Şeirlər

Gözəl Şeirlər

Gözəl şeirler axtaranlar üçün tehsil.com.az saytı tərəfindən ən maraqlı və mənalı şeirləri bir araya toplayaraq sizlərə təqdim edirik .

1️⃣ SUAL | Zəlimxan Yaqub

Yuxu şirin, həyat acı,
Yatmısanmı, oyaqsanmı?
Ey ruhumun ehtiyacı,
Gözlərimə çıraqsanmı?

Yanımda qiymətin, qədrin,
Qəlbimdə hörmətin, xətrin,
Adamı öldürür ətrin,
Çiçək dolu budaqsanmı?

Ömrüm-günüm yaşıl tağdı,
Sevgin sağlam, eşqin sağdı.
Sinən üstü ağdan ağdı,
Yazılmamış varaqsanmı?

İşıqlıdır odun, qorun,
Sevgidədir gücün, zorun.
Yandırırsan korun-korun,
Odu sönməz ocaqsanmı?

Birim, pirim, bircə dənəm,
Sən sevilən, mən sevənəm.
Bu evin sahibi mənəm,
Sən bir qərib qonaqsanmı?


2️⃣ ANALAR | Hüseyn Arif

Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.

Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.

Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?


3️⃣  Sevgi şeiri | Əlibala Hacızadə

Bilməm nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində.
Tək sənin adını yazmışam gülüm
Qəlbimə min gözəl adın içində.

Eşqinlə çağlayan bir bülbül oldum
Sənə nəğmə oldum, qızılgül oldum,
Sən məni yandırdın, yanıb kül oldum
Mən səni qoymazdım odun içində.


4️⃣  “Tufan şamı” | Məhəmməd Hüseyn Şəhriyar.

Uzun illərdi könül şam kimi odlarda yanır,
Eşqi pərvanədən öyrənmiş o, əyləncə sanır.
Hanı nur çeşməsi, ey zülmətə dönmüş gecələr!
Canım atəşlər içində necə gör qarsalanır.
Dikmişəm göz üzünə, sanma təəccüblü bunu,
Könül uymur iki dünyaya, o müjganı anır.
Heç zaman sönməyəcək atəşimiz, çox itidir,
Güclü tufan kimi göz yaşlarımız dalğalanır!
Səpir ətrafına göz yaşlarımı, sevgili yar!
Gör könül qanı ilə gözdə neç dürr yaranır!
Zülfünü bir yana çəksəm, görünər ay tək üzün,
Bu hünər badi-səbadəndi bu eldə dolanır.
Qəlbimin Yusifi ki, olmuş əsiri qəminin,
Vermərəm mən iki dünyaya bunu, yar inanır.
Şəhriyar, köhnə hərifdir bu fələk, mən uşağam,
Könlümü şahmat edib gör necə əyləncə sanır.


5️⃣ Gözəl çəkir | Məmməd İlqar

İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən…
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?…

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən öimüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !


6️⃣ ÇIX QATAR YOLUNA | Baba Vəziroğlu

Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.
Vüsal meyvəsindən dada bilmədik,
Sənə hər meyvədən nübar göndərim…

Çıx qatar yoluna payız olanda,
Uçan durnalarla salam yetirim.
Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami , qəmi itirim…

Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin.
Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni…

Çıx qatar yoluna yağış yağanda
Başının üstündə çətir tutaram.
Çıx qatar yoluna, elə özüm də
Mənzilə yetməyən qərib qataram…

Çıx qatar yoluna hər axşam, səhər,
Çıx qatar yoluna, məni qarşıla.
Bəlkə bir ömürlük çəkdi bu səfər,
Mən gələ bilmədim, məni bağışla…


Qurban olum.. | Elvin Paşa

Saçlarına qurban olum
Saçlarını ağartma
Əllərinə qurban olum
Duaları unutma
Gözlərinə qurban olum
Ha tərəfə baxırsan?
Dillərinə qurban olum
Bilirsən ki gələrəm
Hansı yoldan çağırsan…
Ürəyinə qurban olum
Dərmanını içirsən?
Baxışına qurban olum
Nəyin dərdin çəkirsən?
Gülüşünə qurban olum
Necə gözəl gülüşdü
Ayağına qurban olum
Həyatımı dəyişdi…
Həyatına qurban olum
Çox oynama ocaqla
Qollarına qurban olum
Məni görsən qucaqla.
Allahına qurban olum
Aramızı qatırlar
Hərdən sən də qurban ol
Hərdən məni xatırla…

Sevgi şeiri | Turac Hilal.

