını bildirərək bu istiqamətdə daha böyük uğurlara imza atılacağını bildirib.
Dünya üzrə yaxşı təhsil imkanlarını təklif edən universitetlərin reytinqini hazırlayan “News & World Report” şirkətinin 2022-ci ilə aid siyahısında Türkiyə 31-ci yerdə qərarlaşaraq bir çox ölkələri qabaqlayıb. Bəzi ölkələrdən fərqli olaraq Türkiyənin təhsil sistemində imtahan və yüksək bal toplamaq qaydası tətbiq olunur. Bunun sayəsində isə müxtəlif səviyyələr üzrə tələbələr təqaüd qazanmaq imkanı əldə edir. Bütün bunlarla yanaşı Türkiyədə təhsil almaqla bağlı qərar verməyiniz üçün kifayət qədər önəmli səbəblərdən bəzilərini təqdim edirik.
- Yüksək səviyyəli təhsil sistemi
- Pulsuz təhsil almaq şansı
- Məzun olduqdan sonra geniş iş imkanları
- Səmimi və mehriban insanlarla əhatələnmək
- Münasib yaşayış xərcləri
- Avropada və digər ölkələrdə tanınan beynəlxalq diplomlar
Türkiyədə pulsuz təhsil almaq üçün hansı imkanlar var?
Qardaş ölkə dünyanın dörd bir yanından gələn bütün əcnəbilərə Türkiyədə pulsuz təhsil qazanmaq imkanı yaradan təhsil ölkəsidir. Eyni zamanda universiteti bitirdikdən sonra ölkədə iş tapmaq imkanı son dərəcə yüksəkdir. Bununla yanaşı, yaşayış xərcləri digər Avropa ölkələri ilə müqayisədə bütün büdcələr üçün uyğun olması Türkiyədə pulsuz təhsil almaq xəyallarını daha əlçatan edir. Bəs gəlin görək qardaş ölkə tələbələrə hansı təqaüd proqramlarını təqdim edir?
Türkiyədə pulsuz təhsil almaq üçün əcnəbi gənclərin ən çox müraciət etdiyi proqram Türkiyə burslarıdır. Qardaş ölkənin universitetlərində boloniya sisteminin tətbiqi sayəsində Türkiyənin ali təhsil ocaqlarını bitirmiş tələbələr heç bir məhdudiyyət olmadan başqa ölkələrdə təhsillərini davam etdirə bilərlər. Eyni zamanda müxtəlif şirkətlərə müraciətlər zamanı diplomlar tam rəsmi formada tanınır.
Türkiyədə pulsuz təhsil almaq üçün hansı şərtlər tələb olunur?
Türkiyə təqaüd proqramına müraciət edə bilmək üçün əsas şərt Türkiyə vətəndaşı olmamaqdır. Digər şərtlər isə aşağıdakılardır:
Akademik səviyyə üzrə minimum göstərici faizləri:
- Bakalavr səviyyəsi proqramları üçün 70%,
- Magistratura və Doktorantura səviyyəsinə müraciətlər üçün 75%,
- Tibb, Stomatologiya və Əczaçılıq şöbələri üçün 90%.
Minimum Yaş
- Bakalavr proqramları üçün 21 yaşından kiçik olmaq,
- Magistratura proqramları üçün 30 yaşdan aşağı olmaq,
- Doktorantura proqramları üçün 35 yaşdan aşağı olmaq.
Türkiyə burslarına müraciət forması necədir?
Türkiyə təqaüdləri proqramına müraciət prosesi olduqca asandır. Namizədlərdən elan olunan qeydiyyat tarixləri aralığında öz ərizələrini www.turkiyeburslari.gov.tr ünvanına təqdim etmələri xahiş olunur. Qeydiyyat tarixləri adətən yanvar və fevral aylarını əhatə edir.
Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Şəxsiyyət vəsiqəsi və ya pasport
- Yaxın zamanlarda çəkilən pasport şəkli
- Yerli imtahan nəticələri
- Akademik transkriptlər
- Beynəlxalq imtahan nəticələri (müraciət olunan universitet tərəfindən tələb olunarsa)
- Dil imtahanı nəticələri (müraciət olunan universitet tərəfindən tələb olunarsa)
- Tədqiqat təklifi və əvvəlki tədqiqatların nümunəsi (yalnız doktorluq proqramları üçün)
Qiymətləndirmə və seçim prosesi necə həyata keçirilir?
Qiymətləndirmə və seçim prosesi ümumiyyətlə 4 mərhələdən ibarət olur.
İlkin qiymətləndirmə
Bu mərhələdə müraciətlər namizədlərin əsas tələblərə cavab verib-verməməsi baxımından qiymətləndirilir.
Siyahı
Bu mərhələdə namizədlər akademik səviyyələrinə və qabiliyyətlərinə əsasən müsahibə üçün sıralanır.
Müsahibə
Müsahibələr 100-dən çox ölkədə ekspertlər və akademiklər tərəfindən həyata keçirilir. Ümumilikdə təxminən 15-30 dəqiqə davam edən müsahibələrdə özünü təqdim etmə, sənədlərə baxış, namizədin motivasiyası, akademik bilikləri və məqsədləri kimi məsələlər qiymətləndirilir.
