Şeirlər

Maraqlı Şeir

Maraqlı şeirlərə aşağıdakı siyahıdan baxa bilərsiniz. Tehsil.com.az olaraq maraqlı hesab etdiyimi 6 şeiri sizlər üçün bir araya topladıq.


1️⃣Ey Həyat , Sən nə qəribəsən? | Cabir Novruz

Həyat necə qəribəsən.
Gecə əsən küləyinlə,
Gündüz qızmar günəşinlə.
Həyat necə qəribəsən?

Asta asta guruldayan.
Qəfil çaxan şimşəyinlə.
Gecələri aylı səma
Tək tək yanan ulduzunla.

Həyat necə qəribəsən.
Lal tək baxan dənizinlə.
Aldadaraq qucaqlayan.
Qəfil udan fırtınanla.

Həyat necə qəribəsən.
Düşman ikən dost sandıran.
Acı ikən şirin deyən.
Hər halına saf tək güvən,
Hiylən ilə qəribəsən.


2️⃣ Darıxır | Ramiz Rövşən

Bu nə təhər darıxmaqdı,
Axı, belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır,
Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim,
Evdə qalsam, ev-eşiyim,
Yol getsəm, yolum darıxır.
Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır.
Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır…


3️⃣ Müəllim Demə| Bayram Novruz

“Bəy” söylə, “yoldaş” de, “vətəndaş” çağır,
Hər yetən insana “müəllim” demə.
Bəlkə, heç pedaqoq deyildir fağır,
Müəllim olmayana “müəllim” demə.
Həkimə “həkim” de, polisə “polis”.
Nə vaxtdan müəllim olub mühəndis?
“Müəllim” deməsən, inciyər rəis?
“Cənab” de sən ona , “müəllim” demə.
Bilsən, dil nə çəkir sənin əlindən,
“Müəllim” kəlməsi düşmür dilindən.
Utan, xəcalət çək müəllimindən,
Ayıbdır, çobana “müəllim” demə.
Söz yersiz olanda qiymətdən düşər,
Mənası dəyişər, zinətdən düşər.
Müəllim özü də hörmətdən düşər,
Avama, nadana “müəllim” demə.
Sən də, Bayram Novruz, sözü dürüst de,
Yaxşıya yaxşı de, pisə də pis de.
Şair de, müxbir de, lap jurnalist de,
Hər yazı yazana “müəllim” demə!


4️⃣ VİCDAN ŞAHİDLİYİ | Bəxtiyar Vahabzadə

Hərdən əzab satar, qəm alar məni,
Mənim bu dünyada çox xatam olub.
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.

Səhvimə, xatama hamıdan qabaq
Şahid də, hakim də vicdandır ancaq.
Belə bir məqamda vəkil lal olur,
Haqq kəsir, yalansa payimal olur.
Şahidim, vəkilim, hakimim də mən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?

Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!
Vicdan şahidliyi! Bir hökmdar tək
Özünə çəkdiyin öz sinə dağın.
Vicdan şahidliyi! Özünü görmək,
Özünün özünə təslim olmağın.

Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?


5️⃣ Tale mənimlə oyun oynayır | Fikrət Qoca

Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi…
Vaxt keçdi…
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi…
Mən də zər atdım,
Zərim sə… birdi…
Əşi axırı birdi…


6️⃣ Millət necə tarac olur olsun, nə işim var?! | Mirzə Ələkbər Sabir.

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Açar Sözlər: Maraqlı Şeir, Maraqli seir, maraqli seirler

Oxşar yazılar:

3.5/5 - (328 votes)

Əlaqəli yazılar

Digər yazılar
Close
Back to top button