Sən ruhumun kölgəsi, sən üfüqün çizgisi,
Şeirimin aşkarı ,ürəyimin gizlisi.
Hər kəsin misar-misra axtarıb tapmadığı.
Kimsənin çözmədiyi, kimsənin batmadığı.
Dünyanın ən sonuncu ,ən sirli möcüzəsi,
Balıqların nəğməsi ,kəpənəklərin səsi.
Xəyalımda itirib, gerçəyimdə tapdığım,
Nəfəsimdə ,könlümdə , canımda yaşatdığım.
Həm dərdim, həm dərmanım ,həm Kəbəm ,həm niyyətim,
Ən böyük qələbəmdir sənə təslimiyyətim.
Sən Tanrı sərgisinin ən mükəmməl əl işi,
Günəşin qürubudur kipriyinin enişi.
Min cəhənnəm qədərdir bir həsrət qığılcımı,
Qollarından öpərəm sanıb cənnət qucunu.
Səni elə sevdim ki, həsəd qoydum hər kəsi,
Heç bir nağılda olmaz bu sevgidən ötəsi.
Məni şair eyləyən eşq sənin əsərindir,
Bütün şeirlərimin ünvanı gözlərindir.
Oxuyanlar Leylidə yoxmuş bu hünər dedi,
Mənə “dəli” deyənlər, sənə “bəxtəvər” dedi.

BİR AZ MÖHLƏT İSTƏYİRƏM ÖMÜRDƏN Nəriman Həsənzadə
Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, –
Yarı yazdı, yarı payız, yarı qış.
Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, –
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz…

Məni gözəl xatırla şeiri (Müəllif: Mikayıl Müşfiq)
Məni gözəl xatırla, bunlar son sətirlərdir…
Fərz et ki, bir küləkdim əsib keçdim həyatından…
Yada bir yağış. Sel oldum küçələrində…
Sonra torpaq çəkdi suyu. Yox olub getdim…
Bəlkə də bir yuxu idim sənin üçün, oyandın və bitdim…
Məni gözəl xatırla…
Çünki sevdim səni mən. Hər şeyinlə…
Sənə sirdaş oldum, dost oldum. Çiynimdə ağladın…
Üzünə vurmadım heç bir əskikliyini…
Məni üzdün qınamadım, öyrəşdim vəfasızlığına. El oldun aldırmadım…
Məni gözəl xatırla…
Səhifələrcə məktub buraxdım sənə…
Şeirlər yazdım hər gecə, çoxunu oxutmadım…
Saxladım günahını, savabını içimdə. Səssizcə getdim…
Səndən əvvəlkilər kimi səndə anlamadın…
Məni gözəl xatırla…
Sənə unudulmaz anlar buraxdım. Sənə ən yorgun sabahlar…
Gülüşümü, gözlərimi… Sonra səsimi buraxdım…
Ən gözəl şeirləri oxudum gözlərinə baxa-baxa…
Söylənməmiş salamlar gizlətdim hər küncə…
Vidalar buraxdım dayanacaqda…
Nə axdarsan bir sevdanin içində artıqlamasıyla buraxdım ardımda…
Məni gözəl xatırla…
Dizlərimdə yatdığını düşün. Saçını oxşadığımı…
Xoşbəxt olduğun anları gətir gözünün önünə…
Birazdan qapını döyən insan olabiləcəyimi düşün…
Təəccübləndirməyi sevirəm bilirsən…
İndi səninlə yaşanan günləri atəşə verirəm…
Məni gözəl xatırla…
Gedirəm…

Bənzər yazılar:

4.4/5 - (74 votes)

Əlaqəli yazılar

Back to top button