Son mərhələ
Namizədlər haqqında məlumatlar ətraflı incələndikdən sonra təqaüd almaq hüququ qazananların siyahısı tərtib olunaraq elan edilir. Elektron poçtlarla müsbət cavab alan namizədlər ölkədəki Türkiyə Respublikasının Səfirliyindən Türkiyəyə tələbə vizası üçün müraciətlərini təqdim etməlidir.
Türkiyədə pulsuz təhsil almaq üçün burs qazanan tələbələrin hansı xərcləri qarşılanır?
Türkiyə Təqaüdləri çox əhatəli tədris proqramı olaraq tələbənin əsas ehtiyaclarını qarşılayır. Proqramın əhatə dairəsi aşağıdakı kimidir:
Bakalavr tələbələri üçün
- Universitet və şöbəyə yerləşdirmə
- Aylıq ödəniş: 800 TL
- Xaricdə Təhsil haqqı
- Gediş-dönüş uçuş biletləri
- Sağlamlıq sığortası
- Universitet yataqxanasında yerləşmə
- 1 illik Türk dili kursu
Magistratura və doktorantura tələbələri üçün
- Universitet və şöbəyə yerləşdirmə
- Aylıq müavinət: 1100 TL
- Təhsil haqqı
- Gediş-dönüş uçuş biletləri
- Sağlamlıq sığortası
- Universitet yataqxanasında yerləşmə
- 1 illik Türk dili kursu
Türkiyədə pulsuz təhsil almaq gənclər üçün başqa nələr vəd edir?
Təqaüd proqramında gənclər üçün asudə vaxtlarının eyni zamanda sosial həyatlarının daha rəngarəng keçməsi də nəzərə alınıb. Beləliklə, tələbələr üçün müxtəlif konqreslərdə, proqramlarda, seminarlarda, beynəlxalq tələbə akademiyalarında, mədəniyyət günü görüşlərində, idman və incəsənət fəaliyyətlərində iştirak etmək imkanları yaradılır. Bu kimi tədbirlərdə iştirak edərək sevdiyiniz məşğuliyyətlərə zaman ayıra həmçinin özünüz üçün yeni dostlar qazana bilərsiniz. Türkiyə təqaüd proqramını uğurla bitirən məzunlar yüz minlərlə gəncin yer aldığı qlobal şəbəkənin bir parçasına çevrilir. Müvafiq təqaüd proqramını bitirən məzunlar dünyanın 160-dan çox ölkəsində karyeralarını uğurla davam etdirir. Bu barədə daha ətraflı məlumat almaq istəyənlər https://www.turkiyemezunlari.gov.tr/ saytına keçid edə bilər.
Türkiyədə pulsuz təhsil almaq üçün başqa hansı təqaüd imkanları var?
Türkdilli ölkələrin təqaüd proqramı
Türkdilli ölkələrdən gələn tələbələr bu təqaüd sayəsində həm iqtisadi, həm də sosial fəaliyyətlərdən yararlanmaq imkanı əldə edirlər. Təqaüd zonası ölkələrinə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan daxildir.
Beynəlxalq tədqiqatçılar üçün tədqiqat təqaüd proqramı
Türkiyədə təhsilini davam etdirmək istəyən əcnəbilər və ya tədqiqatçılar yuxarıda qeyd olunan Türkiyə təqaüd proqramı ilə yanaşı, TÜBİTAK-ın əcnəbilər üçün təqdim etdiyi təqaüdlərə də müraciət edə bilərlər.
Türkiyədə xarici tələbələrə təqaüd verən digər qurum və təşkilatlar
- Türk Bilim ve Mühendislik Lisans ve Yüksek Lisans Bursu
- Abdullah Gül Üniversitesi Kayseri (AGU) Lisans Bursu
- Yunus Emre Enstitüsü Yaz Değişim Programı Bursu
- Orta Doğu Teknik Üniversitesi (ODTÜ) Lisans Bursu
- İstanbul Ticaret Üniversitesi Lisansüstü Bursu
- Kültür ve Turizm Bakanlığı Vakıflar Genel Müdürlüğü Bursu
- Türk Patent ve Marka Kurumu ve Ankara Üniversitesi Dünya Fikri Mülkiyet Örgütü (WIPO) Bursu
- Veysel Karanı Türk-Yemen Vakfı Yemenli Öncüler Burs Programı
- Orta Doğu Teknik Üniversitesi (ODTÜ) Lisans Bursu
- İstanbul Ticaret Üniversitesi Lisansüstü Bursu
- Kültür ve Turizm Bakanlığı Vakıflar Genel Müdürlüğü Bursu
- Türk Patent ve Marka Kurumu ve Ankara Üniversitesi Dünya Fikri Mülkiyet Örgütü (WIPO) Bursu
- Veysel Karanı Türk-Yemen Vakfı Yemenli Öncüler Burs Programı
- Birleşmiş Milletler Mülteciler Yüksek Komiserliği Birleşmiş Milletler Bursları
- Dr. Fuat Sezgin İslam Bilim Tarihi Araştırma Vakfı (IBTAV) ve Kırıkkale Üniversitesi Fuat Sezgin İslam Bilim Tarihi Burs Programı